Çernobıl nüvə reaktorunun idarəetmə otağı turistlərin üzünə açılır

Çernobıl nüvə reaktorunun idarəetmə otağı turistlərin üzünə açılır.

Artıq Çernobıla gedən turistlər 1986-cı ildə partlayış baş verən 4-cü nüvə reaktorunun idarəetmə otağına girə biləcəklər.

Independent-in məlumatına görə turistlər idarəetmə otağında cəmi bir neçə dəqiqə qala biləcəklər. Onlar bura daxil olmazdan əvvəl xüsusi qoruyucu kombinezonlar geyinəcəklər.

Qeyd edək ki, 2011-ci ilə qədər hər hansı turist Çernobıla gedə bilməzdi. 2011-ci ildən sonra gedənlər isə, sadəcə, xüsusi nəzarət altında Pripyat şəhərini gəzə bilirdilər.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında baş verən partlayış 7000-ə yaxın insanın ölümünə, 25 min nəfərin güclü radiasiya nəticəsində ömürlük şikəst qalmasına səbəb olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranır.

 
Qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilib. Onların 2000 nəfəri şüalanmadan vəfat edib.