"Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq" - Joze Alesio

"Təlim-məşq toplanışına  dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso Everton və Carvalho Vilela Dos Santos zədə səbəbindən komandaya qoşula bilməyəcəklər".

Bu sözləri dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva keçirdiyi brifinqdə deyib.

 
"Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdir. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiniz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk” - deyə o bildirib.

Qeyd edək ki, təqvimə əsasən, Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq.