Avropa çempionatı: Şahmatçılarımız İsveçrə yığması üzərində qələbə qazanıblar

Oktyabrın 31-də Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının yeddinci turunun oyunları başa çatıb.

Kişi şahmatçılarımız İsveçrə komandasına 2,5:1,5 hesabla qalib gəlib. Qadın yığmamızın Gürcüstan komandası ilə qarşılaşması isə heç-heçə başa çatıb.

Aktivində 10 xal olan qadın komandamız liderlər qrupunda mövqeyini qoruyub saxlayıb (3-cü yer). Kişi şahmatçılarımız isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adına layiq görülüblər. Komandamız 2011-ci ildə qitə çempionatının gümüş, 2007-ci ildə isə bürünc medallarını qazanıb.

Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.