Çinin “BeiDou-3” naviqasiya sistemi üzrə daha bir peyk orbitə çıxarılıb

Noyabrın 5-də Çinin milli naviqasiya sistemi olan “BeiDou”nun 3-cü nəsli üzrə daha bir peyk orbitə çıxarılıb.

Peyk yerli vaxtla saat 1:43-də Sıçuan vilayətindəki Siçanq kosmik mərkəzindən “Long March-3B” raketdaşıyıcısı ilə buraxılıb. Bu, “BeiDou” naviqasiya sisteminin 49-cu peyki, “Long March” raketdaşıyıcısının isə 317-ci buraxılışı olub.

Peyk və raketdaşıyıcını Çin Kosmik Texnologiyalar Akademiyası, Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) alim və mütəxəssisləri hazırlayıblar.

Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “BeiDou” peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. “BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir. Orbitdə “BeiDou” sisteminin formalaşdırılmasının 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.

Şahin Cəfərov