Azərbaycan badmintonçusu “Cameroon International 2019” turnirində qızıl medal qazanıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Kamerunun paytaxtı Yaunde şəhərində keçirilən “Cameroon International 2019” turnirində qızıl medal qazanıb.

Yarışın 1 nömrəli favoriti sayılan E.Dviçayo mübarizəyə səkkizdəbir finaldan başlayıb. Birinci görüşündə əlcəzairli Məhəmməd Əbdüləzizə 2:0 hesabı ilə qalib gələn təmsilçimiz uğurlu başlanğıcı dörddəbir finalda da davam etdirib. Nigeriya təmsilçisi Qodvin Olofuanı ilk setdə çətinliklə məğlub edən badmintonçumuz, ikinci seti rəqibi üzərində aşkar üstünlüklə bitirib.

Yarımfinalda badmintonçumuzun rəqibi belçikalı Maksim Moreels olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə badmintonçumuz rəqibini 2:1 hesabı ilə məğlub edib. Dviçayo turnirin finalında Avstriya idmançısı Luka Vraberlə qarşılaşıb. Üç set davam edən görüşün yekununda Edi rəqibi üzərində 2:1 hesablı qalibiyyət qazanıb.

Turnirin qalibi adını qazanan E.Dviçayo hesabına 2500 reytinq xalı yazdırıb.