İdmançılarımız Türkiyədə uşu üzrə beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycan idmançıları Türkiyənin paytaxtı Ankarada uşu üzrə beynəlxalq “İpək Yolu” açıq Balkan turnirində 6 medal qazanıblar.

Turnirdə ölkəmizi təmsil edən Amal Məmmədov (40 kiloqram), Bahadur Əhmədov (56 kiloqram) və Hüseyn Şimiyev (85 kiloqramdan artıq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Elmir Əliyev (45 kiloqram) və Rüfət Ramazanlı (60 kiloqram) isə final mərhələsində uduzaraq gümüş medalla kifayətləniblər. Mehdi Salmanov (70 kiloqram) isə yarımfinal mərhələsində məğlub olsa da bürünc medalı əldən verməyib.

Azərbaycan komandası yarışda məşqçi Rəşad İsayevin rəhbərliyi altında mübarizə aparıb.

Qeyd edək ki, beynəlxalq turnirdə ölkəmizdən başqa, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 1800-ə yaxın idmançı qüvvəsini sınayıb.