Beşbarmaq: müqəddəs dağın görünməyən tərəfləri

Rəşid Fətəliyev AMEA-nın akad.H.Əliyev ad. Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru    

Dünyada dağlar çoxdur, onların bəzilərini insanlar müqəddəs hesab edirlər. Dağları müqəddəs yapan onların  möhtəşəmliyi, ucalığı, məğrurluğu və bir də Allaha yaxınlığıdır. Elə bu səbəbdəndir ki, Yer kürəsinin quru hissəsinin 24 faiz ərazisini əhatə edən dağlara dilindən, dinindən və irqindən asılı olmayaraq insanlar tərəfindən xüsusi rəğbət, sevgi və inam mövcuddur. İnsanlar müqəddəs saydıqları dağlara öz dini inanclarına uyğun adlar vermiş və onları sitayiş obyektinə çevirərək barələrində zaman-zaman müxtəlif miflər yaratmışlar. Məsələn, qədim türklər Tyan-Şan dağlarının ən yüksək zirvələrindən birini Xan Tenqri (6995 m), yəni “Göylərin hakimi, Tanrısı”, tibetlilər dünyanın ən hündür zirvəsini isə Comolunqma (8848m), yəni “Yerin Allah Anası” adlandıraraq, dağlara necə önəm verdiklərini ifadə etmişlər. Yunanlar Olimp dağını, yaponlar Fuci dağını (Fudziyama), hindlilər Kaylas dağını, dünya xristianları, yəhudilər və müsəlmanlar isə Sina  və ya Musa dağını müqəddəs hesab edərək, hər il o dağları ziyarət edir və müxtəlif dini ayinləri yerinə yetirirlər. Müqəddəs dağlar nəinki, hər il yüz minlərlə zəvvarın ziyarət etdiyi dini məkan, həm də  etno,-eko- və geoturizm üçün çox maraqlı turizm obyektləridir.

Bəs, bizdə necə, belə dağlar varmı?-Bəli, var. Əksər dünya xalqları kimi biz də dağları sevirik, onlara hüsn-rəğbətimiz var və bəzilərini də müqəddəs bilib ziyarət edirik. Babadağ, Qoşqar, Ocaqdağ, Ziyarətdağ, Haçaqaya və adını çəkmədiyim daha bir neçə dağ bu kimi məkanlardan sayılır.

Bir çox soydaşımızın müqəddəs hesab etdiyi belə dağlardan biri də - Bakı-Quba yolunun sol tərəfində, paytaxtdan cəmi 85 km məsafədə yerləşən və öz əzəmətli görünüşü ilə istər-istəməz hər kəsin diqqətini cəlb edən - Beşbarmaq dağıdır. Onu görməmək, sadəcə, mümkün deyil! Sanki uca Yaradan Qurani-Kərimin “Ğaşiyə” surəsinin 19-cu ayəsində buyurduğu kimi: “Baxmırlarmı ki, dağlara, necə dikəldilmişdir.”- deyərkən, insanlara dağların əzəmətini anlatmaq üçün nümunə kimi məhz bu dağ-qayanı nəzərdə tutmuşdur. Hər dəfə ölkəmizin şimal bölgələrinə yolum düşəndə onu yaxından seyr etmək, göylərə uzanan ucu şiş “barmaqlarına” toxunmaq istəyirdim, imkan olmurdu. Nəhayət, istəyimi reallaşdırmaq üşün bu günlərdə geoloq həmkarım Ağamahmud Səmədovla ora yollandıq – dağı tədqiq etmək üçün.

Həftəarası, isti payız günlərindən biri idi. Giləzi qəsəbəsini keçəndən sonra, magistral yolun təxminən 70-ci km-dən etibarən, sol tərəfdə sıralanan alçaq, boz dağların üzərində Beşbarmaq dağının (əslində qayasının) silueti aydın görünməyə başlayır. Zarat kəndini də keçirik və budur, bu da məşhur Beşbarmaq piri - eyniadlı qayanın düz ətəyində,  yolun kənarında tikilmiş günbəzli ağ bina. Ona el arasında Xıdır-Zində piri də deyirlər. Rəvayətə görə Xızır (xalq tələffüzündə Xıdır) peyğəmbər bu dağda “dirilik suyu” içmiş və ölməzlik qazanmışdır. Rəvayətlər, miflər öz yerində, onlar da şifahi xalq yaradıcılığının məhsullarıdır, onlarda tarixi reallıqların olub-olmamasını müvafiq elm sahələrinin mütəxəssisləri araşdırarlar, amma bir geoloq kimi bizi maraqlandıran  Beşbarmaq qayasının ətraf süxurlardan və laylardan fərqli litoloji tərkibə və struktur-tektonik quruluşa malik olmasının səbəbləri idi. Təbii ki, geoloji ədəbiyyatlarda bu yöndə gərəkli məlumatlara rast gəlmək mümkündür, amma bu qeyri-adi qaya ilə “təmas qurmaq”, onun daşlarına “sığal çəkmək” və tarixini “vərəqləmək” imkanı bir geoloq üçün önəmli şansdır. Sərt maili yamacda dik dayanmış qaya pirin yanından, xüsusən şimal-şərq tərəfdən daha möhtəşəm görünür. Aşağıdan baxanda o, kökləri yerin dərin qatlarına işləmiş nəhəng bir ağacın qırılmış gövdəsini xatırladır. Onu “səhra aysberqi”nə bənzədənlər də olub, lakin onun arxa tərəfdən-qərbdən görünüşü, həqiqətən, adına layiqdir-yarıaçılmış ovucun beş barmağına daha çox oxşayır. Ora yollanırıq.

Yoldan düzünə iki kilometr məsafədə yerləşmısinə baxmayaraq, dağa dik yamacla qalxmaq o qədər də asan deyil və bir qədər təhlükəlidir, belə ki, yuxarıdan hər an qaya parçası qopub düşə bilər. Qayanın ətəyində qalaqlanmış daş yığınları belə deməyə imkan verir. Maşınla isə bir xeyli tozlu-torpaqlı yol qət etmək lazımdır. Əsas magistraldan sola ayrılıb, əvvəl yolüstü, sonra kanalüstü körpünü keçdik, üzü yoxuşa təxminən 4-5 km gedəndən sonra gəlib çatdıq dağın arxa tərəfində nisbətən çökək, geniş və düzən bir sahəyə. Bura pirin qurbangahıdır. Ərazidə üstüörtülü tikililər, tək-tük ağac və suyu çox zəif axan bir bulaq var. Deyilənlərə görə, buralar dini bayramlarda qələbəlik olur, amma indi ins-cins gözə dəymirdi. İstidən, yağışdan qorunmaq və qurban ayinlərinin rahat yerinə yetirilməsini nəzərdə tutan alaçığabənzər tikililərin baxımsız görkəmi və ətrafdakı tullantılar, natəmizlik bir ziyarətgah üçün arzuolunmaz haldır və təəssüf doğururdu.

Qurbangahdan sağ tərəfə uzanan torpaq yolla bir qədər də yuxarı qalxıb, sola buruluruq və gəlib düz qayanın dibinə yaxın bir yerdə dayanırıq. Bura nisbətən geniş, 15-20 maşın yerləşə bilən, düzləndirilmiş bir sahədir. Başqa iki maşın da vardı, yolda tanış olduğumuz almanların ev-maşını da burada idi. Ər-arvad olan alman turistlər dünya səyahətinə çıxmışdılar, buraya Qazaxıstandan gəldiklərini və Beşbarmağı görmək istədiklərini söyləmişdilər. İşə baxın, mənbələrin yazdığına görə, hələ XVII əsrdə Adam Oleari adlı bir alman səyyahı (bəlkə də bu almanların ulu babası) bu yerlərə səyahət etmiş və tərtib etdiyi xəritəsində Beşbarmaq dağını “Barmax” kimi göstərmişdir. 

Dayandığımız yer Beşbarmaq qayasının dikəldiyi silsilənin yalı, aşırımıdır və dəniz səviyyəsindən 477m yüksəklikdə yerləşir. Gurbangahdan bura piyada qalxmaq üçün təxminən 500 pilləkən çıxmaq lazımdır. Buradan, qayanın cənub tərəfindən müdafiə səddinin davamı olan qala divarlarının nisbətən salamat qalmış qalıqları çox aydın müşahidə olunur. Qayanın özünə çatmaq üçün isə təxminən  60-70 pilləkəni də çıxmaq lazımdır və tanış alman turistlərlə ora qalxırıq. Hər 10-15 metrdən bir pilləkənlərdə oturan qadın dilənçilərin israrla nəzir istəməsi  əhvalımızı tamam korladı. Pilləkən yol qədim qala divarlarının  yanından keçərək bizi qayanın arxasındakı geniş, bir qədər maili düzənliyə gətirdi və budur, vertikal çatlarla bir-birindən ayrılmış, şiş ucları ilə göylərə yüksələn beş dev kimi nəhəng qayanın əsl görünüşü! Möhtəşəm görüntüdür, sanki təbiətin yaratdığı “Alov qüllələri”dir. Yaxşı ki, qaya kompleksi bir qədər əks tərəfə meyllidir, bu onun  təhlükəlilyini xeyli azaltmış olur, amma  səthindəki aşınma izləri və çatlar,  ərazinin tam təhlükəsiz olmadığından xəbər verir.   Ətrafda qala divarlarından savayı heç bir tikili əlaməti gözə dəyməsə də, ehtimal ki, bu geniş sahə qalanın iç ərazisi imiş. Eni bir metrə yaxın qala divarlarının inşasında material kimi əsasən yerli qaya daşı parçalarından və bir qədər də bişmiş kərpicdən istifadə edilmişdir. Təəssüf ki, qala divarlarının çox hissəsi uçub tökülübdür.

Beşbarmaq qayasının lap yuxarısına qalxmaq üçün ensiz daş və dəmir pilləkənlərlə, dar cığırla, bəzən bir-birinə söykənmiş qayalar arasından sivişib keçərək son nöqtəyə gəlib çatdıq. Klaustrofobiyası (dar, qapalı yer qorxusu) və ya akrofobiyası (hündürlük qorxusu) olanların bura çıxması məsləhət deyil. Zirvəyə çatsaq da qayanın şiş ucları daha 15-20 m yüksəlir və ən yüksək nöqtəsi dəniz səviyyəsindən 555m (rəqəmlərə fikir verirsinizmi!?) hündürlükdədir. 5-10 adamın güclə yerləşə biləcəyi bu nahamar məkanda üstüörtülü kiçik bir otaq və yanında, iki qayanın arasında namaz qılmaq üçün bir hücrə var və hər ikisinin döşəməsi xalça-palazla örtülübdür. Otaqda divarlardan dini şəkil və əşyalar asılıb, girəcəkdə isə ağzı qıfıllı nəzir qutusu qoyulubdur. İçəridə olan 40-45 yaşlı, qısa qarasaqqal, ortaboylu, bir kişi özünü pirin nəzarətçisi kimi təqdim etdi. Yaşına görə xeyli cavan görünən Mirsaleh adlı pir nəzarətçisi hər gün dağa qalxaraq bu məkana gəldiyini bildirdi (yəqin ona görə belə sağlam və cavan görünür). Mənim ziyarətgahdakı təmizlik, təhlükəsizlik, dilənçilərin çoxluğu və davranışları barədə etdiyim iradlarla razılaşdı, eyni zamanda ziyarətgahın abadlaşdırılması üçün yığılan  ianələrin, nəzirlərin yetərli olmamasını və dilənçi qadınlarla bacarmadıqlarını dilə gətirdi və aşağıda, magistral yolun kənarındakı əsas pirdən fərqli olaraq, bu məkanın Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində olmadığını bildirdi. Mirsaleh maraqlı bir əhvalat da danışdı: sabiq, çox imkanlı nazirlərdən biri nazir işlədiyi zaman bura ziyarətə gəlib və iki dəstə yüzlük ABŞ dollarını nəzir kimi dilənçilərə paylayıb, halbuki, o qədər vəsaiti ziyarətgaha ianə kimi versəydi, xeyli abadlıq işi görə bilərdik – dedi. Düşündürücü məqamlardır, elə deyilmi?- illərlə xalqı, büdcəni tala, sonra da  ziyarətgahlarda dilənçilərə nəzir-niyaz paylamaqla günahlarını yumağa çalış. Nə isə... Mirsalehlə sağollaşıb tədqiqatımızı davam etdiririk.

Baxış bucağı böyk olmasa da buradan aşağılara - Xəzər dənizinə, onun üfüqə dirənən tünd yaşıl sularına, ensiz sahil düzənliyinə və Bakı-Quba magistral yoluna heyrətamiz bir mənzərə açılır və dəniz tərəfdən ilk görünən də bu qayadır. Ona görə Beşbarmaq dağı dənizçilər üçün uzun illərdir ki, təbii mayak rolunu onayır. Qayanın bu tərəfi sərt sıldırımdır, dibi görünməyən uçurumdur və etiraf edim ki,  təhlükəlidir. Pis hava şəraitində buraya çıxmaq, xəbərdarlıq yox, ümumiyyətlə qadağan olunmalıdır (əlbəttə, edən olsa).

Başqa bir məqam: şimal-qərbə və cənub-şərqə doğru genişlənən Xəzərsahili düzənliyin ən ensiz, dar yeri də bu nöqtədədir- dənizlə dağ arasındakı məsafə cəmi 2.5 km-dir, yəni təbii sədd olan Böyük Qafqaz sıra dağları Xəzər dənizinə ən çox burada yaxınlaşır.  Bu səbəbdəndir ki, Sasanilər imperiyasının sərhədlərini şimaldakı köçərilərin hücumundan qorumaq üçün IV-VII əsrlərdə tikilmiş  üç müdafiə səddindən (Beşbarmaq, Gilgilçay və Dərbənd) birincisi məhz burada inşa edilmişdi. Təəssüf ki, qala divarlarının salamat qalmış fraqmentlərindən başqa o sədd zəmanəmizə qədər gəlib çatmayıb.

Qayanı təşkil edən süxurlar isə çox bərkdir, möhkəmdir, geoloji ədəbiyyatda mərmərləşmiş əhəngdaşı kimi qəbul edilir, amma daha çox dolomitləşmiş əhəngdaşlarına oxşayır (analiz üçün nümunələr götürmüşük). Beşbarmaq qayasının özəlliklərindən biri də onun geoloji yaşı və ərazidə tektonik mövqeyidir. Təsəvvür edirsinizmi, bu süxurlar 150 milyon il öncə (Mezozoy erasının Üst Yura dövrü) dənizin dibində əmələ gəlmiş və sonrakı tektonik proseslər nəticəsində sıxışdırılıb əmələ gəldiyi yerdən xeyli uzaqlara sürüklənərək gətirilmiş və yaşı özündən daha cavan - 120 milyon il olan (Alt Təbaşir dövrü) süxurların üstünü örtük kimi qapamışdır. Əvvəllər daha massiv olsalar da baş vermiş tektonik hərəkətlər nəticəsində çatlar yaranmış və zaman-zaman bu çatlar ekzogen proseslərin (külək, qar, yağış, şaxta, isti) təsirindən aşınaraq genişlənmişdir. Nəticədə müvazinətini itirən qaya parçaları aşağılara yuvarlanmışdır. Proses indi də davam etməkdədir. Oxucuları elmi-geoloji terminologiya ilə yormamaq xatirinə qısa olaraq demək istəyirəm ki, öz ekzotik görünüşü, geoloji yaşı və tektonik mövqeyi ilə Beşbarmaq qayası mükəmməl bir təbiət abidəsidir və özünə turist axını cəlb edə biləcək möhtəşəm geoturizm obyektidir.

Vaxtılə Kiçik Qafqaz dağlarında geoloq işləyərkən çox hündür, hətta 3000m-dən yüksək dağlara (Murov, Dəlidağ, Qoşqar) çıxardım. Oralardan aşağıları seyr etmək sözlə ifadə edilə bilinməyəcək qədər  bir hiss, bir həyacandır. Qəribədir ki, hündürlüyü həmin dağlara nisbətən xeyli az olan Beşbarmaq dağında da mən həmin hissləri yaşadım, burda, bu yüksəklikdə də sanki bəşəri problemlərdən uzaq bir yüngüllük, çəkisizlik hiss edirsən. Qaya daşlarına əl vurarkən elə bil qəlbinə bir sakitlik, hüzur dolur və sanki qayaların “genetik yaddaşı”na hopmuş qədim dənizlərin pıçıltısını duyursan.

Daha bir məqam: söyüdyarpaq armuddan  başqa heç bir ağac bitməyən bu çöl-yarımsəhra ərazidə, qayanın başında bir neçə yerdə cır əncir kolunun bitməsi məni xeyli təəccübləndirdi, hətta ən yuxarıda qaya çatlarında özünə yer eləmiş əncir kolları Beşbarmaq dağının ətrafdan fərqli mikroiqlimə, məxsusi bir auraya malik olduğunun göstəricisidir.

Mən insanların miflərə, rəvayətlərə inanmasının əleyhinə deyiləm. Bu, insanların haqqıdır, hüququdur. Minlərlə zəvvar çarəsiz qaldıqları maddi və ruhi vəziyyətlərdən çıxmaq üçün ziyarətgahlara üz tutur, Yaradana dualar edir,  qurbanlar kəsir və nəzir-niyaz paylayırlar. Xüsusilə,  əlamətdar dini günlərdə heç bir rəsmi qurum tərəfindən idarə olunmayan belə yerlərdə qələbəlik olur,  bir xaos, kor-təbiilik hökm sürür, insanların ətraf mühitə, təbiətə qayğısız münasibəti, təhlükəsizliklə bağlı tədbirlərə laqeydliyi müşahidə olunur.  Amma unutmamalıyıq ki, Beşbarmaq - ilk öncə nadir təbiət abidəsidir, sonra tarixi-etnoqrafiya abidəsidir və ondan sonra, həm də insanların inanc yeri-zıyarətgahdır. Buranı dövlətin diqqətindən kənarda qoymaq, onu bir qrup adamın yalnız gəlir mənbəyinə çevirmək yox, onun qayğısına qalmaq, abadlaşdırmaq, turistləri cəlb etmək, milli-mənəvi dəyərlərimizi təbliğ etmək  lazımdır. Tanış olduğumuz alman turistlərin təbiət abidəsi kimi Beşbarmağa necə heyranlıqla tamaşa etdiyinin şahidi olduq. Və dilənçi qadınların bir-birlərinə aman vermədən əllərini açıb “mani, mani” deyərək onlara hücum çəkdiklərinin də şahidi olduq. Bu acı mənzərənin təəssüratını hələ də yaşamaqdayam. Bayaqdan yarı ingiliscə, yarı ispanca bir təhər onlara izah etdiyim milli-mənəvi dəyərlər bir anda heçə endi. Avropasayağı  baxıb gülümsəsələr də, nə düşündükləri aydın idi, xəcələt təri məni basdı. Bu hələ harasıdır, qayıdanbaş Beşbarmaqdan 1-2 km aralıda, yolda durub həmkarımla işlərimizi müzakirə edirdik. Ziyarətgah tərəfə gedən bir “Juquli” yanımızda dayandı və sürücü - 45-50 yaşlı bir kişi düşüb bizə yaxınlaşdı. Salam verib nə desə yaxşıdı?- “mən də bu yolları düzəldirəm”- deyib, əllərini qabağa uzatdı və ovuclarının içini göstərərək - “baxın, işləməkdən əllərim də qabar olub” – dedi. Çaşıb qalmışdıq, dedim ki, sağ olun, Allah sizdən razı olsun. O isə: “ yox ee, baxın, görün nə kömək edə bilərsiniz, nəzirdən-filandan”- dedi. Bax, burda söz bitir, insanlıq bitir.  Bunlar olmasın deyə, biri-birimizin əlinə deyil, üzünə dik baxaq deyə, Beşbarmaq dağındakı vəziyyəti nizamlamaq lazımdır, özü də nə qədər tez olsa, o qədər yaxşıdır, çünki dilənçilik, onun-bunun hesabına yaşamaq, qazanmaq psixologiyası ətrafda getdikcə daha çox adamı əhatə etməkdədir. Və bir də olduqca vacib olan təhlükəsizlik məsələsi ciddi diqqətə alınmalıdır.

Beşbarmaq dağının tədqiqinə xoş xəyallarla getsək də dolu problemlərlə qayıtdıq və bu problemlərin həlli məqsədilə aşağıdakı təklifə müvafiq qurumların diqqət yetirməsi məqsədəuyğun olardı.

Təklif: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Turizm Agentliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Siyəzən Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə AMEA-nın müvafiq institutlarını cəlb etməklə Beşbarmaq dağı ziyarətgahının gələcək fəaliyyətinin nizamlanması və Beşbarmaq  təbiət-tarixi abidəsinin Azərbaycanın ildən-ilə artan turizm potensialına daha sıx inteqrasiya edilməsi məqsədilə təkliflər paketi (layihə) hazırlayıb hökumətə təqdim etsinlər.

Təkliflər paketində (layihədə):

-                  Beşbarmaq dağının statusunun müəyyən edilməsi, onun birgə idarəçiliyinə dair müəyyən bir qurumun yaradılması;

-                     Əraziyə normal yolun, su, işıq və kanalizasiya xətlərinin çəkilməsi və ərazinin müasir səviyyədə abadlaşdırılması;

-                     Dağa çıxan zəvvarların və turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi;

-                     Ərazidə arxeoloji, geoloji və geomorfoloji tədqiqatların aparılması;

-                     Qala divarlarının bərpası və konservasiyası;

-                     Beşbarmaq dağının təbiət-tarixi abidəsi olaraq turizm obyekti kimi təbliği;

-                     Ərazidə dilənçilik edənlərin  məşğulluq məsələləri və s. öz əksini tapmalıdır.

Sonda bir daha vurğulamaq istərdim: mən heç kimin inancına qarşı deyiləm və heç kimin ziyarət hüququnun məhdudlaşdırılmasını da arzulamıram, amma bütün bunlar sivil, yəni urvatlı şəkildə, səliqə-səhmanla və təhlükəsiz yerinə yetirilməlidir ki, Allahın adına layiq olsun və edilən  mübarək dualar həyata keçsin, verilən nəzir-niyazlar qəbul edilsin. Uzağa getmək lazım deyil, artıq nümunə də var - Naxçıvandakı Əhabi-Kəhf ziyarətgah kompleksi. Və ancaq bu yolla təbiət və tarixi abidələrimizə turist axını cəlb edə bilərik, onları və əsrlərin dərin qatlarından gələn milli-mənəvi dəyərlərimizi dünyaya lazımı səviyyədə tanıda bilərik.