ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi beş ştatda koyotların məhv edilməsi üçün “sianid bombası”ndan istifadə olunması təklifini bəyənib

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi beş ştatda koyotların (çəmənlik canavarları) məhv edilməsi üçün “sianid bombası” adlanan M-44 qurğusundan istifadə olunması təklifini yenidən dəstəkləyib. Bu qurğudan istifadə edilməsi avqust ayında müvəqqəti dayandırılmışdı.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin Pestisidlər üzrə Proqramlar İdarəsi ABŞ Kənd Təsərrüfatı Nazirliyinin vəhşi təbiət problemləri il məşğul olan agentləri tərəfindən istifadə edilmək üçün bəyənilmiş qurğuların təhlükəsizlik baxımından təkmilləşdirilməsini elan edib. Bu qurğulardan Cənubi Dakota, Texas, Montana, Vayominq və Nyu-Meksiko ştatlarında ev heyvanlarının “qənimi” olan yırtıcıları məhv etmək üçün istifadə edilirdi.

Agentlik əvvəlcə bu qurğulardan istifadə edilməsinə razılıq verib, lakin sonradan, bu ilin yayında onu bir daha araşdırmaq üçün razılığını geri götürüb. Bu qurğular yırtıcını aldadıcı yemlə cəlb edir, sonra isə heyvanın ağzına toksik natrium-sionid püskürür. ABŞ ekologiya təşkilatları buna görə agentliyi tənqid edib və M-44 qurğusundan istifadə olunmasını “qəddarlıq” adlandırıblar.

M-44 qurğularının istifadə edildiyi ştatların bəzi sakinləri federal orqanları məhkəməyə veriblər, çünki qarşılarına bu qurğular çıxan ev itləri çox vaxt ölümlə üzləşir. Federal hökumət bir ailəyə dəymiş ziyana görə 150 min dollar ödəyib. Aydaho ştatında ictimai torpaqlarda M-44 qurğusundan istifadə edilməsinə müvəqqəti moratorium elan edilib. Kolorado və Oreqon ştatlarında bu qurğular qadağan edilib.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin nümayəndələri bildiriblər ki, M-44 qurğusundan istifadə edilərkən yeni təhlükəsizlik metodları tətbiq olunacaq. Məsələn, yaşayış evlərindən 200 metr, həmçinin hər hansı yollardan və ya avtomagistrallardan 100 metr əhatəli bufer zonalarında bu qurğulardan istifadə edilməsi məhdudlaşdırılıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi yanında Vəhşi Təbiətin Mühafizəsi Xidməti tərəfindən dərc edilmiş məlumata görə, keçən il Birləşmiş Ştatlarda M-44 qurğuları vasitəsilə 6500-dən çox heyvan öldürülüb. Bunlar, əsasən, koyot və tülkülərdir. Heyvanları Müdafiə İnstitutunun nümayəndəsi Marcori Fişman isə bildirib ki, 2017-ci ildə M-44 qurğuları vasitəsilə azı 13232 heyvan, o cümlədən tülkü, opossum, yenot, skuns və ayı öldürülüb.

Lakin heyvandarlar və heyvandarlıq komplekslərinin sahibləri agentliyin bu qurğulardan istifadə olunmasına yenidən razılıq verməsini alqışlayıblar.

Yusif Babanlı