İranın İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi BMT-nin hesabatına etiraz edib

İranın İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi BMT-nin hesabatına etiraz edib.

Mərkəz bununla bağlı xüsusi açıqlama yayıb. Açıqlamada deyilir ki, İranda insan hüquqlarının pozulması ilə əlaqədar BMT-nin hesabatı faktlara deyil, şaiyələrə əsasən hazırlanıb. İranda insanların kütləvi etirazlarına qadağa qoyulmayıb. Noyabrın 15-da benzinin qiymətinin yüksəlməsinə etiraz edənlarin hüquqları tanınır. BMT-nin hesabatında deyildiyi kimi, Tehranda və digər şəhərlərdə etiraz edənlər yox, ictimai-siyasi sabitliyi pozanlar, dövlət və şəxsi mülkləri yandırıb dağıdanlar həbs ediliblər.

BMT-nin hesabatında iğtişaşlar zamanı ölənlərin sayı həddən artıq şişirdilib. Polisə silahlı müqavimət göstərmək əvvəlcədən planlaşdırılmışdı və bu terror aksiyası idi. Dinc etiraz aksiyasında iştirak edənlərdən heç kim cəzalandırılmayıb.

Mərkəzin açıqlamasında bildirilik ki, əgər BMT insan hüquqlarının müdafiəçisi qismində çıxış edirsə, onda ABŞ-ın İrana qarşı tətbiq etdiyi qanunsuz sanksiyalara da qarşı çıxmalıdır. Bu sanksiyalar nəticəsində milyonlarla insanın hüquqları pozulur.

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiymətinin hökumət tərəfindən qaldırılması ölkədə kütləvi etirazlara səbəb olmuşdu. Bir qrup etirazçı bank, benzin doldurma məntəqələrini və iri ticarət mərkəzlərini yandıraraq dağıtmışdı.

Həbs olunanların məhkəmə prosesi davam edir. İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi məhkəmə orqanlarına müraciət edərək həbs olunanlara qarşı humanist davranmağı tövsiyə edib.

Rabil Kətanov