"Qalx və oyna, sən kişisən!" - Mourinyo

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo futbolçusu Son Hın Minin qırmızı vərəqə aldığı epizodu şərh edib.

 27 yaşlı hücumçu İngiltərə Premyer Liqasınının 17-ci turunda "Çelsi" ilə matçda  rəqib futbolçu Antonio Rüdigerlə toqquşmadan sonra təpiklə onun qarnına vurub. Rüdiger qarnını tutaraq yerə yıxılıb. Bu hərəkətinə görə Son qırmızı vərəqə ilə cəzalandırılıb.

 
"Sky Sports"a danışan portuqaliyalı mütəxəssis baş verənlərlə bağlı deyib: "Ümid edirəm ki, Premyer Liqa olduğu kimi qalacaq və gələcəkdə də belə olacaq. Mən irqçi şüarlar haqda yox, Sona verilən qəribə qırmızı vərəqədən danışmaq istəyirəm. Premyer Liqada Rüdigerin etdiklərinə yer yoxdur. Qalx və oyna, sən kişisən! Bura İngiltərədir! Bu, Latın Amerikasında, Portuqaliyada, İspaniyada və ya İtaliyada edilə bilər. Belə hərəkətlər onlar üçün xarakterikdir, İngiltərənin çempionatı üçün yox".