Almaniya hərbi təlimatçılarını İraqdan çıxarmağa hazırdır

Almaniya hərbi təlimatçılar kontingentinin bir hissəsini İraqdan Küveytə və İordaniyaya keçirməyə hazırdır.

Bu barədə Almaniyanın Xarici İşlər naziri Hayko Maas və Müdafiə naziri Anneqret Kramp-Karrenbauer Bundestaqa ünvanlanan məktubda qeyd ediblər. Kadr dəyişikliyi Ət-Taci və Bağdad şəhərlərindəki bazalarda xidmət edən təlimatçılara aiddir. Nazirlər, həmçinin bildiriblər ki, İraq tərəfində tələbat yaranarsa, Bundesver ölkədə qala bilər.

Hazırda İraqda Bundesverin təxminən 120 mütəxəssisi xidmət edir. Onlar yerli hərbçilərin təlimi ilə məşğuldur. Almaniya mətbuatının məlumatına görə, 32 əsgər artıq İordaniyada yerləşdirilib.

Xatırladaq ki, İraq Nümayəndələr Şurası (parlament) yanvarın 5-də keçirilən təcili iclasında hökumətdən ölkədəki xarici qoşunların mövcudluğuna son qoymağı və terror əleyhinə beynəlxalq koalisiya ilə təhlükəsizlik barədə saziş çərçivəsində fəaliyyəti dayandırmağı tələb edən qətnamə qəbul edib.

İclas ABŞ-ın yanvarın 3-də Bağdad aeroportu rayonuna endirdiyi raket zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin və “Əl-Haşd əş-Şaabi” qruplaşması komandirinin müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsindən sonra ölkədə vəziyyətin gərginləşməsi fonunda keçirilib.