İran ABŞ-ın hərbi bazasına azı 35 raket zərbəsi endirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ABŞ-ın İraqdakı "Ayn əl-Əsəd" hərbi-hava bazasına azı 35 raket zərbəsi endiriblər.

 "RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə "Tasnim" agentliyinə mənbə bildirib.

Mənbə deyib: "Hazırda İraqdakı "Ayn əl-Əsəd" bazasına azı 35 dəfə hücum edilib".

Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

 
Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib.

Bir müddət sonra İran qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. Zərbələr raketlərlə həyata keçirilib. Yeni raket hücumunun dəqiq hədəfi barədə məlumat verilmir.