Əşrəf Hakimi 2019-cu ildə Afrikanın ən yaxşı gənc futbolçusu seçilib

Afrika Futbol Konfederasiyası qitənin ən yaxşı gənc futbolçusunun adını açıqlayıb.

Bu mükafata Almaniyanın "Borussiya Dortmund” klubunda icarə əsasında forma geyinən Əşrəf Hakimi layiq görülüb.

Müqavilə ilə İspaniyanın "Real Madrid” komandasına məxsus olan 21 yaşlı mərakeşli futbolçu "Vilyareal”ın nigeriyalı yarımmüdafiəçisi Samuel Çukvueze və Fransanın "Lill” klubunun nigeriyalı hücumçusu Viktor Osimxeni qabaqlayıb.

Qeyd edək ki, Ə.Hakimi cari mövsümdə Dortmund təmsilçisinin heyətində keçirdiyi 17 matçda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. O, Mərakeş millisində çıxış etdiyi 28 oyunda 2 dəfə fərqlənməyi bacarıb.