Avropanın üç dövləti İran ilə bağlı birgə bəyanat yayıb

İngiltərə, Almaniya və Fransa İranın Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsindəki öhdəliklərini yerinə yetirmədiyi üçün Mübahisələrin Həlli Mexanizmini işə salmağı qərarlaşdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə hər üç dövlətin Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, mexanizmin işə salınması qərarı, 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında nüvə proqramının məhdudlaşdırılması haqqında imzalanan sazişi qorumaq və problemin diplomatik yolla həll etmək məqsədi ilə verilib. Vurğulanıb ki, hər üç dövlət ABŞ-ın İrana təzyiq göstərmək siyasətinə qoşulmur.

Bəyanatda mexanizmin nədən ibarət olacağı haqqında geniş məlumat verilməyib. Sadəcə olaraq qeyd olunub ki, yaranacaq hər hansı mübahisəli məsələni aydınlaşdırmaq üçün müvafiq nazirliklərə iki həftə vaxt veriləcək.

Birgə Hərtərəfli Fəaliyyət Planı Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə, ABŞ və Avropa İttifaqı arasında 2015-ci ildə Tehranın nüvə proqramının tənzimlənməsi və nəzarətə alınması ilə bağlı imzalanıb. Bu müqaviləyə əsasən İran nüvə proqramını məhdudlaşdırmalı, əvəzində isə rəsmi Tehrana qarşı tətbiq olunan bütün iqtisadi sanksiyalar aradan qaldırılmalı idi. Lakin Donald Trampın ABŞ-da prezident seçilməsindən sonra rəsmi Vaşinqton birtərəfli qaydada müqavilədən çıxdı ki, bu da vəziyyətin gərginləşməsinə səbəb oldu. Buna cavab olaraq İran mərhələli şəkildə üzərinə düşən öhdəlikləri azaltmağa başladı. Cari ilin 5 yanvarında isə ümumiyyətlə heç bir öhdəliyi yerinə yetirməyəcəyini bəyan etdi. Bununla yanaşı, İran sanksiyaların dayandırılması və maraqlarının təmin olunması təqdirdə, yenidən razılaşmaya geri qayıdacağını da bəyan edib.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi Avropa dövlətlərinin bu addımının çox zəif olduğunu bildirib. O qeyd edib ki, İrana qarşı atılacaq hər hansı bir addım cavabsız qalmayacaq.