Biləsuvarlı əsgərlərin  cəsurluq, qəhrəmanlıq , igidlik nümunələri 

  s.e.f.d.Murtəza Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Dövlət qulluğu və kadr siyasəti”  kafedrası

 

Azərbaycan  xalqı öz təbiəti, xarakteri etibarilə həmişə tolerant və sülhsevər olmuşdur. O, heç kəsin torpağına göz dikməmiş, kiməsə təcavüz etməyi özünə rəva görməmişdir. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir.

Ordu, Azərbaycan ordusu!.. Budur bütün millətin sinəsini güvən, qürur duyğularıyla qabardan şanlı ad! Zəfərləri və keçmişi insanlıq tarixi ilə başlayan Azərbaycan ordusu! O ordu ki vətənini ən böhranlı və çətin anlarda zülümdən, fəlakət və sıxıntılardan və düşmən hücumundan qorumaq üçün sinəsini sipər edən Azərbaycan övladlarından ibarətdir. Azərbaycan dövlətinin iki güvən mənbəyi vardır: biri millətin qərarı, digəri elm və güc şərtləri daxilində dünyanın düzəninə haqqıyla layiq olma xüsusiyyəti qazanan ordumuzun qəhramanlığı. O ordu ki, tarixdə bənzəri görülməmiş qəhrəmanlıqlar göstərmiş, şanlı zəfərlər qazanmış, xalqın və vətənin könül borcu və təşəkkürünə gərçəkdən layiq olmuşdur. Əsgər və zabit heyətinin qəhrəmanlığı Azərbaycan xalqının qürur yeridir.  Onlar hər bir zaman vətənimizin və xalqımızın fəlakətlə qarşı-qarşıya qaldığı anda ən dözülməz çətinliklərə belə qatlanmaqdan çəkinməmişdirlər. Azərbaycan milləti onun döyüşcüləri, eləcədə kiçik və böyük yaşdakı uşaqları poladdan hazırlanmış heykəllərdir. Onların nə olduğunu anlamaq üçün onlarla savaş meydanında qarşılaşmaq lazımdır. Bu üzləşmə Azərbaycan gəncliyinin illər əvvəldən bəri tanınmış olan yüksək dəyər, qüvvət, qüdrət və yenilməz zəkasının sınağıdır. Azərbaycan milləti hər zaman və hər kiminlə olursa olsun belə bir imtahana hazırdır.

İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə vətəni də anamız kimi sevir, ona "Ana Vətən!” deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Hər zəfərin mayası onlarındır. Hər zəfərin ən böyük payı onlarındır. İnancları ilə, imanları ilə, əmrə tabe olmaları ilə, heç bir qorxunun ram edə bilmədiyi dəmir kimi təmiz qəlbləri ilə düşməni sona qədər məğlub edən böyük bu qeyrət üçün xalq olaraq könül borcumuzu və təşəkkürümüzü ən əziz bir borc bilirik.

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Azərbaycan zaman-zaman qəhrəmanlar yetirib. Bu yurdun igid, ər oğulları hər zaman Vətənin başı üzərini qara buludlar alanda silaha sarılaraq yadlara-yağılara qarşı böyük mərdliklə vuruşublar. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq səlnamələrinin şahidi olmayasan. Xalqımızın içərisindən əsr-əsr, qərinə-qərinə igid ərlər, kişi qeyrətli qadınlar meydana çıxmışdır. Son dövrlərin zorla cəlb edildiyimiz torpaq savaşından vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımız, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz  təcəssümüdür. Bu savaş göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (Bəqərə surəsi, 2/154)

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.

Şəhidlərimiz… Heç də hər birini  tanımadığımız sadəcə bəzi hadisələr vəsiləsi ilə məşhur olmuş olanları tanıdığımız və eləcədə tanımadığımız minlərcə minnətdar olduğumuz və hüzünlə yad etdiyimiz insanlar... O insanlar ki, onların qanı üzərindən nəfəs alırıq. Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq. Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər. Tarix boyu millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər. Bu gün bu vətəndə, bu ölkədə rahat yaşadığımızı borclu olduğumuz şəhidlərimiz, döyüşçülərimiz olmasaydı, düşmənə qarşı mübariz bir millət olmasaydıq əmin olun ki, indi bir millət halında belə olmazdıq. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölümsüzlük qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.  Əmin-amanlığımızı yaşadıb, firavanlığımızı qoruyub, onun gələcək nəsillərə çatdırılması üçün şəhidlərimiz candan keçmiş və bu fədakarlığı heç bir şey qarşılığında etməmişlər. Sadəcə “VƏTƏN SAĞ OLSUN” düşüncəsi ilə irəli atılmış insanlardır. Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları çox az müddətlik də olsa dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq bir daha şəhid olmağı arzulayacaqlar. Şəhidlər haqqında yazılan bu misralar necə də yerində deyilib:

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,
          Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
          Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
          Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
          Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Vətəninə, azadlığına və şərəfinə düşkün olan Azərbaycan millətinin milli varlığı və möhkəmliyi uğrunda göstərməyəcəyi qüdrət və fədakarlıq yoxdur.  Millət əzimlə ictimai və fikri təkamüllə çalışarkən, onun rastlaşa biləcəyi daxili və xarici maneələrin qarşısında qüvvətli və qüdrətli qəhrəman ordumuzun, igidlərimizin hazır olduğunu bilmək qürurvericidir. Belə bir erləri, igidləri olan bir millət üçün yadellilər altında kölə olmaq mümkün deyildir.

Bəli, əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Xalqımızın müstəqillik tarixi də məhz şəhidlərimizin adı ilə bağlıdır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Onu da qeyd etmək lazımdır ki, şəhidlər qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdır.

Azərbaycanın hər bölgəsindən, hər diyarından bu qürurlu adla tanınan çox igidlərimiz var. Bir azərbaycanlının vətəninə olan sevgisi və bağlılığı tarixi bir həqiqətdir və millətimizi digər millətlər arasında üstün tutan ən qürurverici özəlliklərdən biridir. Eləcədə Biləsuvar rayonundan olan, vətən yolunda can qoyan şəhidlərimiz, döyüşçülərimiz xalqımızın dilindən, qəlbindən düşməz. Biləsuvar rayonu çox qəhrəmanlar yetişdirdi bu vətənə, 132 şəhid verdi sevə-sevə. Şəhidlərindən başqa Biləsuvar rayonundan olan 129 nəfər əlil və 475 nəfər veteran bu gün  yeni nəslin örnək yeridir. Vətən sevgisi ilə bayrağını şərəfləndirmək üçün çırpınan igidlərimizin qanının qiymətidir bu torpaqlar. Onun uğruna qanı axıdılan şəhidlər hər bir azərbaycanlının ürəyində yaşayır. Biləsuvar rayonundan olan şəhidlərimiz, döyüşçülərimiz tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərib, cəmiyyət həyatına mütəmadi nüfuz edib, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlayıblar.

Bu şərəfli ölümsüzlər sırada adı yer alan daha bir Azərbaycan şəhidi Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovdur. Gecə-gündüz düşündüyü və unutmadığı tək şey erməni qəsbkarlarının xalqına etdiyi zülümlər idi. Minlərcə illik Türk yurdu olan Qarabağı işğal etmiş olmaları ürəyində dərin nifrət yaratmışdır. Bütün bunlar bir türkü üzdüyü, pərişan etdiyi kimi qəhrəman vətən sevdalısı Mübarizə də çox təsir etmiş və o, intiqam üçün and içmişdir.  19 iyun 2010-cu il tarixində, gecə saat 23:30 radələrində gizir İbrahimov kimsəyə xəbər vermədən, sadəcə “Şəhid olsam üzülməyin. Vətən sağ olsun” deyə bir məktub qoyaraq, 1 kilometrlik  minalanmış ərazini keçərək ermənilərə tək başına hücum planını reallaşdırır. Ermənilərlə girdiyi bu savaşda dayanmadan 5 saat sübhə kimi vuruşan qəhrəmanımız səhərə yaxın şəhid olur. Bu təkbaşına qarşıdurmada  bir çox erməni esgər və zabitini məhv edir. Bəlkə də ömründə bir tək bu açılan səhər onun ürəyinə sərinik gətirib. Qəhrəmanımızın ölçüyəgəlməz dəyəri olan qanının məhz Qarabağ torpaqlarında axıdılması onun tək arzusu idi. Hazırda onun adını doğulduğu rayonda orta məktəblərdən biri və bundan başqa bir küçədə daşıyır. O tək bizim deyil, indi onun adı ilə bütün Türk dünyası qürrələnir.  Məkanın cənnət olsun, nur içində yat,  şəhidim...

Adını ölümsüzlər sırasına yazan daha bir şəhidimiz Şahmurad Əlizadədir. Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Şahmurad Hilal oğlu Əlizadə cəbhənin Ağdam hissəsində düşmən gülləsinə tuş gəldi. O iki ildən artıq idi ki, ön cəbhədə vətənin müdafiəsində dayanmışdı. Şahmurad Əlizadə 14 aprel 2015-ci il tarixində şəhadətə çatmışdır.

Biləsuvar rayonunun təkcə Nərimankənd kəndi son illərdə üç şəhid vermişdir.  Pərvin Əliyev, Anar Qarazadə, Rahil Hüseynov kimi vətən oğulları öz vətənpərvərliyi, vətəninə göstərdiyi sevgi və qulluğu ilə həm öz rayonlarının,  həm də bütün xalqının dilində əzbər olmuşdur. Onlardan Pərvin Əliyev 2014-cü il avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Ağdan-Ağdərə istiqamətində düşmənin təxribatı zamanı hücumun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Rahil Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olmuşdur. Avqustun 2-si isə Rahil Hüseynov doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salındı. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Tarixə dönüb baxsaq bütün müharibələrin gedişinin bir dönüş nöqtəsi olduğunu və bu dönüşün savaşın müqəddaratında böyük rolu oynadığını aydın görə bilərik. Məlum aprel hadisələrini də Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi kimi qiymətləndirmək doğru olardı. Ordumuzun bu döyüşlər zamanı göstərdiyi şücaət bunu deməyə tam əsas verir. Doğru deyiblər ki, “ Heç kim qəhrəman olaraq dünyaya gəlmir. Qəhrəmanlar döyüşdə doğulur”. 2016-cı ilin aprel ayında Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Dörd günlük savaş gücünə, qüdrətinə arxalandığımız ordumuzun peşəkarlığını açıq şəkildə sərgiləyirdi. Bəli, şəhid verdik, yaralandıq amma yenilmədən, əzilmədən irəli getdik, güc göstərdik... Bu hadisələr bir çox Azərbaycan övladını qəlbimizə əbədi yazdı, onlar sırasında Biləsuvar rayonumuzdan olan şəhidlərimizdə var. Onlardan Dəmirli Hüseyn Zeynal oğlu, Novruzov Fərahim Nadir oğlu, Məmmədov Murad Vaqif oğlu qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar.

Tarix qəhrəmanları yazdığı kimi, qəhrəmanlar da tarix yazırlar. Şəhidlərin ruhu hər bir azərbaycanlının ürəyindədir, ölməzdir və əbədidir. Unutmayaq ki, bizim Mübarizlər, Anarlar, Pərvinlər, Rahillər, Şahmuradlar, Orxanlar, Fəraimlər, Muradlar yetişdirən məskənlərimiz var.

Unutmayaq ki, ata-babalarımız bizi yaşatmaq üçün hər lazım gəldiyi anda meydana atıldılar. Öldülər... Öldülər və bizi yaşatdılar... Şəhid qanları ilə sulanmış bu torpaqların üzərinə xəyanət toxumları əkməyə çalışanlara aman verməyəcəyik. Bizlər vətən uğrunda qanları ilə dastanlar yazan, şəhidlər və qaziləri ilə dolu olan bir millətin övladlarıyıq. Əcdadlarımız bu vətən torpaqlarını bizlərə əmanət etdi. Vətən, uğrunda hər fədakarlığı göstərəcəyimiz ən dəyərli varlıqdır. Vətən və millət sevgisi bizə şanlı tarixin ən önəmli miraslarındandır. Budur bizi bütün millətlərə örnək edən. Və tək məqsədimiz bu vətəni qorumaq, ona layiq olmaqdır...