Alimlərin vulkan palçığından gübrənin alınması ilə bağlı elmi ixtirası patentləşdirilib


Azərbaycan alimləri ilk dəfə olaraq vulkan palçığı xammalı əsasında kompleks gübrə əldə ediblər.  

Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Palçıq vulkanizmi şöbəsinin müdiri, prof. Adil Əliyev, həmin şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, Geoekologiya şöbəsinin baş elmi işçisi, prof. Mirəli Alosmanov, eləcə də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə ərsəyə gətirdiyi elmi ixtira Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.

Həmmüəlliflər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə yanaşı, istehsalat tullantılarından da istifadə ediblər. Hazırlanmış gübrənin müxtəlif torpaqlarda tətbiqi onun bitkilərin inkişafına müsbət təsirini təsdiqləyib.

Hazırda elmi ixtiranın nəticələrinə əsasən alınmış üzvi-mineral kompleksin kənd təsərrüfatı sahələrində istifadəsi ilə bağlı tədbirlər həyata keçirilir.