İran Prezidenti dünya dövlətlərinin başçılarına məktubla müraciət edib

İran Prezidenti Həsən Ruhani dünya dövlətlərinin başçılarına məktubla müraciət edərək ABŞ-ın iqtisadi sanksiyalarının koronavirusla mübarizədə ciddi əngəl olduğunu bildirib.

AZƏRTAC İranın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, H.Ruhani dünya dövlətlərinin Prezidentlərini bu məsələyə biganə qalmamağa, günahsız insanların ölümünü kənardan seyr etməməyə çağırıb. Qeyd olunub ki, koronavirus siyasət və coğrafiya tanımır, onunla mübarizə üçün birgə səylər zəruridir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Prezidentin məktubunu şərh edərək nəzərə çatdırıb ki, heç bir təqsiri olmayan iranlıların ölümünü kənardan seyr etmək mənəviyyata sığmır. Beynəlxalq ictimaiyyət ABŞ Prezidentinin sanksiyalarını qınamalı və onların aradan qaldırılmasını tələb etməlidirlər.