Teymur Rəcəbov: Maqnus Karlsenlə görüşə inamlı başlamışdım
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində birinci tura yekun vurulub. İlk turun mərkəzi görüşündə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ağ fiqurlarla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə oynayıb.
Partiyadan sonra media qarşısına çıxan T.Rəcəbov nəticə barədə bunları deyib: “İlk tur həmişə fərqli olur. Fikrimcə, çox variantım olmadı. Üstünlük görünsə belə, rəqib çox diqqətli müdafiə olundu. İlk turdakı nəticə barədə şərh vermək çətin olur. Əsas mübarizə irəlidədir. Müəyyən mənada oyun praktikasının azlığı da rol oynadı. Düzdü, son mövsüm əvvəlki illərlə müqayisədə daha çox yarışlarda iştirak edirəm. Mənim üçün iki ay fasilənin olması normaldır. Ən yaxşı turnirlərdə çıxış etmək istəyirəm. Yəni, əsas Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Qran-Pri seriyası, yığmaların iştirak etdiyi yarışlar və bəzi superturnirləri nəzərdə tuturam. Son mövsüm müəyyən mənada yarışlarım az olmadı. Bununla belə, Maqnusla görüşə inamlı başlamışdım”.
T.Rəcəbov, eyni zamanda, yarışlarda tək və ya cüt sayda iştirakçıların mübarizə aparmasının ona görə önəmli olmadığını deyib: “Əsas məsələ kimin daha çox qara fiqurlarla oynamasıdır. Bu məsələ çox müzakirə edilir. Sadəcə şahmatçılar artıq bu sistemə öyrəşib. Bizim üçün o qədər önəmli deyil. Vərdiş halını alıb, daha çox rəqibin oyunu haqqında düşünürük”.

