Hindistanda karantin rejimi mayın 17-dək uzadıldı

Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi mayın 17-dək uzadılıb.

Daxili İşlər Nazirliyi martın 25-dən tətbiq olunan karantin rejiminin ölkədə virusun yayılmasına qarşı mübarizədə əhəmiyyətli nailiyyətlərə səbəb olması nəzərə alınaraq belə qərar qəbul edib.

Karantin rejiminə uyğun olaraq bütün ölkə boyu bəzi qadağalar, o cümlədən hava və dəmir yolu nəqliyyatının, metronun, məktəb, kollec və digər təlim-tədris mərkəzlərinin, mehmanxanaların, kinoteatrların, ticarət mərkəzlərinin, idman zallarının fəaliyyətinə olan qadağalar qüvvədə olacaq. Bundan başqa, bütün siyasi və mədəni tədbirlərin, dini mərasimlərin təşkilinə olan qadağa da davam edəcək.

Hökumət virusun yayılma vəziyyətini nəzərə alaraq yaşayış massivlərini rəmzi zonalara bölüb. "Qırmızı” virusun ən çox yayıldığı, "Narıncı” orta, "Yaşıl” isə ən az yayılmış zonadır. "Yaşıl” və "Narıncı” zonalarda karantin rejimində müəyyən yumşalmalar tətbiq olunacaq.

Qeyd edək ki, ötən sutka ərzində Hindistanda virusa 2487 yoluxma və 87 ölüm faktı qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 40 min 263 nəfərə, ölənlərin sayı isə 1306-ya çatıb.