Vilayət Quliyevə xatırlatmaq istəyirəm ki... səfirə şok MƏKTUB
Nəsib bəy Yusifbəylinin bacısı nəvəsi Rəfat Cuvarlı Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevə onun “Azərbaycanın baş nazirinin müəmmalı ölümü” başlıqlı məqaləsi ilə bağlı açıq məktub ünvanlayıb.
Yerveinsan.az sözügedən məktubun mətnini təqdim edir:
“Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Azərbaycanın baş nazirinin müəmmalı ölümü” başlıqlı məqaləsində yazır: “Şəfiqə xanım Qaspıralı iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan Mustafa Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib”.
Əslində, Şəfiqə xanım fikrini belə ifadə edib: “Nəsib bəy adına Tiflisdə banka konulmuş parayı çekmişler. Bir rəvayətə görə, Mustafa Vəkilli-Nəsib göstererek kendi paraları çekmiş. Sadiq bəydən (Məhməd Sadiq Aran) soruşmaq lazımdır” (Dos.d. Şəngül Hablemitoğlu, Dr. Nəcib Hablemitoğluş. Şəfiqə Qaspıralı və Rusiyada Türk Qadın Hərəkatı (1893-1920), İstanbul, 2004, səh.284).
Göründüyü kimi, Vilayət Quliyev kiçik bir yazıda bağışlanmayan səhvlərə yol verib. Vilayət Quliyevə xatırlatmaq istəyirəm ki, Azərbaycan Cümhuriyyəti dövründə Əksinqilab ilə Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxzamanlı yazır: “1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Söhbətimiz Anadolu İstiqlal savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy “gec də olsa, az da olsa, bir az məbləğ hazırlayıb, kürəkənim Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim” dedi (Şeyxzamanlı Nağı. “Azərbaycan istiqlal mücadiləsi xatirələri”. Bakı, 1998, səh.231-232).
Nağı bəy Şeyxzamanlı göstərdiyimiz bu kitabda həmin pulun Ankara hökumətinə çatmasını bütün incəlikləri ilə açıqlayır. Nağı bəy yazır ki, o zaman İstanbul ingilis və fransızların işğalı altında olduğu üçün Əhmədzadə pulu Ankaraya çatdıra bilmir, İtaliya bankı vasitəsilə İstanbuldan Tiflisə Nəsib bəyin adına göndərir. Nəsib bəy həmin vaxt qətlə yetirilmişdi. İstanbuldan göndərilmiş bu pulu Nəsib bəyin dostları Gürcüstan səfirimiz Fariz bəy Vəkillinin vasitəsilə götürürlər. Məmmədəli Əhmədzadə 1920-ci ilin oktyabr ayında 19 min türk lirəsi və 1 milyon fransız frankını Ankara hökumətinin hesabına yatırır.
Vilayət Quliyevin az da olsa tarixdən xəbəri olsaydı, kiçik bir yazıda bu qədər bağışlanılması mümkün olmayan kobud səhvlərə yol verməzdi. Vilayət Quliyevin yalan fikirlərinə görə üzr istəməsi vicdanına qalıb"