XOCALI SOYQIRIMI: Hərbi Prokurorluğun apardığı peşəkar fəaliyyət öz nəticəsini verməkdədir…


Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: «Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.»

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının «dənizdən dənizə Ermənistan» adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Dünyada mövcud olan ikili standartlar və ədalətsiz yanaşmalara baxmayaraq Azərbaycanın hüquq mühafizə orqanları bu hərbi cinayəti diqqətdən kənarda buraxmayıblar.


Vaxtılə Sovetlər İttifaqının müvafiq dövlət qurumları tərəfindən təşkil olunmuş qanunsuz silahlı birləşmələr, sonralar isə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1988-ci ildən etibarən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazisinin, eləcə də Azərbaycan Respublikasının Ermənistan Respublikası həmsərhəd ərazilərinin işğalı zamanı törədilmiş ağır və xüsusilə ağır cinayətlərin araşdırılması, Ermənistanın təcavüzünün nəticələrini aşkar edərək müvafiq təsdiqedici materialların toplanılması məqsədilə 18.12. 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun, keçmiş Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.

05 may 2005-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin təşəbbüsü ilə həmin istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunan cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müvafiq qərarı əsasında ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilmişdir. Məhz yerində qəbul edilmiş bu qərardan sonra bu sahədə geniş istintaq tədbirləri həyata keçirilmiş və soydaşlarımıza qarşı, ölkəmizə qarşı əli cinayətlərə və günahsız insan qanına bulaşmış onlarla hərbi cani barədə cinayət işləri qaldırılmışdır.


Aparılmış məqsədyönlü və peşəkar tədbirlərin nəticəsində hərbi canilər bu gün özlərini çox narahat hiss edir və qaçıb ərazini tərk edirlər. Bir faktı xatırladım ki, qəhrəman Azərbaycan ordusunun hərbi birlikləri işğaldan azad etdikləri Şuşa şəhərində Xocalı soyqırımında iştirakı fotolarla sübuta yetirilən Conik Tevosyan saxladığının şahidləri olduq. 80 yaşlı Conik Tevosyanın saxlanılması tam qanunidir və onun tezliklə Azərbaycan məhkəməsi önünə çıxarılması perspektivi var. Çünki fotolar var və həmin fotolardan Conik Tevosyanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda iştirakı əks olunub. Ermənistan mətbuatı və teleqram kanalları Conik Tevosyanı dinc sakin kimi təqdim etməklə hay-küy salır ki, guya onun saxlanılması əsassızdır. 


Əslində isə məqsədləri budur ki, tez bir zamanda onu azad etdirməklə soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olan cinayətdəki əməllərinə görə cəzadan kənar saxlasınlar. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Conik Tevosyan üzərində açıq məhkəmə prosesi keçirməklə bütün dünyaya göstərməlidir ki, vətəndaşlarına qarşı cinayət törədənlər gec-tez layiq oluqları cəzaya çatdırılırlar.

Çünki qanunsuz erməni silahlı birləşmələrinin üzvləri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı 1988-1992-ci illərdə törədilmiş cinayət faktları ilə bağlı müxtəlif vaxtlarda başlanılmış və cinayət törətmiş şəxslərin müəyyən edilməməsi və ya cinayət törətmiş şəxslərin olduqları yerin məlum olmaması əsasları ilə icraatları dayandırılmış 147 cinayət işinin icraatı 2004-2008-ci, 1 işin icraatı 2017-ci, 4 işin icraatı 2018-ci, 1 işin icraatı 2019-cu, 1 işin icraatı isə 2020-ci illərdə olmaqla, ümumilikdə 154 cinayət işinin icraatları təzələnərək bir icraatda birləşdirilmiş və istintaqı aparılmışdır.

Cinayətdə əli olan hər bir erməni separatçısı və terrorçusu bu həqiqəti dərk etməlidir. Cinayət cəzasız qalmayacaqdır və Azərbaycan insanlığa qarşı cinayət törətmiş faşist xislətli bir xuntaya qarşı daim qanun və ədalətli mövqe ortaya qoymuşdur.

Əldə etdiyimiz məlumatlara görə, Hərbi Prokurorluqda sözügedən cinayət işi üzrə istintaqın aparıldığı ilk günlərdən törədilmiş cinayətlərdə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinin tərkibi olduğundan, habelə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 09.12.1948-ci il tarixli «Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında» Konvensiyasının, «Müharibə zamanı mülki əhalinin qorunması haqqında» Cenevrə Konvensiyasının, 04.11.1950-ci il tarixdə Avropa Şurasında qəbul olunmuş «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 3-cü maddəsinin tələblərinin pozulması müəyyən olunduğundan, Hərbi Prokuror Xanlar Vəliyevin müvafiq qərarı ilə həmin cinayət işi Azərbaycan Respublikası CM-nin 103 (soyqırım), 107 (deportasiya), 115.2, 115.3, 115.4 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.6, 116.0.7, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.13, 116.0.17, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq) və digər maddələrinə tövsif olunmuşdur.//Fedai.az

Ardı var

Elnur Səlim