Prezident Azərbaycanı informasiya savaşında da qələbəyə aparır

Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük Vətən savaşından sonra rəsmi Bakı diplomatik müstəvidə də böyük uğurlar qazandı. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət yeni nüansları ilə də diqqəti cəlb edir.

Xatırladaq ki, ölkə rəhbəri 44 günlük savaş zamanı dünyanın 30-a yaxın mediasına çoxsaylı müsahibələr verdi, bir çox beynəlxalq tədbirlərdə etdiyi çıxış və bəyanatları ilə Qərb ictimai rəyində Azərbaycanın xeyrinə dönüş yarada bildi. Hətta qərəzli suallar qarşısında sözün əsl mənasında siyasi liderlik dərsi keçən Prezident Əliyev özünün hazırlıqlı siyasətçi olduğunu sübuta yetirməklə yanaşı, Azərbaycanın haqlı mövqeyini konkret faktlarla ortaya qoydu, bütün dünyaya çatdırdı.

Müharibədən sonra 50-dən çox yerli və xarici media nümayəndələrinin iştirak etdiyi və 4 saatdan çox davam edən mətbuat konfransında isə Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə – Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırdı. Hətta Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında bildirdi ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı Prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirdi.

Dövlət başçısının həm müharibənin gedişində, həm də sonra beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi necə bacardığının hər kəs şahididir. Mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı ilə Prezident Əliyev aydın göstərir ki, Azərbaycan iqtidarı dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə konseptual yanaşır. Bu amil demək olar dünyanın bütün aparıcı media orqanları tərəfindən vurğulanır. Təhlillər belə deməyə əsas verir ki, bütün bunlar düşünülmüş strategiyanın tərkib hissəsidir və Prezident Əliyev nəyi, nə vaxt, necə deməyi öncədən planlaşdırır. Rəsmi Bakının illər sonra atacağı addımlar barədə konkret planı mövcuddur.

ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı və tanınmış ekspertlərlə polemikası isə yeni həqiqəti də sübuta yetirdi – Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

Konfransda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri, nüfuzlu aparıcı analitiklər, siyasətçilər iştirak edirdi, bir qrup isə tədbirdə onlayn qatılmışdı. Diqqətdən qaçmamalıdır ki, onlar yalnız öz ölkələrində deyil, eyni zamanda, dünyada ictimai rəyə təsir edən nüfuzlu şəxslərdir.

Onlardan, sadəcə, bir neçəsinin bioqrafiyasını vərəqləmək kifayətdir ki, dövlət başçısının iştirak etdiyi konfransın auditoriyasının hansı səviyyədə olduğu, verilən bəyanatların və mesajların hansı ünvanlara çatacağı barədə təsəvvür formalaşsın.

Beynəlxalq ekspertlərin hansı ölkələri təmsil etdiyinə nəzər saldıqda aydın olur ki, konFransa ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İsveçrə, Polşa'>Polşa, Belçika, Yunanıstan, Rusiya, Türkiyə, İsrail, İspaniya, İsveç, Rumıniya, İran, Pakistan, Serbiya, Ukrayna, Gürcüstan və digər ölkələrin aparıcı beyin mərkəzlərinin analitikləri, politoloqları qatılıb.

ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz, İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, Böyük Britaniyanın LINKS təşkilatının direktoru Dennis Summut, Belçikanın Avropa Siyasəti Mərkəzindən Amanda Pol, Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçin, İsrailin Hayfa Universitetinin professoru Brenda Şaffer, İsrailin Təl-Əviv Universitetindən Stivn Klayn, İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun kiçik elmi işçisi Karlo Frappi, Roma Sapienza Universitetindən Daniel Pommier Vinçelli, Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Göksel, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Rumıniyanın Münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzindən doktor Yulian Çifu, İranın Tehrandakı İran-Avrasiya Tədqiqatları İnstitutundan Vəli Xaliqi, Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru Taras Kuzio və daha neçə nüfuzlu beynəlxalq ekspert Azərbaycan Prezidentinə suallar verdilər, onun fikirlərini aldılar. Konfransın bu formatda təşkil edilməsi ilə məhz bu insanlar vasitəsilə Azərbaycan həqiqətləri, Vətən müharibəsi, qazanılan qələbə nəticəsində bölgədə yaranmış yeni reallıqlar, münaqişədən sonra Bakının bölgəyə baxışı, inkişaf və əməkdaşlıq perspektivlərini necə gördüyünü dünyaya çatdırmaq məqsədi güdülürdü.

Göründüyü kimi, Prezident İlham Əliyev yeni dövrün tələblərinə cavab verən yeni informasiya strategiyası nümayiş etdirir. Bu siyasi kurs şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır. Dövlət başçısı milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillərdən ibarət yeni doktrinaya malikdir və bunu inamlı, çevik surətdə həyata keçirtməklə özünün və Azərbaycanın nüfuzunu artırır.

Qeyd etdiyimiz kimi, 44 günlük savaş və ondan sonrakı mərhələdə Prezident İlham Əliyev müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları peşəkar formada cavablandırmaq bacarığını nümayiş etdirir. Ölkə başçısı yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionda və ölkədə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlı olduğunu, elmi-politoloji biliyinin yüksək olduğunu göstərir. Təsadüfi deyil ki, artıq Qərb mediası da Prezident İlham Əliyevi dünya səviyyəli siyasətçi kimi dəyərləndirməyə başlayıb. Artıq birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də post-konflikt mərhələsində Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin çoxillik səylərini darmadağın etdi. Azərbaycanı istəməyən xarici qüvvələrin qərəzli mövqeləri qarşısında geri çəkilməyən və onları öz məntiqi ilə tərk-silah edən Prezident Əliyev yeni informasiya strategiyası və informasiya sahəsində yeni və fərqli bir model nümayiş etdirir. Təsadüfi deyil ki, Prezidentin sonuncu konfransda səsləndirdiyi mühüm mesajlar ciddi təhlil edilməkdədir. Burada ən önəmli məqam ondan ibarətdir ki, Prezident Əliyev nüfuzlu auditoriya qarşısında bölgə siyasətinin taleyini həll edəcək ciddi mesajlar verdi. Ölkə başçısı tam fərqli paradiqma və informasiya strategiyası ilə çıxış etdi, 21-ci əsrin tələblərinə uyğun yeni doktrina ortaya qoydu. Prezident İlham Əliyev Azərbaycanı informasiya savaşında qalib edir və adıçəkilən konfransı bu müstəvidə çox mühüm mərhələ hesab etmək olar.

APA Analytics