SADƏLİYİN BUDAQ BUDAQOV ZİRVƏSİ

Qəşəm İsabəylİ(yazıçı)

İnsanların ünsiyyətdən qaçdığı və ya ünsiyyət qura bilmədikləri bu qarışıq zamanda hərdən yaxşı adamları xatırlayıram. Universitet illərində müəllimim olmuş coğrafiyaçı alim, akademik Budaq Budaqov yadıma düşəndə isə istər-istəməz haçansa ona məhəbbətimi ifadə etdiyim bir misra gəlir xatırıma:

Budaq Budaqov

...Yeridiyi yer belə inciməyibdir ondan.

Budaq müəllimin insanlara olan dost sevgisini duymaq üçün onun çoxsaylı əsərlərindən yalnız birini – “Elim, obam mənim” kitabını vərəqləmək kifayətdi. Budaq Budaqovu tanımayan oxucu bu kitabı mütaliə etsə elə düşünər ki, ədəbiyyat adamının qələm məhsulunu oxuyur. Biz Budaq müəllimi, sözün həqiqi mənasında, elm və ədəbiyyat adamı kimi tanıyırıq. Elm-savad, deyildiyi kimi, ata kürkü olmasa da, qan yaddaşıdı. Budaq müəllimin elmin ağır və çətin yollarında nail olduqlarının, mən deyərdim ki, müəyyən mənada əslinə-kökünə aidiyyəti var. Onun bir söhbətindən atası Əbdüləli kişinin də iti zəkalı olduğunu yəqin etmişəm: “Atam bir dəfə İrana dəvəylə yük aparırmış. Kişi deyir, sərhəddi təzəcə keçmişdim ki, çiyni tüfəngli bir atlı ley kimi aldı üstümü: “De görüm, “Şah”dansan, ya “Əncümən”dənsən?! Fikirləşdim ki, deyəcəm “Şah”danam, bəlkə bu “Şah”dan deyil, deyəcəm “Əncü-mən”dənəm, bəlkə bu “Əncümən”dən deyil. Canımı dişimə tutub dedim, başına dönüm, nə “Şah”danam, nə “Əncümən”dən, bax bu dəvədənəm. Süvari bu sözü eşitcək, bayaq atın başını çevirib, yel kimi çapıb getdi.”
Tarixi-qədimdən insan övladı öz nüfuz dairəsi uğrunda gizli və ya açıq mübarizə aparıb. Bunun üçün də əvvəlcə özünə nüfuz qazanmağa, imic yaratmağa, başqalarından bir baş üstün olmağa can atıb. Ya bunu təşəxxüs hesabına edib, ya siyasətlə qazanıb, ya da rolda olub. Bəli, insan ölənəcən hansısa bir rolu oynamaq məcburiyyətində qalır. Xalq şairi Qabilin “Əslində” adlı klassik bir şeiri var. Zamanın nəbzi döyünən bu əsər insanların daxili və zahiri ziddiyyətləri üzərində qurulub:

Dilim: “Qurban olum” söylər
Gözəl yara, əziz dosta.
Bu, xoş sözdü…
Bu, boş sözdü…
İlahidən qoyun qurbandı əslində.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) coğrafiya fakültəsini bitirib, üç il rayonu­muzda - Kürdəmirin Axtaçı və Beyi kəndlərində müəllim işləyəndən sonra öz arzumun dalıyca şair olub, kitab nəşr etdirmək həvəsiylə Bakıya gəldim. Yazıçı və son dərəcə xeyirxah insan olan Cəmil Əlibəyovun qayğısı sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Xronika və sənədli filmlər birliyi”ndə işə düzəldim. Burda isə az qala hamı roldaydı. Bizim Birliyin direktoru rəhmətlik Fərəməz Səfiyev idi. Şuşalı şair İbrahim Tahir Musayevin oğlu rəhmətlik Əli Musayev də burada rejissor işləyirdi. Əli Musayevin sinəsi sözlə doluydu. Yüzlərlə orijinal şeirlər, söhbətlər bilirdi. Hansısa bir türk şairinin aşağıdakı şeirini də ondan eşitmişdim:

Kələbəklər kimi karlar düşüyor,
Sanki bir nur eniyor hər fidana.
Lakin əyləncə olurkən bu sana,
Yavru kuşlar üşüyor.

Birliyin baş redaktoru isə Məmməd İsmayıl idi. Ondan əvvəl bu vəzifədə şair Fikrət Sadıq işləmişdi. Fikrət müəllim Əli Musayevdən ağızdolusu danışırdı: “Bu kişidən çox şey öyrənmək olar!”.
Bir vaxtdan sonra Məmməd İsmayıl gileylənməyə başladı: “Bu kişi adamı danışmaqla öldürə bilər!”.
Bir dəfə Əli Musayev dedi: “Fərəməz müəllimlə rejissor Niyazi Bədəlovu bərk mübahisə edən gördük. Fərəməz müəllim göyçək adam, bir az da sadəlövh, qan vurub sifətinə, qıpqırmızı qızarmışdı. Niyazi isə, yerin altını-üstünü bilən, göy gözləriylə az qalırdı kişini parçalasın. Axır ki, ara sakitləşdi, Niyazi direktorun otağından çıxdı. Dedim: “Ayə, Niyazi, özünü öldürmüşdün ki?.. (“Kişini öldürmüşdün ki” demək istəyirdim.). Niyazi sakitcə nə desə yaxşıdı: “Əlişka, ya je iqrayu (narahat olma... roldaydım).
Bəlkə də belə “oyun”ların nəticəsiydi ki, Fərəməz müəllim sonralar şəkər xəstəliyinə tutuldu və yarı yaşlarında həyatdan getdi. Bəli, əksər insanlar ömür boyu rolda olur. Amma akademik Budaq Budaqovu mən lap tələbəlik illərimdən özü, yəni olduğu kimi görmüşəm. Bu təbiilik, bu sadəlik, bu insani məhəbbət bugünkü sevgilərə bənzəmir. Bu gün vara sevgi var, vəzifəyə sevgi var, şöhrətə sevgi var, insana… nəizübillah. Amma Budaq müəllimin insani sevgisi, ünsiyyəti, sözün həqiqi mənasında bəşəri məhəbbəti ilk körpəliyin­dən qaynaqlanır. Bu məhəbbət təkcə insanadırmı?
Rus şairi Sergey Yesenin deyirmiş: “Mən heyvanların hər cürünü sevirəm”. Bu sevgi hünər deyil. Hünər odur ki, heyvanın sevgisini də qazana biləsən. Budaq müəllim “Elim, obam mənim” kitabında yazır: “Atam 1928-ci ildə, yəni mən anadan olan ili, Türkmənistandan bir dəvə alıb gətirmişdi. Onun adını da “Qırmızı maya” qoymuşdular. Mən bu Qırmızı maya ilə uşaqlıq və gənclik illərimi keçirmişəm. Ondan 1945-ci ildə ayrılmışam, 1945-47-ci illərdə isə onunla nadir hallarda görüşmüşəm. Qırmızı mayaya mən xüsusi qayğı göstərirdim: mənzilə çatanda yükünü boşaldar, cahazını belindən götürər, isti havada bədəninə su çiləyər, ot yığıb gətirər, əlimlə ona yedirərdim. İnsafən o da məndən bir addım belə kənara atmazdı. O, daima mənim ətrafımda fırlanar, hərdənbir gəlib məni qoxulayardı. Qırmızı maya məni bir gün görməyəndə çox narahat olar, dəli kimi ətrafına döyükə-döyükə baxar, imrəyərdi, bəzən ağlayardı da. Qısa müddətli ayrılıqdan sonrakı görüşümüzdə Qırmızı maya mənə tərəf qaçar, məni qarşılar, iyləyər, üzünü üzümə sürtər və iri qara gözlərindən şəffaf damcılar axıb tökülərdi. Onun sevincdən ağlaması xeyli çəkərdi…”.
Asta yerişli, həlim baxışlı, mehriban bir insan olan Budaq müəllimi qaça-qovda, haray-həşirdə görməzsən. Amma zahiri təmkininin arxasında böyük bir işgüzarlıq dayanır. Onun araya-ərsəyə gətirdiklərinə baxanda adam heyrətə gəlir. Doğrudanmı bunlar, bu çıxışlar, bu məqalələr, bu kitablar, elmlər namizədləri, elmlər doktorları Budaq Budaqov ömrünün bəhrələridir? İlk baxışda lal-dinməz görünən bu insanda bir nəhr enerjisi var. Bütün bu nəhəng işləri hay-küyə salmadan, təşəxxüs göstərmədən, əvəz ummadan görüb Budaq Budaqov.
Bir dəfə soruşdum: “Budaq müəllim, bu qədər ki elm adamı - 45 elmlər namizədi, 4 elmlər doktoru yetişdirmisiniz, onların münasibəti necədi Sizə?”
Dedi: “Rəhmətlik professor Səlim Cəfərovla (BDU-nun müəllimi) dostluq edirdik. Bir gün onu bərk gileyli gördüm. Soruşdum: “Nə olub?” Dedi: “A kişi, bu qədər alim yetişdirmişəm, biri qədrimi bilmir”. Dedim: “Heç bilən yoxdu?” Dedi, “İyirmi nəfərdən beş-altısı bilir”. Dedim, “Day nə istəyirsən? Əgər on adamdan biri bilir­sə, sevinməlisən”.
Budaq müəllim fitrətən xeyirxah insandır. Ona qarşı edilən pislikləri özünə dərd eləmək adəti də yoxdu. Lap atalar sözündə olduğu kimi: “Yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi”. Budaq müəllim dəfələrlə ər kişi olduğunu sübut edib.
-Elmlər Akademiyasının müxbir üzvlüyünə nami­zədliyini verən dörd nəfərdən biriydim.
Budaq müəllim telefon söhbətlərimizdən birində dedi: - Hamımız intizar içindəydik. Eşitdim ki, məni seçiblər. Təbii ki, mənim lehimə səs verənlər olduğu kimi, əleyhimə də səs verənlər olmuşdu. Bir yaxşı qonaq­lıq təşkil edib hamını çağırdım. Azərbaycan Dövlət Universitetinin prorektoru, rəhmətlik Qədir Sultanov zala girəndə dedi: “Budaq müəllim, deyəsən sənə səs verməyənləri də çağırmısan?”. Dedim: “Qədir müəllim, mənə səs verməyən yoxdu. Əgər seçilmişəmsə deməli hamı mənə səs verib. Seçilməsəydim, bu başqa məsələ.”
Gözü-könlü tox Budaq müəllim gördüyü işlər müqabilində nə tərif umub, nə təşəkkür umub, nə də ibarəli müraciət. Ya ona “Budaq” de, ya “Budaq müəllim”, fərq eləməz…
Universitetdə bir alim bizə dərs deyirdi. Xoşlayırdı ki, ona “professor” deyə müraciət etsinlər. Bir dəfə sinif nümayəndəmiz Vaqif bilmədən ona “müəllim” dedi. Kişini od götürmədimi: “Adə, buna bax ey, bu kafirə! Ay kafir…” deyə professor düşdü Vaqifin üstünə. Fasilədə Vaqifi yannadım:
-Vaqif… bilirsən “kafir” nə deməkdi?
-Nə deməkdi?
-Canavar...
-Nə-ə-ə?!...
-Bəs bilmirsən, o boyda professora “müəllim” deyəndə sənə “canavar” deyəcək?!
Vaqif pərt oldu.
Rəhmətlik tələbə yoldaşım Vəliylə ölüb-getdik gülməkdən.
Bu məqaləni kompüterdə yığan işçimiz Həyat xanım dedi ki, görünür Budaq müəllim tərif xoşlamır. Dedim, kim xoşlamır tərifi?! Mən xoşlamıram?! Sən xoşlamırsan?!
Azərbaycanın xalq artisti, bəstəkar Hacı Xanməmmədovla ünsiyyətimiz vardı. Allah rəhmət eləsin, bu yaxınlarda haqq dərgahına qovuşub. Qədirbilənlikdən söz düşmüşdü, dedi, Ramiz Zöhrabov (sənətşünas) o günü məni görüb, dedi:
-Hacı müəllim, məni sənətə Siz gətirmisiniz.
Dedim:
-Bunu bilirsənmi?!
-Əlbəttə!- dedi.
Dedim:
-Bax, bu bəsimdi.
Budaq müəllimə də məhz belə tərif - qədirbilənlik lazımdı. Peyğəmbər əleyhissalam deyib: “Həqiqi təvazökarlıq bütün xeyirxah əməllərin mənbəyidir”. Budaq Budaqovu biz həmişə sadəliyin zirvəsində görmüşük. İndinin özündə belə mənə zəng edəndə bircə kəlməylə özünü nişan verir: “Budaqdı”. Hələ onun “Budaq müəllimdi” dediyini eşitməmişəm.
Heç yadımdan çıxmaz, universitetin ilk kurslarında oxuyurduq. Budaq müəllim bizə dərs deyirdi. Bir gün elə oldu ki, o, qabaqda, biz də arxasıyla aşağı mərtəbəyə düşürdük. Kimsə mənim şairliyimi faş elədi. Budaq müəllim ayaq saxlayıb, geri çevrildi və baxışlarımız rastlaşdı. Yadıma Yeseninin sözləri düşdü: “Şair Klyuyevi görəndə məni tər basdı, ilk dəfəydi ki, canlı şair görürdüm.”. Təvazökarlıqdan uzaq olsa da Budaq müəllim mənə məhz bu heyrətlə baxırdı. Sanki ilk dəfəydi canlı şair görürdü. Əslində minlərlə şeir yazanlardan biriydim. Budaq müəllim istedad sahibi olduğundan və istedadlı adamlara hörmətlə yanaşdığından məni də onlardan sayıb, üzümə məhrəm baxmışdı.
Çox keçmədi ki, Budaq müəllim mənə “Nizami Gəncəvinin əsərlərində təbiət” mövzusunda kurs işi verdi. Bu işi böyük məhəbbətlə yazıb, tələbə yoldaşlarımın qarşısında çıxış etdim. Böyük alim bununla mənim yolumu elmə istiqamətləndirmək istəyirdi. Lakin bu istəyini o, təkidlə yox, sadəcə məndə elmi işə maraq oyatmaq arzusuyla bildirmişdi.Ümumən Budaq Budaqovu gəncləri elmə meylləndirmək həvəsində görmüşəm. O, gənclərin dostu, hamisi, xeyirxahı olub, özünün nümunəsində onlara işgüzarlıq, mərdlik, səmimilik təlqin edib. Heç zaman gözləməyib ki, gənclər onun başına yığışsın. Özü gedib onlara qoşulub. Belə şakəri də var Budaq müəllimin. Bununla belə həyatı səmimiyyət üstündə qurulan alimin kiməsə yarındığını görməmişəm. Vəzifəyə sınmaq, şöhrətə əyilmək bu insana yaddır.
Bu yaxınlarda Budaq müəllimin görüşünə getmişdim. Universitet illərində mənə dərs demiş coğrafiyaçı alim, professor Şövqi Göyçaylı da yanında idi. İki müəllimimi bir yerdə gördüyümdən uçmağa qanadım olmadı. Budaq müəllim dedi:
-Qəşəmin bura haçan gəldiyini xatırlamıram.
Dedim:
-Bir dəfə gəlmişəm.
Gülümsədi:
-Yəqin işin düşübmüş.
Şövqi müəllim xudahafizləşib gedəndən sonra Budaq müəllim gileyləndi:
-Gözlərim yaman zəifləyir. Həkimə getməyə də ürək eləmirəm. Qorxuram gözlərimin olan-qalan işığını da itirəm.
Yadıma xarici ölkələrin imkanlı adamları düşdü. Onlar 60 yaşdan sonra özləri üçün yaşamağa başlayır. Odur ki, bütün iş-gücdən əl götürüb, şair demiş, hicra bir guşəyə çəkilib, qulaq dincliyi ilə qocalıqlarını başa vururlar. Bu gün Budaq müəllimin hamıdan çox istirahətə imkanı və haqqı var. Burada heç “imkan” sözünə ehtiyac da yoxdu. Çünki Budaq müəllimin bu dünyadan umacağı elmdir. O özünü Azərbaycan uğrunda elmi mübarizəyə həsr edib. Gözlərinin zəifləməsi isə gənclik ehtirasıyla elm yolunda işləyə bilməyəcəyinə görə ona dərd olub. Amma bu yaşda belə Budaq müəllimin yadına özü üçün yaşamaq düşmür. Onun fikir və həyəcanları elmimiz, ədəbiyyatımız, xalqımız və onun taleyi ilə bağlıdır. Belə yaşamaq isə asan deyil.

"Yer və İnsan" jurnalı