Cənubi Qafqazda sülh: strateji irəliləyiş və geosiyasi siqnal

Böyük bir hadisə münasibətilə — ölkəmizin mürəkkəb, iki yüz illik tarixi yolunu parlaq bir qələbə ilə başa vurması münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Dərin məhəbbət və ehtiramla — xalqımıza bu sevinci və qüruru bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkürümü bildirirəm!

Yaşasın Azərbaycan! Siz var olduqca, dünya da var olsun!

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında tarixi bəyannamə imzalandı. Bu sənəd, onilliklərdir davam edən Qarabağ ətrafındakı gərginliyə son qoymaqla yanaşı, Cənubi Qafqazın geosiyasi mənzərəsini də köklü şəkildə dəyişdirən diplomatik bir zəfərdir.

Sazişin ən mühüm nəticələrindən biri beynəlxalq nəqliyyat dəhlizi TRIPP — Trump Route for International Peace and Prosperity layihəsinin yaradılması oldu. Cənubi Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək bu marşrut ticarət, enerji və kommunikasiya baxımından strateji əhəmiyyət daşıyır. Onun inkişafı üzrə 99 illik eksklüziv hüquqların ABŞ-a verilməsi isə bu ölkənin bölgədə möhkəm mövcudluğunu təmin edir.

Bu addımı Qafqazın geosiyasi xalçasında yeni bir “ipək sapı” çəkməyə bənzətmək olar. TRIPP dəhlizi yalnız logistik arteriya deyil, həm də bölgənin keçmiş incikliklərə və köhnə imperiya təsirlərinə baxmadan dünyaya açıq ola biləcəyinin rəmzidir.

Bu sazişin bir neçə mühüm ölçüsü var:

Diplomatik ölçü — göstərir ki, sülh silah gücü ilə deyil, arqumentlərin gücü və maraqların kəsişmə nöqtələrini tapmaq bacarığı ilə əldə olunur.

Geosiyasi ölçü — Rusiyanın Cənubi Qafqazdakı təsirinin azalması yeni ittifaqlara və tərəfdaşlıqlara qapı açır, bölgədə çoxqütblü təhlükəsizlik sisteminin formalaşmasına şərait yaradır.

İqtisadi ölçü — dəhliz mallar, enerji resursları və texnologiyalar üçün magistral olacaq, keçmiş cəbhə xəttini ticarət yoluna çevirəcək.

Ukrayna üçün bu diplomatik irəliləyiş ikiqat əhəmiyyət daşıyır. Birincisi, Moskvanın həlledici rolu olmadan uzunmüddətli postsovet münaqişələrinin uğurla həllinə nümunə yaradır. İkincisi, Rusiya və ya Belarus ərazisindən keçən ənənəvi, çox zaman riskli marşrutlara alternativ ola biləcək yeni nəqliyyat və enerji yollarının perspektivlərini açır.

Qafqazda sülh — regional sabitlikdir və dünya diplomatiyasının güc balansını dəyişərək gələcəyə yol açmağa qadir olduğunun siqnalıdır. Elə bir gələcək ki, burada “dondurulmuş” münaqişələrin yerini isti ticarət küləkləri tutur, səngərlərin yerini isə körpülər və dəmir yolları alır.

Аrif Quliyev

Hüquq elmləri doktoru, professor, diplomat,

Ukraynanın Əməkdar Təhsil işçisi