Azərbaycan çimərlik güləşi üzrə Avropa çempionatının qalibi olub

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-20 Avropa çempionatı keçirilib.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında qitə birinciliyində ölkəmizi 6 güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb.

Belə ki, 70 və 80 kiloqramda iştirakçılar qrup mərhələsində mübarizəyə başlayıb. Daha sonra yarımfinal və final görüşləri keçirilib. Bu çəkilərin hər birində 2 güləşçimiz çıxış edib. Rübail İbrahimli (70 kq) və Hüseyn Əliyev finaladək irəliləyib. Həlledici görüşdə Rübail komanda yoldaşına qalib gəlib. Fərid Yusifov (80 kq) gümüş, Anar Cəfərli isə bürünc medal qazanıb.

Ağır çəkilərdə milli üzvləri maksimum nəticəyə imza atıblar. Belə ki, Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) Avropa çempionu olublar.

Beləliklə, millimiz U-20 Avropa çempionatında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 95 xalla Avropa çempionu olub. Yunanıstan (58) ikinci, Moldova (37) isə üçüncü yeri tutublar.