Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

Dünyada mövcud geosiyasi vəziyyət fonunda bu gün qiyməti orta hesabla 1 litr üçün 1,47 dollar olan benzinin qiymətində artım gözlənilir. Mütəxəssislər yanacağın bahalaşmasının dörd əsas səbəbini qeyd edirlər.

Birincisi, bu, neftin bahalaşması ilə bağlıdır. Məlum olduğu kimi, benzinin yarısı xam neftdən ibarətdir. Bu, onun əsas məmulatıdı və indi bu məhsul daha bahadır. Proqnozlar göstərir ki, neftin qiyməti artmaqda davam edəcək.

Belə ki, "Fitch Solutions" beynəlxalq reytinq agentliyi Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2022-ci ilin sonu üçün əvvəlki 100 dollar/barellə müqayisədə 105 dollar/barelə yüksəldib. Bu, ilk növbədə Aİ-nin Rusiyadan xammal idxalını qismən məhdudlaşdırmaq qərarı ilə bağlıdır. Bundan əlavə, OPEC+ hələ də aylıq hasilat hədəflərindən xeyli geridədir, eyni zamanda dünyanın neft ehtiuatlarının böyük hissəsinə sahib olan Səudiyyə Ərəbistanı və BƏƏ-nin yaxın müddətdə hasilatı əhəmiyyətli dərəcədə artıra bilməsi ilə bağlı məsələlər qaldırılır. Həmçinin, Liviyada artan siyasi qeyri-sabitlik hasilatda gələcəkdə də davam edəcəyi ehtimal olunan yeni fasilələrə səbəb olub.

Benzinin bahalaşmasının ikinci səbəbi odur ki, havalar isindikcə emalatçılar benzinin yay qarışıqlarına keçirlər. Onlar da baha olduğu üçün qiymətlərin artmasına gətirib çıxarır.

Üçüncüsü, qiymətlərin artmasına və son 40 ilin ən yüksək inflyasiyasına baxmayaraq, insanlar əvvəlki kimi bu mövsüm tətilə getməyi planlaşdırırlar. Yay səyahətlərinin 80-90 faizi avtomobillə olduğu üçün benzinə tələbatın artacağı və qiymətlərin qalxacağı gözlənilir.

Dünya yanacaq bazarında baş verən hadisələr Azərbaycan iqtisadiyyatına necə təsir edir?

Hazırda Azərbaycanda istehlak olunan hər hansı növ yanacağın satışında problem yoxdur. Hazırda Aİ-92 markalı benzinin pərakəndə satış qiyməti bir litr üçün 1 manat olduğu halda, Aİ-95 markalı benzinin bir litri 1,6 manata satılır. Müqayisəli diaqram aydın şəkildə göstərir ki, Azərbaycan benzinin qiymətinin ən aşağı olduğu ilk iyirmi ölkə sırasındadır:

2021-ci ilin sentyabrından dünya bazarında neftin qiyməti təxminən 65 faiz bahalaşsa da, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti sabit qalıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin sentyabrından Türkiyədə Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən isə 93,2 faiz artıb. 2022-ci ilin mart ayından etibarən bu benzinin qiyməti Rusiyada 77,8 faiz, Gürcüstanda 34,8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə isə 51,7 faiz artıb. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da premium benzinin qiyməti 2021-ci ilin sentyabrından bəri 57,7 faiz artaraq litri 1,33 dollara çatıb. Bu, ölkə tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayına olan məlumata görə, Norveç və Böyük Britaniyada Aİ-95 markalı benzinin satış qiyməti müvafiq olaraq 22,7 və 25,3 faiz artıb.

Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənir. Digər markalı benzinlərin qiymətləri onların bazar qiymətindən asılıdır. Eyni zamanda, daşıyıcılar dizel yanacağı və Aİ-92 markalı benzindən istifadə etdiyi üçün Aİ-95 markalı benzinin qiymətinin bahalaşması ölkədə malların dəyərinə təsir etməyəcək. İctimai nəqliyyat, yükdaşıyanlar, şəxsi avtomobillər, müxtəlif xidmət sahələrinə aid avtomobillər yerli benzinlə doldurulur. Aİ-95 benzinindən ölkədə sayı az olan yüksək səviyyəli avtomobillər istifadə edir.

Bundan başqa, artıq gələn il Azərbaycanda AVRO-5 benzininin istehsalına başlamaq planlaşdırılır. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda ildə iki milyon ton Aİ-92 və Aİ-95 markalı benzinin istehsalı nəzərdə tutulur. Aİ-95 markalı benzin istehsalın 40 faizini, Aİ-92 isə 60 faizini təşkil edəcək.

Zavodun istehsal gücü birinci mərhələdə Azərbaycan bazarının dizel yanacağına, həmçinin Aİ-92 və Aİ-95 markalı benzinə olan tələbatını tam ödəyəcək. Azərbaycan bazarında istifadə olunmayacaq həcmlər isə ixraca yönəldilə bilər.//Trend