DAĞ-MƏDƏN İŞLƏRİNİN TARİXİNDƏN

Elnur Şükürov, “Azinterpartlayış-X” MMC-nin direktoru

Bəlli olduğu kimi, dağ-mədən işi yerin təkinin mənimsənilməsi və istifadəsi ilə bağlı insan fəaliyyətinin bir sahəsidir. İnsanların yer qabığına təsirinin bütün növlərini, ilk növbədə, faydalı qazıntıların çıxarılması, onların ilkin emalı, eləcə də dağ-mədən istehsalı texnologiyaları ilə bağlı elmi tədqiqatları əhatə edir.
Zəmanəmizdə dağ-mədən sektoru dünyanın bütün ölkələrinin iqtisadiyyatına və texniki inkişafına güclü təsir göstərən çox mühüm bir sahədir. İnsan hələ qədim dövrlərdən ibtidai alət seçmiş, faydalı qazıntılar və yanacaq ehtiyatlarını əldə etməyə başlamışdır. İndi dünyada dağ-mədən işləri sürətlə inkişaf edir, bu sahədə milyonlarla insan və çoxlu sayda texnika məşğuldur.
Yeraltı sərvətlərlə zəngin olan ölkəmizdə son illərdə dağ-mədən sektorunda ciddi canlanma mövcuddur və bu yüksəlişin yaxın gələcəkdə sıçrayışla baş verməsi üçün real zəmin yaranmışdır. Ona görə də biz bu qədim və inkişaf etməkdə olan sahənin yaranma tarixinə nəzər salaraq fikirlərimizi “Yer və insan” jurnalının hörmətli oxucuları ilə bölüşməyi qərara aldıq.

Sivilizasiyanın inkişafı prosesində faydalı qazıntıların rolunu qiymətləndirmək çox da asan məsələ deyil. Amerika tarixçisi Henri Lyuis Morqanın yazdığı kimi, vəhşi insanlar məhz metalın istehsalı və istifadəsini öyrənəndən sonra sivilizasiya uğrunda mübarizədə onda doqquzunu qazanmış oldu. Metalın istifadəsi əkinçiliyin, inşaatın, sənətkarlığın, hərbi işlərin və mədəniyyətin, ictimai tərəqqinin inkişafına təkan vermişdir. Görkəmli alim Lev Qumilyov iqlimin, landşaftın və təbii sərvətlərin rolunu, təbii olaraq, insan kollektivlərinin -etnosların təkamülünü nəzərə alaraq insanların tarixilə təbiətin tarixi arasında qırılmaz əlaqənin olmasını sübut etmişdir.
Bəzi alimlər hesab edirlər ki, mədən işlərinin mənimsənilməsinin qədim dövrü bir neçə min illər davam etmişdir.
Çox qədim zamanlarda insanlar ətraf mühiti dərk etmək üçün ilk cəsarətsiz addımlar atırdılar. İnsanların əmək alətləri və silah hazırladığı əsas materiallara görə qədim tarix DAŞ, BÜRÜNC və DƏMİR dövrlərinə bölünür.
Bəşər tarixinin 99%-i DAŞ DÖVRÜNÜN payına düşür. Bu da min illər bundan əvvəl Yer üzərində ən qədim tayfalar meydana gələn gündən başlayaraq bizim eradan əvvəl VIII-IV minilliklərə, misdən hazırlanmış əşyaların meydana gəlməsinə qədər davam etmişdir. Daş dövrü bircins olmayıb, öz növbəsində, paleolit (qədim daş dövrü), mezolit (orta daş dövrü), neolit (yeni daş dövrü) dövrlərinə bölünür. Paleolit dövrü bizim eradan əvvəl X minilliyə qədər davam etmişdir.
Qədim insanların həyatı ətraf mühitin ayrılmaz tərkib hissəsi idi. Belə ki, ibtidai tayfalar mağaralarda yaşayaraq xırda heyvanları ovlamaqla və yeməli bitkiləri toplamaqla məşğul olurdular. İnkişafın bu ilkin pilləsində insanlar bərk süxurlardan - çaxmaq daşından, obsidiandan, kvarsitdən, bıçaq və ərsin düzəltmək üçün istifadə edirdilər. Təbii daş lazımi formaya qədər yonulurdu, lakin cilalandırılmırdı. İlk dəfə insanlar daş materiallarını yerin səthindən götürürdülər.
Nəticədə paleolitin axırına yaxın keyfiyyətli çaxmaq daşının yerüstü yataqları nəzərə çarpacaq dərəcədə azaldı. Çaxmaq daşının axtarışı tədricən, dərinlikdən çıxarılması ilə əvəz olundu. Eyni zamanda, insanlar bu dövrdə daşları müxtəlif üsullarla emal etmək üçün artıq təcrübə qazanmışdılar.
Mezolit dövründə (eramızdan əvvəl X-VI minilliklərdə) ibtidai insanların həyat tərzi kəskin surətdə dəyişildi. İnsanlar daşlardan və ağaclardan ev tikməyə başladı; mağaralarda qayaüstü rəsmlər göründü və çay qumlarından tapılmış qızıllar isə zinət əşyalarına çevrildi. Daşların emalı texnologiyası xeyli yaxşılaşdı. İnsan yeni daş silahı hazırladı. İtilənmiş lövhəciklərdən (mikrolitlər) bıçaqlarda kəsici element, oxlarda isə ucluq kimi istifadə edilməyə başlandı. Daş silahların hazırlanması artıq sənətkarlıq səviyyəsinə yüksəlmişdi. Çəkic, külüng, toxa və mədən işləri üçün pazlar (civlər) hazırlanılırdı.
Qədim mədən işləri getdikcə təkmilləşirdi. İnsanlar daş alətlərin köməyi ilə, bir qədər sonra isə heyvanların buynuzları ilə quyular, xəndəklər, çayların sıldırım sahillərində oyuqlar və hətta, yeraltı keçidlər qazmağa başladılar. Belə ilkin mədən işləri Avropanın bir çox ölkələrində - Belçikada, İngiltərədə, Fransada, İsveçrədə, Polşada, Avstriyada, Rusiyada inkişaf edirdi. Arxeoloqlar dərinliyi 18 m-ə çatan çaxmaq daşı çıxardılmış qədim şaxtalar tapmışlar. O vaxtlar əcdadlarımız artıq 20-yə yaxın mineraldan müxtəlif məqsədlər, həmçinin rəng almaq üçün də istifadə etmişlər.
Şəhərlərin inşasında daşlardan istifadə olunurdu. Bibliyada adıçəkilən qədim İerixona qalasının divarları ağ əhəngdaşından hörülmüşdü. Neolit dövründə (e.ə. VI-IV minilliklərdə) insanlar təkcə daşlara forma verməyi deyil, eyni zamanda, onları cilalamağı, parıldatmağı və ülgüc kimi itiləməyi də öyrənmişlər.
BÜRÜNC DÖVRÜNDƏ (e.ə. IV-I minilliklərdə) insanlar təbii misi əldə etmişlər. Asanlıqla döyüldüyü üçün ondan müxtəlif əşyalar hazırlamaq mümkün idi. Lakin mis çox yumşaq metal olduğundan ondan kotan və hərbi silah hazırlamaq mümkün olmurdu. Bəzən mis filizində qalayın, qurğuşunun, sürmə və gümüşün qatışıqları aşkar edilirdi. Qədim metallurqlar metalı əritdiyi zaman misin yerinə xəlitə alırmış və onu o vaxtdan bürünc adlandırmışdılar. Bu xəlitə də yaxşı döyülməyinə görə fərqlənirdi, lakin təmiz misə nisbətən daha möhkəm idi. Bunu aşkar etdikdən sonra insanlar şüurlu surətdə misə digər metalları da əlavə etməyə başladılar.
Bürüncün kəşfi bəşər tarixində əsaslı dönüş yaratdı. Çox yüksək qiymətləndirilən bürüncdən silah, əmək alətləri və bəzək əşyaları hazırlanırdı. Qədim dövrlərdə dövlətlər üçün mis istehsalı və emalı mərkəzlərinin mövcudluğu böyük əhəmiyyət kəsb edirdi; belə ki, çox vaxtlar belə yerlərdə həm də iqtisadi və siyasi mərkəzlər təşəkkül tapırdı. Kriti, Afinanı, Makedoniyanı, Aralıq dənizi ölkələrində Spartanı, Çində Yantsı çayının orta axarında Çanan şəhərini və digərlərini buna misal göstərmək olar. Məşhur qədim mədənlərdən biri Dəclə çayının yuxarı axarında Erqan-Mədən adlanan yerdə, digəri isə Türkiyənin Anadolu əyalətində Çatal-Hyuyuk adlanan məntəqəsində yerləşirdi və onlar e. ə.VII-VI minilliklərdə istifadə olunmuşdur. Elə bu vaxtdan da Misirdə mis filizlərinin istehsalının əsası qoyulmuşdur.
Metallar dövrünün başlanğıcında mədən sənayesinin görkəmli abidəsi sayılan Aybunar (e.ə.IV-VI minilliklərdə) Cənubi Bolqarıstanın Starazaqor Şəhərindən 8 km aralıda yerləşir. Burada uzunluğu 110 m və dərinliyi 30 m-ə çatan xəndəyə oxşar 11 karxana tapılmışdır. Qazmaçılar qazma işlərində buynuz külünglərindən və mis baltalarından istifadə etmişlər.
Müasir hesablamalara görə, bu mədənlərdən 18 min tondan 27 min tona qədər süxur çıxarılmışdır. Qazmalar boş süxurlarla yenidən doldurulmuşdur. Bu da güman ki, təbii şəraiti bərpa etmək məqsədilə həyata keçirilmişdir. Bürünc dövrü sivilizasiya, xüsusilə Aralıq dənizi ölkələrində -Yunanıstanda, Finikidə və Misirdə coşqun inkişaf tapmışdır. Burada bürünc almaq üçün daha çox lazım olan xammal - qalay çatışmırdı. Qalay yataqları az idi, amma ona olan tələbat getdikcə artırdı. Məlumdur ki, qalay Yunanıstanda Delfi şəhəri yaxınlığındakı Xrizey vadisindən çıxarılırdı.
Qalayın bir hissəsi Apennin yarımadasından və hətta indiki Britaniya adalarından (Komuol yarımadasının ərazisindən) gətirilirdi. Mislə bağlı problem yox idi, belə ki, mis Şimali Aralıq dənizi ölkələrində geniş yayılmışdı. Qızıl ayrı-ayrı çayların qumlarından yuyulmaqla və eləcə də Yunanıstanın cənub-şərqindəki dağlardan, İspaniyanın şimal-qərbindəki Kantabri dağlarının kvars damarlarından çıxarılmaqla əldə edilirdi. Bürünc dövrünün sonlarında mədən işlərinin yeni istiqaməti, inşaat daşlarının istehsalı və emalı təşəkkül tapdı. Bu fəaliyyət sahəsi Qədim Misirdə xüsusilə geniş yayılmışdı.
Xeops piramidasının inşası üçün hər birinin çəkisi iki tondan on beş tona qədər olan 2,3 milyon ədəd daş blok sərf edilmişdir. Bu dövrdə insanlar artıq üzlük və qiymətli daşlarla (topaz, xrizotil, lazurit və s.), mineral piqmentlər və gipslə tanış oldular. Sinay yarmadasında firuzə istehsalçılarının dini mərasimlərinə aid ilk qayaüstü təsvirlər aşkar edilmişdir.
DƏMİR DÖVRÜ (təqribən e.ə. X əsrdə) - insanların həyat tərzində yeni köklü bir dönüş yaratdı. Misə nisbətən yataqları daha tez-tez rast gəlinən dəmir bürüncü əvəz etdi. Əvvəllər dəmir hökmdarlar metalı sayılardı. Döyüşlərdə hərbçilərini dəmir silahlarla təchiz edən tərəf qələbə çalardı. Silah hazırlamaq üçün dəmirçıxanalar təşkil edilirdi. Tayfaların çoxusu, hətta bütün əhali ancaq mədən işləri və metalçılıq sənətilə məşğul olmağa başlamışdılar. İlk dəfə dəmir əritmək sənətini Qara dəniz sahillərində, Şərqi Anadoluda filiz çıxaran “əfsanəvi dəmir ustaları” xaliflər öyrənmişlər.
Dəmirin əvvəlcə meteoritlərdən, sonra isə oksid filizlərindən alınması faktı e.ə. III minilliyin ortalarında Mərkəzi Anadoluda qeydə alınmışdır. E.ə. II minilliyin sonunda bürünc arxa plana keçdi. Artıq Anadoluda və İranda çoxsaylı dəmir yataqları istismar olunurdu. Qədim Çində Çjou dövründə (e.ə. 1027-256 və ya 249-cu illərdə) dəmir filizindən çuqun əridilmiş və bu məhsuldan möhkəm polad istehsal etməyi də öyrənmişdilər. Elə o zamandan da ilk metal pullar kəsilməyə başlandı.
E.ə. I əsrdə praktiki olaraq bütün Avropa ölkələri dəmir filizi yataqlarının istismarına başladı. Dəmirin alınması üsulunu müasir Fransanın, Belçikanın, İsveçrənin, Böyük Britaniyanın, Danimarkanın, Şimali İtaliyanın, Çexiyanın ərazilərində məskunlaşan kelt (gallar) tayfaları da bilirdi. Keltlər öz yaşayış məskənlərini həmişə limonit yataqlarının (qonur dəmir) yaxınlığında salırdılar.
Hər bir məskəndə, bir qayda olaraq, gildən hazırlanmış əridici sobalar olardı. Sobalar adam boyu hündürlüyündə olub yuxarıdan və aşağıdan deşikləri olan dairəvi boş tikililərdən ibarət idi. Sobanın dibinə ağac kömür qoyulardı, üstünə isə növbə ilə kömür və filiz düzülərdi, sonra od vurular və aşağıdakı deşiklərdən dəri xəzlərdən düzəldilmiş alətlərilə hava üfürülərdi (dartılan divarcıqlı alətlə). Kömür yanıb və filiz əriyəndən sonra sobada iri qarpız boyda ölçüsü olan metal parçaları qalırdı ki, bunları da kris (közərdilən dəmir) adlandırırdılar.
Dəmirçi çəkiclə döyüb şlakı çıxarır və əridilmiş dəmirdən gələcəkdə məmulat hazırlamaq üçün müxtəlif formalar hazırlayırdı. Keltlər dəmir hasil etmək və silah hazırlamaq sahəsində ustalaşdılar və hətta, romalıları da ötüb keçdilər. E.ə. 390-cı ildə keltlər Roma şəhərindən 40 km şimalda, onun 40 minlik ordusunu pərən-pərən salmış, şəhəri tutmuş və talan etmişlər. Dünya sivilizasiyasının Qərbi Avropa mərkəzinin yaradılmasını dəmir dövrünün ən əhəmiyyətli hadisəsi də saymaq olar.
E.ə. I minillikdə burada bir neçə dövlət yaranmış, inkişaf etmiş və sonda süquta uğramışdır. O vaxtdan etibarən antik dövr insanlarının yüksək mədəniyyətinin əsası qoyulmuşdur. Antik dövrdə dövlətlərin inkişafi üçün vacib şərtlərdən biri onun ərazisinin faydalı qazıntılarla zəngin olması idi. Bu xammallara sahib olmaq üçün ara verməyən müharibələr getmişdir. Aralıq dənizində yunan koloniyalarının yaranmasının əsas səbəbi qızıl və gümüşə, qalaya, misə, dəmirə olan tələbatdan irəli gəlirdi. Qədim yunanlar şərqə, “qoyunun qızıl dərisi” ardınca yürüşü zamanı Qafqazda Rioni çayı hövzəsinin qumlarından qızıl, Krımda Kerç yarımadasından isə dəmir filizləri çıxarmışlar. Antik dövrdə inşaat işlərinin geniş vüsət alması və monumental incəsənətin inkişafı daşların, xüsusən də mərmərin çıxarılmasına xüsusi təkan verdi.
Şaxtalarda su vuran mexanizmlərdən (Arximed vinti), ventilyasiyalardan və təkmilləşdirilmiş qaldırıcılardan istifadə edilirdi. Mədəndə hasilat işləri bəzən 150-200 m dərinlikdə aparılırdı. Məsələn, hələ romalıların dövrünə qədər Lavrionanın (Yunanıstanın) gümüş-qurğuşun mədənlərində dərinliyi 120 m-ə qədər olan iki mindən çox şaxtanın bünövrəsi qoyulmuş və 120 mln ton filiz çıxarılmışdır.
E.ə. IV əsrdə Samos adasında, qayaların altı ilə uzunluğu 1 km olan su kəməri tunelinin çəkilməsi qədim mədən işçilərinin böyük ustalığa malik olmasını göstərir. Tunelin çəkilişi qayanın hər iki tərəfindən ayrı-ayrı dəstələrin iştirakı ilə aparılmış və qazmaçılar nəzərdə tutulmuş yerdə səhvsiz və vaxtında görüşmüşlər. Yunan imperiyası dövründə dağ-mədən işlərinə İberiya yarımadasında, Balkanlarda və digər rayonlarda böyük əhəmiyyət verilirdi . Dağ-mədən işlərini aparmaq üçün çoxlu ağac kömürü lazım gəlirdi. Mis, dəmir, qalay və qurğuşun yataqları istismar olunan yerlərdə meşələr tez qırılıb qurtarırdı. Məsələn, Kipr adasında yüzillik içində meşə iki dəfə tam məhv edilmişdir. Belə olanda mis mədənlərində həyat dayanır, sənətkarlar və mədən işçiləri çıxıb başqa ölkələrə gedirdilər. Onlar yalnız meşələr bərpa olandan sonra geri qayıdırdılar.
Tirren dənizində yerləşən Elba adasında meşə tam qırılıb tükəndiyi üçün çıxarılan dəmir filizi İtaliyaya daşınırdı. Antik mədəniyyət daxilində, təbiətşünaslığın əsası və eləcə də faydalı qazıntılar haqqında elmin rüşeymi inkişaf tapırdı. Yeraltı sərvətlər haqqında ilk məlumatlara Homer və Lukresiyanın poemalarında, Aristotelin, Teofrastarun, Böyük Pliniyin və digər antik müəlliflərin əsərlərində rast gəlmək olar. Bu əsərlərdə 670 mineral haqqında məlumat verilmişdir.
Qədim Misirdə metalların, xüsusən də qızılın çıxarılması və işlənməsi ilə bağlı dəyərli məlumatlar məşhur Turin papirusunda toplanmışdır.
Papirus əvvəllər Misirdə fransız baş konsulu vəzifəsini tutmuş italyan, “qədim əşyalar ovçusu” adlandırılan Bernardino Drovetti tərəfindən 1820-ci ildə Misirin Luksor şəhərində bir adamdan alınmışdı və 1824-cü ildə onu İtaliyanın Turin şəhərindəki Misir muzeyinə satmışdı. Papirusda Misir və onun hökmdarları olan Fironlar barədə çox dəyərli tarixi məlumatlar cəmlənmişdi.
Metalların istehsalı qədim Misirdə geniş inkişaf tapmışdı. Hələ eramızdan əvvəl IV minillikdə misirlilərə ən azı altı metal - mis, qızıl, gümüş, qalay, qurğuşun və civə məlum idi. Bir qədər sonra bu sıraya dəmir də əlavə olundu. Qızıl istehsalı kifayət qədər yüksək səviyyədə idi. Hesablamalara görə, qədim Misir sivilizasiyası dövründə 3500 tona yaxın qızıl istehsal olunmuşdur. Artıq eramızdan əvvəl III minillikdə Şərqdə Nil çayı və Qırmızı dənizin arasında yerləşən mədənlərin ətrafında 45 yaşayış məskəni məlum idi ki, bunların da çoxu Kena - El-Hüseyr yolunun cənubunda salınmışdı. Arxeoloji qazıntılar yeraltı mədən işlərinin 100 m dərinliklərə qədər aparıldığını sübut edir. Qızıl yataqlarının istismarı Yeni çarlıq dövründə daha da çiçəklənməyə başlandı (e.ə. 1580-1080-ci illərdə), faraon I Tutmosın dövründə ildə 40 tona yaxın qızıl istehsal olunmuşdur (e.ə. 1555-1501-ci illərdə). Turin papirusu - qızıl yataqlarının dünyada məlum olan ən qədim xəritəsi, II Ramzesin hökmdarlığı dövrünə (e.ə.l317-1251-ci illər) təsadüf edir. Məşhur misirşünas I.M.Lurenin fikrinə görə, bu xəritədə Şərqi səhradakı Vadi-Xammamat rayonu göstərilmişdir.
Ümumiyyətlə, qədim vaxtlar geologiya elmləri hələ formalaşmamışdı. Bəşəriyyətin və o cümlədən mineralların mənşəyilə daha çox filosoflar maraqlanırdılar. Onlardan bəziləri (məsələn, Fales) dünyanın ilkin maddəsinin, yaradıcı və dəyişdirici başlanğıcının su, digərləri isə bütün dünyanı dolduran “kosmik alov” (o cümlədən, Heraklit) olduğu qənaətində idilər.
Roma imperiyasının süqutundan sonra orta əsrlərin ilk mərhələsində dağ-mədən işləri sahəsində durğunluq yarandı. 500 il ərzində edilmiş kəşflərin sayı da çox az idi; məlum yataqların istismarı da genişləndirilməmişdi, ancaq Skandinaviya, Orta Asiya, Qafqaz və Uralda bir neçə mədən aşkar edilmişdi. Qərbi Avropada yeni şəhərlərin salınması işi, demək olar ki, dayandırılmışdı. X əsrdən ancaq bəzi sahələrin inkişafında canlanma müşahidə edilməyə başlandı. Memarlıqda yaranan Roma üslubu özünün sərtliyi, sadəliyi və möhtəşəmliyi qalalarda və xristian kilsələrində təcəssümünü tapırdı. Bu vaxtdan etibarən tikinti daşlarının istehsalına başlandı. İnşaatda əhəngdaşıları və mərmərlə birlikdə qumdaşıları və qranitdən də istifadə edilirdi.
XII-XIII əsrlərdə Qərbi Avropada memarlıq sahəsində yeni qotik üslubu təşəkkül tapmağa başladı, bu da daşların emalında yeni texnikanın tətbiqinə geniş imkanlar yaratdı. Yerli karxanalardan çıxarılan yüngül və möhkəm əhəngdaşıları divar və dayaqların qalınlığını azaltmağa, pəncərələri böyütməyə və bunları incə çatma tağlarla, oyma fasadlar və dekorativ pəncərə hörgülərilə bəzəməyə imkan verdi.
XI-XV əsrlərdə Avropada dağ-mədən işlərində canlanma hiss olunurdu. Çexiyanın, Almaniyanın, İsveçrənin, Fransanın ərazilərində yeni filiz-mədən sənayesi mərkəzləri yaranırdı. Məsələn, Qarsda - dəmirin və gümüşün (970-ci ildən), Frayberqdə - gümüş və qurğuşunun (1170-ci ildən), Mansfelddə - misin, Qallidə - daş duzun istehsalına başlandı. Bu mərkəzlərdə çıxarılan mineral xammalın onda bir hissəsini dövlətə vergi kimi verən müstəqil qazmaçılar məskunlaşmışdılar.
Beləliklə, imperator Fridrix Barbaross 1158-ci ildə mədən işləri sahəsində ilk qanunlardan biri sayıla biləcək - mədən işlərində dövlətə məxsus inhisar hüququ barədə qanun çıxardı. Qədim zamanlarda olduğu kimi, orta əsrin ilk dövrlərində də dəmir bilavasitə filizdən alınmırdı, əridilən dəmir isə kül və süxur qatışığı olan metal parçasından ibarət olurdu.
XIV-XVI əsrlərdə bürünc və çuqun tədarük edilən iri tökmə sobalardan istifadə edilməsi metallurgiyanın inkişafında növbəti addım oldu. Emal edilmiş çuquna ikinci dəfə hava verməklə əridildikdə polad alınırdı.
Əvvəllər filiz açıq üsulla çıxarıldı, lakin sonra dərinlikdə yatan filizləri çıxarmaq üçün şaxtaların qurulmasına başlanıldı. Bu zaman şaxtaların subasması ilə mübarizə problemi yarandı. Əvvəllər şaxtadan suyu insanların, sonra qoşqu heyvanların köməyi ilə çıxarırdılar. XVIII əsrin əvvəllərində şaxtalardan suyun porşenli nasoslarla vurulması tətbiq olunmağa başladı.
XVIII əsrin sonlarından etibarən sənaye inqilabının başlanması ilə əlaqədar daş kömür yataqlarının kütləvi yeraltı işlənməsinə başlanıldı.
XIX əsrdə şaxtalardan çıxarılmış kömürü daşımaq üçün atlardan istifadə etməyə başladılar.
XIX əsrin sonu - XX əsrin əvvəllərində dağ-mədən işlərində yeni partlayıcı maddələr: dinamit və ammonitdən istifadə olunmağa başlanıldı ki, qazma-partlayış işlərinin aparılmasında mühüm rol oynamağa başladı.
Sonrakı dövrlərdə elmi-texniki tərəqqi ilə əlaqədar dağ-mədən işlərinin aparılması xeyli yüngülləşdirildi.
Hazırda planetimizin yer təkindən il ərzində çıxarılan faydalı qazıntıların miqdarı 20 milyard tona yaxınlaşır.