BÖYÜK COĞRAFİ KƏŞFLƏR VƏ QƏDİM ƏRƏB MƏDƏNİYYƏTİ

Qədim dünyada onlarca müxtəlif dövlət və mədəniyyətlər təşəkkül tapmışdır. Hər bir sivilizasiya dünyanın dərk olunmasında özünün xüsusi təkrarolunmaz yollarını hazırlamış, nadir anlayışlar hərtərəfli düşünülmüş və alınmış məlumatlar şərh edilmişdir. Buna baxmayaraq, coğrafi məlumatların əldə olunması üsulları karfagenlilər və hindlilərdə, misirlilər və ərəblərdə ümumi idi.
Qorunub saxlanmış yazılı abidələrə əsasən Misir, Assuriya, Hindistan, Finikiya və Çinin qədim sivilizasiya qurucularının coğrafi bilikləri haqqında mühakimələr yürütmək olar.
Oxucularımızın təklifi ilə biz “Yer və insan” jurnalının növbəti saylarında qədim zamanlardan son əsrlərədək Yer kürəsində baş verən Böyük Coğrafi Kəşflər - Mesopotamiya xalqları, Finikiya və Karfagen dənizçiləri, qədim Hindistan və Çindəki tarixi-coğrafi bilgilər barədə maraqlı yazılar verməyi planlaşdırırıq.
Bu silsilədən olan yazıları biz qədim Ərəb mədəniyyəti barədə söhbətlə başlayırıq.
Ərəb mədəniyyəti - “Min bir gecə” nağıllarını oxuyarkən uşaq yaşlarından tanıdığımız zəngin ərəb sivilizasiyasının bir hissəsidir. Bu nağıllar xəyalən bizi möcüzə, macəra və səyahət dolu Şərq dünyasına aparırdı.
Sonralar Nəsir Xosrovun, Rudəkinin, Ömər Xəyyamın, Sədinin, Ruminin, Hafizin şeirlərilə tanış olduq. Bu şairlərin bəziləri öz dövrünün görkəmli alimləri olmuşlar. Bəzən isə əksinə, adları elmlə hallandırılanlar söz dünyasına böyük töhfələr vermişdilər. Məsələn, Ömər Xəyyam riyaziyyat, astronomiya və fəlsəfəyə dair əsərlərin səhifələrində rübailər yazırdı. Avropada Avisenna kimi tanınmış görkəmli alim və həkim İbn Sina (təqribən 980-1037) çox gözəl fəlsəfi və lirik şeirlər müəllifidir.
Ərəb mədəniyyəti VII-X əsrlərdə Ərəb xilafətində yaranan və sonradan xilafətin dağılması nəticəsində əmələ gəlmiş dövrlərdə inkişaf edən orta əsrlər mədəniyyəti hesab edilir. Ərəblər çox qısa zamanda İslam devizi altında qərbdə İspaniyadan, şərqdə Hindistana qədər bir çox xalqları və ölkələri fəth edib birləşdirə bildilər.
Roma imperiyasını süquta uğradan avropalılar yunan və Roma mədəniyyətini qısa zamanda mənimsəyə bilmədilər. Lakin ərəb dünyası fəth etdiyi xalqların mədəniyyəti və elmi biliklərilə çox sürətlə zənginləşirdi. Xilafətdə elmin və incəsənətin çiçəklənməsi üçün çox əlverişli şərait yaranmışdı. Əlbəttə, bu, çox sərt bir dövlət idi. Lakin burada erkən dövrlərin ədəbiyyatını və ərəblərin nailiyyətlərini bizim günlərə çatdıran çoxlu yazılı abidələr toplanmışdı.
Ərəb elminin və mədəniyyətinin sürətli inkişafı hərbi uğurlarla deyil, daha çox mövcud şəraitlə bağlı idi. Yəqin ki, əsas amillərdən biri o dövrdə xüsusilə təkmilləşmiş ərəb dili və yazısı idi. Hər bir müsəlman İslamın müqəddəs kitabı Quranı oxumaq üçün ərəb dilini öyrənirdi. Digər amil, əlbəttə ki, ticarət idi.
Şərq tacirləri ərəb dilinin və İslamın yayılmasına, elmin, xüsusilə də coğrafiyanın zənginləşməsinə kömək edirdilər. Onlara şəhərlər arasındakı məsafəni, karvanların keçdiyi ərazilərin xüsusiyyətlərini, xalqların adət və ənənələrini, müxtəlif ölkələrin təsərrüfatlarını bilmək lazım idi. Ərəb tacirləri karvan və gəmilərlə ərəb istilaçılarının fəth etdikləri ölkələrdən daha uzaqlara gedirdilər.
Onlar Afrikanın şərq və qərb sahilləri boyu cənuba doğru böyük məsafələr qət edirdilər. Ərəb tacirləri Hindistanla daha geniş ticarət əlaqələri qurmuşdular. Onlar buraya at gətirir, geriyə isə bahalı parçalar, fil sümüyü, qiymətli daşlar və ədviyyatlar aparırdılar. Ərəblər Avropa, Çin, Orta və Cənubi Asiya ölkələrilə də ticarət edirdilər. Xəlifələr alimləri, şairləri və rəssamları himayə edirdilər.
Ərəb-müsəlman dünyasında savadlılıq yüksək nüfuz hesab edilirdi. İlk illərdə ərəb alimləri fəth edilmiş ölkələrdən gətirilmiş kitabları tərcümə edir və öyrənirdilər. Lakin sonradan onların öz kəşfləri də meydana çıxdı. Ərəb elminin xarakterik xüsusiyyəti onun təcrübədə, xüsusilə də coğrafiya, kimya, tikinti və dəniz işlərində tətbiqilə bağlı idi. 762-ci ildə qədim Babilistanın xarabalıqları yaxınlığında xilafətin paytaxtı Bağdad şəhərinin əsası qoyuldu. Tezliklə Bağdad dünyanın elm və mədəniyyət mərkəzinə çevrilərək, üç əsr bu adı daşıdı. Burada “Müdriklər evi”ndə xəlifə Harun ər-Rəşidin rəhbərliyi altında Evklidin, Ptolemeyin, Aristotelin, Hippokratın və digər antik müəlliflərin elmi əsərləri tərcümə edilirdi. Tərcüməçi kimi fəth edilmiş ölkələrin alimləri cəlb edilirdi. “Müdriklər evi”ndə böyük kitab­xanadan başqa iki rəsədxana da var idi.
Bu işlər Harun ər-Rəşidin oğlu xəlifə əl-Məmunun dövründə də davam etdirilirdi. Əl-Məmun tərcümə edilmiş əsərləri onların çəkisi ağırlığında qızılla qiymətləndirirdi. Onun göstərişi əsasında ekvatorun uzunluğu ölçüldü (nəticə real uzunluqdan bir qədər qısa alındı). Yalnız X əsrin sonunda Bağdad elmdəki birinciliyi Qahirəyə təhvil verdi. Yüzilliklər boyu ərəb elminin mühüm mərkəzləri İspaniyanın Kordova, Sevilya, Malaqa və Qrenada şəhərləri olmuşdur.
Coğrafi ədəbiyyatlar, xəritələr və səyahətçilər Ərəb coğrafiyaçıları İspaniyadan Hindistana qədər uzanmış bütün ölkələrin dolğun təsvirini vermişdilər. Onlar yaşayış məntəqələri, əkin sahələri, səhralar, meşələr, çaylar, dağlar, faydalı qazıntılar, heyvanlar və iqlim haqqında maraqla danışırdılar. Bu əsərlərdə mədəniyyət, din, təsərrüfat və hətta əhalinin antropoloji xüsusiyyətləri geniş şərh edilirdi. Ərəblər coğrafiyanı riyaziyyatdan və astronomiyadan asılı şəkildə öyrənirdilər.
Onlar coğrafi koordinatları təyin etmək üçün müxtəlif üsullar təklif etmişdilər. Bağdad “Müdriklər evi”nin rəhbəri Məhəmməd ibn Musa əl-Xarəzmi özünün ən mühüm əsərində - “Bərpa və ziddiyyət haqqında kitab”ın­da riyaziyyat və cəbrlə yanaşı, coğrafiyanın da bir sıra məsələlərini (coğrafi enliyin təyini və s.) işləmişdir. Ona məxsus olan digər əsərdə, “Yer mənzərəsi haqqında kitabı’nda Ptolemeyin baxışlarını inkişaf etdirmişdir. Məhz bu əsər ərəb coğrafi ədəbiyyatının simasını müəyyənləşdirdi. Bir sıra ölkələrin və ticarət yollarının təsvirini əks etdirən erkən coğrafi əsərlərdən biri IX əsrdə İbn Xordadbehə məxsusdur. O, az səyahət etsə də, Cabal əyalətində poçt və polis rəisi, daha sonra isə Bağdad xilafəti sarayında işlədiyi üçün zəngin coğrafi biliklərə malik idi.
Müxtəlif ölkələrin iqlimi haqqında ərəb səyyahlarının topladığı məlumatları 921-ci ildə əl-Bəlxi dünyanın ilk iqlim atlasında ümumiləşdirdi. Ərəb coğrafiyaçıları müəyyən etmişdilər ki, iqlim nəinki bir enlikdən digərinə keçdikdə, hətta bir enlik boyu da dəyişir; Cənub yarımkürəsinin çox hissəsini okeanlar əhatə edir, materiklər isə əsasən Şimal yarımkürəsində cəmlənmişdir (bu barədə Müqəddəsi 985-ci ildə yazmışdır).
Daha sonralar da dəyərli əsərlər yazılmasına baxmayaraq, ərəb coğrafi ədəbiyyatının çiçəklənmə dövrünə - X əsrə təsadüf edir. Yəqin ki, bizim dövrün ən məşhur ərəb müəllifi İbn Sinadır. Onun tədqiqatları tibbi istiqamətdə olsa da, coğrafiya elminə də böyük töhfələr vermişdi. O qeyd edirdi ki, dağlar yarandığı andan su axınları tərəfindən dağıdılır və bu səbəbdən ən hündür zirvələr daha bərk süxurlardan təşkil olunmuşdur. Bu fikir doğru olsa da, bəzi istisnaları qeyd etmək lazımdır.
Belə ki, nisbətən yeni tektonik hərəkətlər nəticəsində qalxmağa başlamış bəzi dağların yüksəkliyində yumşaq süxurlara da rast gəlmək mümkündür. Müasir dünyada çox yaxşı tanınmış Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni (973 - təqribən 1050) Xarəzmdə doğulmuş, Qəznidə (Əfqanıstan) yaşamış, ərəb dilində coğrafiya, Hindistanın tarixi, riyaziyyat, fizika və geologiyaya aid elmi əsərlər yazmışdır.
Çox maraqlıdır ki, onun min il əvvəl yazdığı əsərlər bu gün də böyük maraqla oxunur. Riyaziyyat və təsviri coğrafiyaya həsr edilmiş “Astronomiya və ulduzlara dair Məsud cədvəli” əsərində o, enliklərin müasir geodeziyaya çox yaxın olan triqonometrik ölçmələr əsasında təyin edilməsini təklif etmişdi.
Yerin Günəş ətrafında hərəkət etməsi fikrini Orta Şərq alimlərindən ilk dəfə Biruni söyləmişdi. O, Yer çərçivəsinin uzunluğunu hesablamış, Orta Asiyanın topoqrafiyasına həsr edilmiş əsərində Amudərya çayının məcrasının geoloji keçmişdə dəyişməsi haqqında məlumat vermişdi. Biruninin əsərlərinin çoxu ərəb dilində, bəzi kitabları isə fars dilində yazılmışdır. İdrisinin tərtib etdiyi xəritələr orta əsrlər Avropasında uzun müddət ən mükəmməl və etibarlı hesab edilirdi.
Məhəmməd peyğəmbərin nəslindən olan Əbu Abdullah ibn İdrisi (1100- 1161 və ya 1165) Mərakeşdə, Seuta şəhərində doğulmuş, təhsilini isə İspaniyanın Kordova şəhərində almışdır. Siciliya kralı II Rocer onu saray kartoqrafı vəzifəsinə dəvət etmişdi. Siciliya o dövr­də “Qərbi İslamın mirvarisi” hesab edilirdi.
Palermoda tacirlərin, dəniz səyyahlarının və müxtəlif millətlərdən olan ziyarətçilərin yolları kəsişirdi. İdrisi onlardan maraqlandığı məlumatları toplayırdı. O, öz agentlərini uzaq ölkələrə göndərir, özü isə çoxlu səyahət edirdi. O, 15 il ərzində topladığı məlumatlar əsasında “Ölkələri dolaşmaqdan yorulmuşun əyləncəsi” (1154—cü il) əsərini yazmışdır. Bu əsərdə Şimali Afrikanın və Yaxın Şərqin ərəb ölkələri, Avropa dövlətləri haqqında geniş məlumat verilirdi.
İdrisi Yer çevrəsini uzunluğu 42 410 km olan kürə şəklində təsəvvür edirdi. O, Yeri yeddi iqlimə, hər iqlimi isə on seqmentə bölmüş və onların ayrı-ayrılıqda təsvirini vermişdir. Kitaba dairəvi gümüş lövhə (70x 118 sm) və 70 düzbucaqlı kağız vərəq şəklində xəritələr də əlavə edilmişdir.
Bu xəritələr Ptolemeyin bizim planet haqqındakı təsəvvürləri əsasında tərtib edilmişdi. Kitab və xəritələrin orijinalı saxlanmasa da, onların surəti bizim günlərə qədər gəlib çatmışdır. Ərəb mənbələri xəbər verir ki, sonradan İdrisi 1161-ci ildə daha mükəmməl mətn və 73 vərəqdən ibarət müfəssəl xəritə tərtib etdi ki, bunun da əsasında atlas yaradıldı. Bu atlas “Kiçik İdrisi” adı ilə məşhurdur. Güman edilir ki, siciliyalı dəniz səyyahları gəmi idarəetmə üsullarını təkmilləşdirərək, öz təcrübələrini genuyalılara, onlar isə öz biliklərini portuqaliyalılara ötürmüşdülər.
Beləliklə, demək olar ki, Böyük Coğrafi kəşfləri ərəb dəniz səyyahlarının təcrübəsi müəyyənləşdirmişdi. Portuqaliyalı Vasko da Qamanın gəmisini Hindistana qədər idarə edən və Nəcd şəhərindən olan görkəmli ərəb dəniz səyyahı, kapitan Əhməd ibn Məcid ibn Məhəmməd əl-Sədi Ərəbistan dənizi haqqındakı biliklərini 40 kitabda təsvir etmişdir. Ərəb coğrafiyaçılarına və dəniz səyyahlarına Hind okeanının şimalındakı hakim küləklərin istiqaməti və onların mövsümi dəyişkənliyi məlum idi.
Bu atmosfer sirkulyasiyasının qlobal şəkildə dərk edilməsinin ilk addımları idi. Biz görkəmli əsərlər yazmış ərəb coğrafiyaçılarından yalnız bir neçəsinin adını yada saldıq. Böyük məsuliyyətlə demək olar ki, müasir coğrafiya elminin əsas elementləri ərəb dünyasında formalaşmışdı.
XIV əsrdə yaşamış İbn Bəttutə dünyanın ən məşhur səyyahlarından hesab edilir. O, Tancərdə (Mərakeş) doğulmuş və mədrəsəni bitirmişdir. Çox güman ki, səyahətə həvəs onda Məkkə ziyarəti zamanı oyanmışdır, ibn Bəttutə 1325-ci ildə, 21 yaşında ikən, Şimali Afrikadan keçərək Misir, Efiopiya və Ərəbistan yarımadası ilə tanış oldu. Lakin Məkkəyə çatdıqdan sonra o, geriyə qayıtmağa tələsmədi.
Bəttutə Afrikanın şərq sahilləri boyu ekvatordan cənuba doğru, təqribən 2 min km məsafəni qət etdi. Sonra Məkkəyə qayıdaraq Suriya, İran, Anadolu, Krım və Qızıl Orda istiqamətində səyahətə çıxdı.
Qızıl Ordanın paytaxtı Sarayda (Volqanın aşağı axınında) Özbək xan onu böyük ehtiramla qəbul etdi. Xanın səfirilə İbn Bəttutə Konstantinopola (İstanbul) baş çəkdi. Daha sonra Volqa boyunda oldu, Bulqara qədər (Kamanın mənsəbi) gəzdi, Buxaraya və Səmərqəndə səyahət etdi, Hindistanda bir neçə il tacir kimi yaşadı.
Dehlidə o, Dehli sultanlığının səfiri səlahiyyətinə yüksəldi və dəniz yolu ilə Zond adalarından keçməklə Çinə yollandı. Yalnız 1349-cu ildə Bəttutə Seylon (Şri-Lanka), Suriya və Misirdən keçməklə, yenidən Mərakeşə qayıtdı. 1352-1353-cü illərdə yorulmaz səyyah Böyük Səhradan keçməklə cənuba yola düşdü. Qayıtdıqdan sonra mirzə onun səyahətlərini qələmə aldı. Bu yazılarda o, gəzdiyi ölkələrin təbiəti, şəhərləri, ictimai həyatı və tarixi haqqında geniş məlumatlar verirdi.
Təqribi hesablamalara görə Bəttutə 30 il ərzində 120 min km-dən çox məsafə qət etmişdi ki, bu da XIV yüzillikdə ağlasığmaz bir şey idi.
Çoxsaylı müharibələrə və dağıntılara baxmayaraq, ərəb elminin yarandığı və çiçəkləndiyi dövrdən bizim günlərə xoşbəxtlikdən, çoxlu kitab gəlib çatmışdı.
Yəqin ki, ərəb müəlliflərinin bir çoxu hələ də müasir elm dünyası üçün açılmamış və tədqiq edilməmişdir.

“YER VƏ İNSAN” jurnalı