NİZAMİ İRSİNİN TƏDQİQATÇISI, GÖRKƏMLİ GEOLOQ ALİM

Ağamahmud Səmədov, “Yer və İnsan” jurnalının redaktoru

Yaşadığımız əsrin əvvəllərində indi Bakıda, Sumqayıtda və Abşeronda məmnunluqla suyunu işlətdiyimiz Oğuz-Qəbələ - Bakı su xəttinin çəkilişində çətinliklər yaranan zaman şəhər su təchizatının ən təcrübəli və tanınmış mütəxəssis hidrogeoloqlardan dəfələrlə eşitmişdim ki, “Bu işin öhdəsindən Əliheydər müəllim gələrdi. Heyif ki, indi o həm yaşlaşıb, həm də ağır xəstədir”. Yadıma vaxtilə Əliheydər müəllimə dərs demiş, bütün respublikada tanınan görkəmli pedaqoq Heybət müəllim Şikarovun öz istedadlı şagirdi barədə həmişə təkrarladığı xoş sözlər düşdü. Elə həmin ərəfədə mən Əliheydər müəllimlə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxladım. Razılaşdıq ki, görüşək. Fəqət, qismət olmadı. Eşitdim ki, dünyasını dəyişib...

Əliheydər Xanbaba oğlu Babayev 15 mart 1932-ci ildə Şamaxı rayonunun Təklə kəndində anadan olmuşdur. 1950-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakultəsinə daxil olmuş, 1955-ci ildə oranı fərqlənmə diplomu ilə dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirmiş və təyinatla Azərbaycan Geologiya İdarəsinin Lənkəran hidrogeoloji partiyasına göndərilmiş və hidrogeoloq vəzifəsinə təyin olunmuşdur. 1956-cı ildə Azərbaycan Geologiya İdarəsinin o zamankı vacib obyektləri sırasında olan Samur-Qusarçay hidrogeoloji partiyasına keçirilmişdir. Yüksək savadına və işdə əldə etdiyi nailiyyətlərə görə tezliklə o, böyük, az sonra isə baş hidrogeoloq təyin olunmuşdur.
1962-ci ildə Ə.Babayev Mərkəzi Hidrogeoloji Ekspedisiyanın Naxçıvan MR-də yerləşən Şaxtaxtı hidrogeoloji partiyasına baş hidrogeoloq təyin edilmişdir.
O, 1966-cı ildə istehsalatdan ayrılmaq şərti ilə aspiranturaya daxil olmuş və 1969-cu ildə dissertasiya müdafiə etdərək geologiya-mineralogiya elmləri namizədi elmi adı aldıqdan sonra Azərbaycan Hidrotexnika və Meliorasiya ETİ-da, Su Problemləri ETİ-da, Azərgeofizika ETİ-da bölmə müdiri və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır.
Ə.X.Babayevin tədqiqatları əsasən hidrogeologiya, regional geologiya və neftli-qazlı rayonların geoloji quruluşunun araşdırılmasına aid olmuşdur. Naxçıvan Muxtar Respublikasının, Quba-Xaçmaz, Gəncə-Qazax və Lənkəran zonalarının kompleks geoloji-hidrogeoloji tədqiqində onun dəyərli xidmətləri olmuşdur. Həmin ərazilərdə yeraltı suların ehtiyatlarını öyrənmiş, Kür çökəkliyi üzrə ümumi qiymətləndirmə işləri aparmış, Bakı şəhərinin su təchizatı üçün Quba-Xaçmaz zonası yeraltı sularının istismar ehtiyatını hesablamışdır. Onun iştirakı ilə geofiziki məlumatlar əsasında neft-qaz regionlarında bir sıra perspektivli strukturlar aşkar edilib öyrənilmişdir.
Ə.X. Babayevin Bakı şəhərinin içməli su ilə təmin olunması ilə bağlı tədqiqatları olduqca aktualdır və xüsusi qeyd olunmalıdır. O, 150-dən çox əsərin, o cümlədən, 80-dən artıq elmi əsərin müəllifi və 3 monoqrafiyanın həmmüəllifi olmuşdur. O, həm də sanballı “Naxçıvan Muxtar Respublikasının yeraltı suları” monorafiyasını hazırlamışdır. Su problemlərinə həsr olunmuş 4 xəritə, bir sıra metodik göstətişlər və təkliflər hazırlamışdır.
Ə.X.Babayev Milli Geofizika Komitəsinin, Amerika Neftçi Geololar Assosiasiyasının, “Neftçi” ədəbi məclisinin üzvü olmuşdur. O, medallarla təltif olunmuş, SSRİ Geologiya Nazirliyinin “Yerin təki kəşfiyyatının əlaçısı” adına layiq görülmüş, Fəxri fərmanlarla təltif olunmuşdur. Ə.X.Babayev 2010-cu ildə Bakıda vəfat etmişdir.
Əliheydər Babayev dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin gözəl bilicisi idi. Bununla bağlı o uzun illər tədqiqat aparmış və nəticədə “Nizami Gəncəvinin əsərlərində geologiya məsələləri” adlı sanballı əsər yazmış və 1999-cu ildə Bakıda çap etdirmişdir. Müəllif həmin əsər üzərində uzun illər işləmişdir. Əsər özünəməxsusluğu ilə seçilir və dahi şairin yaradıcılığına həsr olunmuş nadir tədqiqat əsəridir. Hesab edirik ki, bu səbəbdən həmin kitabın üzərində dayanmağa və onu birlikdə vərəqləməyə dəyər.
Bəlli olduğu kimi, Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi Nizami Gəncəvinin əsərləri ictimai fikir tarixində xüsusi yer tutur. Onun dünya şöhrəti qazanmış ədəbi, bədii və elmi dolğunluğu ilə seçilən əsərləri Azərbaycan və xarici ölkə alimlərinin, şair və yazıçılarının, tədqiqat obyekti olmuş, ədəbi, fəlsəfi, tarixi baxımdan geniş təhlil olunmuşdur. Əsərlərindən məlum olduğu kimi o, dövrünün elmi ədəbiyyatını dərindən öyrənmiş, topladığı məlumat və fikirləri diqqətlə təhlil etmiş və daha mütərəqqi fikirlər irəli sürmüşdür. Nizaminin özünün yazdığı kimi
“Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz”
sözləri sanki onun həyat kredosu olmuşdur.

Nizaminin əsərlərindən göründüyü kimi, onun astronomiya, fəlsəfə, tarix, coğrafiya, biologiya, geologiya, tibb və s. elm sahələri üzrə ensiklopedik biliyi olmuşdur. XII əsrə qədər mövcud olan dövrün elmşünaslığı ilə məşğul olmaq arzusunda olan mütəxəssis üçün Nizami Gəncəvinin əsərləri sanki bir dəryadır. Şair özünün “Yeddi gözəl” əsərində bu barədə yazırdı:

İzlədim yolunu səyyarələrin,
Nə ki, elmlər var gizli və dərin
Oxudum, xəbərdar oldum da vardım,
Varlıqlar sirrini yer-yer aradım.

Görkəmli Azərbaycan geoloq alimi Əliheydər Babayev məhz buna görə də dahi Nizaminin əsərlərindəki geologiya məsələlərini araşdırmağı qarşısına məqsəd qoymuş və bu işi böyük uğurla həyata keçirmişdir.
“Nizami Gəncəvinin əsərlərində geologiya məsələləri” kitabında mütəfəkkir şairin əsərlərində olan geologiyaya, mineralogiyaya, faydalı qazıntılara və təbii sulara dair məlumatlar, elmi fikirlər və mülahizələr araşdırılır, müasir elmi şəkildə şərh edilir.
Müəllifin qənaətinə görə Nizaminin əsərlərində ümumi geoloji məsələlərə aid çoxlu fikir və mülahizələr vardır. Yerin əmələ gəlməsi, forması, fəzada vəziyyəti, dünyanın geosentrik quruluş sistemi və s. məsələlər şairin əsərlərində öz izahını tapmışdır.
Nizami əsərlərini illər uzunu dərindən öyrənərək yorulmaq bilmədən araşdıran Ə.Babayevin gəldiyi nəticələr çox maraq kəsb edir və elə hesab edirik ki, nəinki yer elmləri ilə məşğul olan alim və mütəxəssislərin, eləcə də dahi şairin ədəbi irsini öyrənən ədəbiyyatşünaslar üçün də çox faydalı olar:
1. Orta əsrlərdə sərbəst bilik sahəsi olmayan, təbiətşünaslığa aid edilən geologiya sahəsində Nizaminin dövrünə görə dərin biliyi və geniş məlumatı olmuş, o zamankı geoloji fikirlərə və məlumatlara yaradıcı münasibət bəsləmiş, mütərəqqi fikirləri, ideyaları düzgün qiymətləndirilmişdir.
2. Nizaminin yerin əmələ gəlməsi məsələsindəki mülahizələrində olan mütərəqqi cəhətlər bu məsələnin kainatin əmələ gəlməsi ilə vəhdətdə baxılması və Yerin əmələ gəlməsində, müasir anlayışlarla desək, Yer qabığının formalaşmasında sudan çökmənin rolunun göstərilməsidir.
3. Nizami yerin forması, fəzada vəziyyəti və quruluşu kimi fundamental elmi məsələlər barəsində maraqlı fikirlər söyləmişdir. Belə ki, şair dünyanın geosentrik sistemini qəbul etməmiş, Yerin kürə formasında və fırlanma vəziyyətində olduğunu yazmış, “Kainatda hər şey cəzbə bağlıdır” deyərək cazibənin nəinki mövcud olduğunu söyləmiş, həm də cazibəni kainat üçün ümumi dünyəvi hesab etmişdir. O, bu məsələlərdə Avropa alimlərini 4-5 əsr qabaqlamışdır. Nizami müasir geologiyada litosfer, hidrosfer və atmosferə uyğun gələn torpaq, su və hava kimi geosferlərin (tağların) olduğunu, onların yerə nisbətən konsentrik yerləşdiklərini və yerlə birlikdə firlandıqlarını yazmışdır.
4. Axar suları, küləkləri, zəlzələləri geoloji amillər kimi səciyyələndirən Nizami, geoloji amillər və proseslər (Yer səthinin eroziyaya məruz qalması, axar suların və küləklərin fəaliyyəti nəticəsində çöküntülərin toplanması), onların Yer səthinin dəyişməsi və relyef formalarının yaranmasında rolu haqqında elmi cəhətdən dəyərli fikirlər söyləmiş, yerin relyefini xarici və yerdaxili amillərin birgə işinin nəticəsi kimi qiymətləndirmişdir. O, bu amillər və proseslərin mahiyyət və rolunu düzgün başa düşmüş, ən başlıcası isə onların fəaliyyətinin qiymətləndirilməsinə geoloji zaman baxımından yanaşmışdır. Bu isə belə bir fikir söyləməyə əsas verir: Nizamiyə görə geoloji amillər və proseslərin təsirinə məruz qalan Yer səthi geoloji-tarixi qanunauyğunluq əsasında inkişaf edir, yəni Yer səthinin öz tarixi vardır. Bu da təbiət hadisələrinin mahiyyətinə şairin dərindən bələd olduğunu göstərir.
5. "Xəmsə"də 29 mineral (11 qeyri-üzvi, 5 üzvi mənşəli, 9 sərbəst kimyəvi element, 4 karbohidrogen birləşməsi), 4 süxur, 2 metal ərintisi, həm də briliyant, fil sümüyü və kəhrəba, onların xassələri və istifadəsi haqqında müəyyən məlumat verilir. Daş-qaş kimi istifadə edilən bəzi mineralların sinonimləri və növləri nəzərə alındıqda, onların ümumi sayı 42-yə çatır. Bəzi faydalı qazıntı yataqlarına aid mülahizələr və məlumatlar da vardır. Şair onların xassələrinə, istifadəsinə o zamana görə mütəxəssis səviyyəsində bələd olmuş, faydalı qazıntı yataqlarının coğrafiyası, yayılma şəraiti və bəzi metalların təbiətdə saf halda tapılması barəsində dolğun təsəvvürə və məlumata malik olmuşdur.
6. Şairin geologiyaya aid fikirləri dövrünün mütərəqqi elmi fikirləri səviyyəsində olub, onların çoxu (Yerin forması və fırlanması, geosferlər nəzəriyyəsi; axar suların, küləklərin və zəlzələlərin geoloji amillər kimi səciyyələndirilməsi, geoloji amillər və proseslərin relyefin dəyişməsində rolu və onların fəaliyyətinin geoloji zaman baxımından qiymətləndirilməsi, yer səthinin öz tarixi olması; bir sıra minerallar və süxurların xassələri və istifadəsinə aid məlumatlar və b.) indi də öz elmi dəyərini saxlamışdır.
7. Suyun mənşəyi problemində mütərəqqi fikirlər bu problemin Yerin və başqa səma cisimlərinin, ümumiyyətlə kainatın əmələ gəlməsi məsələlərilə birlikdə araşdırılması, bəzi mülahizələrdə suyun mənşəyinin torpaqla (Yerlə) əlaqələndirilməsi suyun atmosferdə olan su buxarlarından (“təmiz şirin su”yun məhz bu yolla) əmələ gəlməsidir.
8. Elmin köklü, mürəkkəb və qədim problemlərindən olan təbiətdə suyun dövranı barəsində Nizaminin geniş təsəvvürü və dərin biliyi olmuşdur. O bu problemin müxtəlif məsələlərilə (su dövranı sxemi, su dövranının tərkib hissələri, yeraltı sularla çay sularının əlaqəsi, buludlar, buxarlanma, havanı hərəkətə gətirən səbəb və b.) əlaqədar olaraq sanballı, zəmanəsinə görə yeni fikirlər söyləmişdir. Nizaminin təbiətdə suyun dövranına aid məlumat və mülahizələrini təhlil etdikdə su dövranında suyun yerdəyişmə yollarının ardıcıllığı və su dövranının ayrı-ayrı mərhələləri - tərkib hissələri (buxarlanma, kondensasiya, atmosfer çöküntüləri, yer­üstü və yeraltı axım) sxemlərini müəyyən etmək mümkün olmuşdur ki, bunlar da ümumi su dövranına uyğun gəlirlər. Şairin ümumi su dövranına aid fikirlərini ümumiləşdirdikdə bunları qeyd etmək olar:
- buxarlanma ilə başlayan və bir neçə aralıq mərhələlərdən keçən ümumi su dövranının son mərhələsi okean və dənizlərdə başa çatır; başqa cür desək, su dövranının başlanğıc mərhələsini buxarlanma, son mərhələsini isə okean və dənizlərə gedən yerüstü və yeraltı axım təşkil edir.
- su dövranında buxarlanma atmosfer çöküntülərinin yaranması üçün başlanğıc olduğu halda, atmosfer çöküntüləri də öz növbəsində yerüstü və yeraltı axımın yaranması üçün mənbədir;
- təbiətdə su dövranının mövcudluğu və daim təkrar olunan tsiklik bir proses olması, onda iştirak edən bir sıra meteoroloji, hidroloji və hidrogeoloji hadisələrin ritmik təkrarı ilə şərtlənir.
9. Çay suları, Nizaminin fikrincə,yağış suları (ümumi halda atmosfer çöküntüləri) və bulaqlar (ümumiyyətlə yeraltı sular) hesabına qidalanırlar; küləklər havanın hərəkəti nəticəsində əmələ gəlirlər.
10. Nizaminin əsərlərindəki hidrogeoloji məlumat və mülahizələr ümumi (yeraltı suların əmələ gəlməsi, bulaqlar, təzyiqli, mineral və termal sular) regional (sahələrin hidrogeologiyası) və xüsusi hidrogeoloji məsələlərə aiddir. O, bulaqlar və təzyiqli sular haqqında düzgün fikir söyləmiş, termal suların yüksək temperatura malik olması səbəblərinin o vaxtlar elmə məlum olmadığını qeyd etmişdir.
11. Praktiki hidrogeoloji məsələlərə yaxından bələd olan Nizaminin əsərlərində suçəkmə üsulu ilə sulu layların su verimini artırmağın mümkünlüyü haqqında, su təchizatı, habelə kəhriz, quyu, onların qazılmasında və isdifadəsində işlədilən avadanlıq barəsində məlumat vardır.
12. Nizaminin əsərlərində Asiya, Afrika və Cənubi Avropa hüdudlarında olan bir sıra dəniz və çayların adı çəkilmiş, dənizlərə xas olan qabarma, çəkilmə, cərəyan və burulğan hadisələri, çay daşqınları, sellər və şəlalələr, Ərəbistan tərəflərə məxsus ağır sulu (yəni yüksək minerallaşmaya malik) dəniz haqqında məlumatlar vardır.