Şuşada Vaqif Poeziya Günləri başlayıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb.

Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində keçirilən ilk tədbir “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisidir.

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açıb. Xalq Yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib.