Bu strategiyanı reallaşdırmaqla Azərbaycan daha da güclənəcəkdir


Şəfa Əliyev,

Sumqayıt Dövlət Universitetinin professoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru

Dünya səviyyəsində qlobal problemlər bir-birini əvəz etməkdədir. 2008-ci ilin sonlarından başlayan dünya maliyyə böhranının mənfi fəsadları başa çatmamış, daha təhlükəli bir qlobal problem – Covid-19 koronavirus pandemiyası sivilizasiya üçün ölüm saçmaqla bərabər, həm də iqtisadi tənəzzülə səbəb oldu. Yüz milyonlarla iş yerləri itirildi, maliyyə və investisiya resurslarının hərəkətində əsaslı məhdudiyyətlər yarandı. Dünyanın aparıcı iqtisadi güc mərkəzlərindən qaynaqlanan qlobal problemlər bütün ölkələr üçün təhdidə çevrilməkdədir. Digər tərəfdən, dünya iqtisadiyyatının postpandemiya dövrü üçün səsləndirilən inkişaf və artım proqnozları yenidən baxılmaqdadır. Təəssüfedici amil ondan ibarətdir ki, nüfuzlu beynəlxalq maliyyə institutları və təşkilatları bu istiqamətdəki proqnozları mənfiyə doğru dəyişməkdədirlər.
Belə bir şəraitdə Cənubi Qafqaz iqtisadiyyatının əsasını təşkil edən Azərbaycan iqtisadiyyatının diversifikasiyalaşdırılması və manevrlik qabiliyyətinin artırılması strateji əhəmiyyət kəsb edir. Əsasən enerji resursları üzərində formalaşan milli iqtisadiyyatımızın strukturunun qeyri-neftqaz sektoru sahələri hesabına genişləndirilməsi hazırda və yaxın perspektivdə başlıca vəzifələrdəndir. 2022-ci il iyulun 15-də altı ayın yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı İlham Əliyev qeyd etmişdir ki, bu ilin 6 ayı ərzində iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb.
Təhlillər göstərir ki, qeyri-neft sənaye sahəsində əsas artım mənbələri və istehsal gücləri Sumqayıt sənaye mərkəzində cəmləşmişdir. Dövlət başçısının daim diqqət və qayğısı nəticəsində 2009-cu ildən başlayaraq, Sumqayıtda müasir texnologiyalar əsaslı qeyri-neftqaz sənaye istehsalı infrastrukturu formalaşdırılmış, ixracyönlü istehsal sahələri yaradılmışdır. Ölkə Prezidentinin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkında hazırda 31 sahibkarlıq subyekti rezidentlik statusu almışdır. Ümumi ərazisi 583,5 hektar olan bu Parkda potensial investorlar üçün hər cür münbit şərait yaradılmışdır. Yatırılan ümumi investisiyaların həcmi 3270 milyon ABŞ dolları təşkil edir. Rezident statusuna malik sahibkarlıq subyektlərindən artıq 17-si öz fəaliyyətini genişləndirməkdədir və bu günlərdə onların sırasına 2 yeni müasir istehsalat müəssisələri – "Glassica” QSC və "Azərsulfat” MMC daxil olmuşlar. Bundan əlavə, Sumqayıtda elmi-texniki nailiyyətlərin son analoqlarını özündə ehtiva edən Texnologiyalar Parkı və digər iri ixracyönlü müəssisələr – SOCAR Karbamid və SOCAR Polimer fəaliyyət göstərirlər. Müxtəlif rəqabətqabiliyyətli qeyri-neftqaz sənaye məhsullarının istehsalı hesabına daxili tələbat ödənilməklə, yeni məhsuldar ixrac mənbələri və potensialı yaradılmaqdadır.
Sumqayıt həm də mərkəzdən dotasiya və ya maliyyə resursları almadan özünün büdcəsini və xərclərini formalaşdırmaq imkanına malik güclü sənaye şəhəri kimi öz statusunu artırmaqdadır. 2019-cu ildə şəhər üzrə ümümi məhsul buraxılışı 2,4 milyard manata yaxın olmuşdursa, pandemiyanın mənfi təsirinə baxmayaraq bu rəqəm 2020-ci ildə 2,7 milyard v ə 2021-ci ildə isə 3,9 milyard manat təşkil etmişdir. 2021-ci illə müqayisədə ümumi məhsul buraxılışının həcmi 44 faizdən çox armışdır. Bu kifayət qədər ciddi artım mənbəyidir və ümumilikdə milli iqtisadiyyatının məhsuldar qeyri-neftqaz mənbəyi kimi qiymətləndirilməlidir. Bunlarla bərabər, Sumqayıtın sosial-iqtisadi inkişafı yeni mərhələyə keçməkdədir. 2020-ci ildə Sumqayıt şəhəri üzrə gəlirlərin həcmi gözlənilən proqnoza qarşı 8,3 faiz çox olmuş və 46,4 milyon manat təşkil etmişdir. Şəhərin siması müasirləşməklə bərabər, əhalinin rahat yaşaması üçün sosial infrastruktur şəbəkəsi genişləndirilməkdədir. İnsanların məmnunluq şəraitində yaşaması üçün davamlı tədbirlər görülür və inamlı addımlar atılır.
Qlobal təhdidlərin artdığı bir dövrdə bu qeyd olunanlar onu deməyə əsas verir ki, Sumqayıt regionun dinamik inkişaf edən şəhəri ilə yanaşı, həm də regionun aparıcı sənaye mərkəzi kimi möhkəmlənməkdədir.