Budur məni Azərbaycana bağlayan

YURİ KATS
Təl-Əviv Universitetinin
Şteynqart Təbiət Tarixi Muzeyi və
Milli Tədqiqatlar Mərkəzinin
professoru

“...Azərbaycan əzəldən mədəniyyət – sivilizasiya landşaftı və elm poliqonu olmuşdur...”.
Bu sözlər Azərbaycanı sevən, onun qədim sivilizasiya beşiklərindən biri olmasından məftunluqla bəhs edən, keçmiş SSRİ-nin məşhur geoloq-alimlərindən biri, hazırda İsrailin Təl-Əviv Universitetinin Şteynqart Təbiət Tarixi Muzeyi və Milli Tədqiqatlar Mərkəzinin professoru Yuri İsaakoviç Katsa məxsusdur. Azərbaycanın dostu olan bu insanın çox maraqlı həyat yolu olmuşdur.
O, 1937-ci ilin fevral ayının 2-də Ukraynanın Kame­netsk-Podolsk vilayətində ziyalı ailəsində doğulmuşdur. Atasının 1938-ci ildə Xarkov Dövlət Universitetinə işə dəvət alması ilə əlaqədar balaca Yuranın ailəsi həmin şəhərə köçür. O zaman atası filoloq-Ukrayna dili və ədəbiyyatı kafedrasında aspirant, anası isə tələbə idi...


Böyük Vətən Müharibəsi başlanan zaman atası cəbhədə Sovet Ordusu sıralarında Dəniz Piyadaları bölməsində siyasi rəhbər kimi xidmət edir və qəhrəmancasına həlak olur. Balaca Yura isə anası ilə Urala, Perm şəhərinə təxliyyə edilir və 1944-cü ildə yenidən Xarkova qaytarılır. Uralda olarkan hələ məktəb yaşına çatmamış uşaqda dağ süxurlarına, minerallara, təbii bəzəkli və əlvan daşları öyrənməyə meyl yaranır və onların bəzilərini evə gətirərdi. Elə burada da filoloq valideynlərindən fərqli olaraq onda geologiyaya marağın ilk cücərtiləri yaranır. 1946-cı ildən başlayaraq artıq xeyli kitablar oxumağa başlayır. 10 yaşından mineral kolleksiyası toplayır və eyni zamanda paleontologiya ilə maraqlanır. Məktəb illərində o Xarkov Universiteti nəzdində fəaliyyət göstərən geoloji dərnəyin fəal üzvlərindən olur və elə ilk geoloji biliklərini də oradan alır. Orta məktəbi qızıl medalla bitirərək Xarkov Universitetinə daxil olur və 1960-cı ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq paleontolodiya və geoloji planalma işləri üzrə ixtisaslaşır. Onu unversitetin Ümumi Geologiya və Paleontologiya kafedrasında aspirant saxlayırlar. Tez bir müddətdə namizədlik dissertasiyasını, çox çəkmədən doktorluq işini müdafiə edir. 30 il ırzində Xarkov Universitetində əvvəlcə dosent, sonra isə profes­sor kimi fəaliyyət göstərir. Yüksək ixtisaslı geoloq mütəxəssislərin hazırlanması ilə yanaşı geniş elmi fəaliyyət də göstərir. Professor Y.Katsın elmi fəaliyyəti geologiyanın müxtəlif sahələrini, paleontologiyanı, stratiqrafiyanı, geoloji planalmanı, struktur və çöl geologiyasını, geotektonikanı, mühəndisi geologiyanı, geomorfologiyanı və biogeokimyanı əhatə edir. Onun tədqiqat obyekti Zakarpatyedən Saxalinə və Kamçatkaya, Şimali Sibirdən Mərkəzi Asiya, Qazaxıstan və Qafqaza qədər əraziləri əhatə edir. Ensiklopedik bilikli bu alim apardığı tədqiqatlarına görə Sovet geoloqları arasında məxsusi nüfuza malik olur.
SSRİ mövcud olan zaman o Qafqaz, Mərkəzi Asiya və Qazaxistan respublikalarının həm elmi, həm mənəvi, həm də insan resursları cəhətcə qədim tarixə malik olduğunu, həmçinin qədim sivilizasiya daşıyıcıları olan bu ərazilərin SSRİ-nin intellektual potensialını saxlamasını və Sovet sivilizasiyasının, özəyi, qəlbi hesab edirdi.
O, 1991-ci ildən tarixi vətəni İsrailə köçmüş və o zamandan Təl-Əvivdə yaşayaraq fəaliyyət göstərir. Professor Yuri Kats tez-tez Azərbaycanın paytaxtı müxtəlif konfessiyalı Bakını, onun açıq qəlbli, müdrik, istiqanlı, mənəvi və hərtərəfli inkişaf etmiş insanlarını, vaxtilə azərbaycanlı hımkarları ilə Kiçik Qafqazın Azərbaycan hissəsində geoloji tədqiatlar aparmasını xatırlayır.
Professor Y.Kats 1992-ci ildən Təl-Əviv Universitetinin Şteynqart Təbiət tarixi Muzeyində işləməklə İsrailin və Yaxın Şərqin geoloji və paleontoloji elmi problemlərinin araşdırılması ilə bağlı tədqiqatlar aparır. O, bir çox alimlərlə birgə tədqiqatlar aparsa da, ən yaxın əməkdaşlıq etdiyi bakılı geofizik alim, elmlər doktoru, Təl-Əviv Universite­tinin professoru Lev Eppelbaumdur. Professor Y.Kats Azərbaycan Geoloji Məktəbini keçmiş SSRİ-nin ən aparıcı məktəblərindən sayır.
Bəlli olduğu kimi akademik Akif Əlizadənin rəhbərliyi ilə Azərbaycanın tanınmış alimləri- akademiklər İbrahim Quliyev və Fəxrəddin Qədirov, həmçinin bakılı geofizik alim, professor Lev Eppelbaumdan ibarət müəlliflər kollektivinin 2016-2017-ci illərdə “Springer” beynəlxalq nəşriyyatında “Azərbaycanda yer elmləri” adlı ikicildli fundamental kitabları çapdan çıxmışdır.
Professor Y.Katsın əsər haqqında yazdığı rəydə oxu­yu­ruq: “Geologiya qeyri-adi elmdir. Yer planetində nə baş vermiş və nə törədilirsə hamısı geoloji tədqiqatların obyektidir, o insanların həyat xüsusiyyətlərinin, mədəniyyət və sivilizasiyaların inkişaf yolunun aydınlaşdırılmasında da yardımçı olur. Məhz bu amil mənim Azərbaycana lap çoxdan olan marağımın özəyini təşkil edir. Sabiq SSRİ-də dünyada ən böyük çoxşaxəli və çoxmillətli geoloji xidmət mövcud idi. Vaxtilə qədim İpək Yolu Azərbaycandan keçmişdi. Görünür Azərbaycanın mədəni, elmi və maarif­çilik baxımından seçilən sivilizasiya mərkəzlərindən biri olmasında bu amilin də rolu az deyildir. Azərbaycan çoxdan məxsusi elmi-geoloji poliqon və mədəniyyət-sivilizasiya mərkəzi kimi cəzbetmə qabiliyyətinə malikdir. Ona görə ki, məhz Azərbaycanda Yer qabığının vacib neftsaxlayan qatlarının stratotip kəsilişləri yerləşir. Hazırda dünyada neft yataqlarının axtarışı üçün vacib sayılan paleomaqnit stratiqrafiyası Azərbaycanda Xəzər hövzəsində yaradılmışdır.
Alimlərin tədqiaqtlarına görə qədim metallurgiyanın təşəkkül tapdığı ərazilərdən biri də məhz Azərbaycandır. Türkiyə ərazisindəki Çatal Höyüklə yanaşı Azərbaycan qədim metallurgiya mərkəzidir. İlk dəfə burada unikal texnoloji işlər görülərək mislə mərgümüşün ərintiləri kəşf olunmuşdur.
Professor Katsdan soruşanda ki, Sizdə Azərbaycana olan maraq, sevgi haradan qaynaqlanır? O cavab verdi ki, 50-ci illərin sonlarında mən Azərbaycan geoloqları ilə müxtəlif forum və konfranslarda görüşərkən hiss etdim ki, onlar təkcə yüksək peşəkarlar deyıllər; eyni zamanda onlar özünəməxsus çoxşaxəli mədəniyyətin daşıyıcısılarıdırlar. Görkəmli alimlər olan Musa Əliyev və Abdulhəmid Xəlilov mənim hafizəmdə həm alim, həm də çox böyük insan kimi dərən iz qoyublar. Müxtəlif ekspedisiyalarda rastlaşdığım azərbaycanlı geoloq və alimlərdə də bu özünəməsusluğu hiss etmişəm.
Mən 60-cı illərdə universitetdə dərs deməyə başlayanda da işlərimi Azərbaycan geoloqu- dünyanın ən görkəmli nəzəriyyəçi geoloqlarından olan Viktor Xainin fikir və ideyaları üzərində qurmuşam.
Qeyd etdiklərim məni bu ölkənin mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa sövq edib və mən nəticədə Qara Qarayevi, Tahir Salahovu, İbrahimbəyov qaqrdaşlarını, Pəşid Behbudovu, Üzeyir Hacıbıyovu və Müslüm Maqomayevləri öyrənmişəm. Bilmişəm ki, Azərbaycan torpağı Mustafa Topçubaşov kimi dünyada tanınan cərrahı, kosmik tədqiqatların əsasını qoyanlardan biri Kərim Kərimovu, dünyaşöhrətli riyazıyyatçı Lütfü Zadəni və Nobel mükafatı laureatı məşhur fizik Lev Landaunu, Sibir neftinin fatehi görkəmli geoloq-alim Fərman Salmanovu yetirmişdir.
Adını çəkdiyim şəxsiyyətlər insan zəkasının zirvəsinə çataraq oradaki mədəni landşaftda layiqli yerlərini tutublar. Azərbaycan torpağı qədimdə və orta əsrlərdə də müdrik, humanist insanlar - böyük şəxsiyyətlər yetirmişdir. Budur məni Azərbaycana bağlayan.

Ağamahmud Səmədov
“Yer və İnsan”
jurnalının redaktoru

 

"YER VƏ İNSAN"  jurnalı 01/09/2019

Fotosessiya