XX ƏSRDƏ YAŞAMIŞ İKİ BÖYÜK AVROPALI HUMANİST ALİM VƏ MÜTƏFƏKKİR

Ağamahmud Səmədov, "Yer və İnsan” jurnalının redaktoru

Bu gün dünyamızda baş verən dərin sosial hadisələr, o cümlədən qloballaşma problemi mədəniyyətlərin yaxınlaşmasını zəruri tələbata çevirmişdir. Çünki Yer kürəsinin bir hissəsində baş verən böyük hadisələr çox çəkmədən planetin bütün ölkə və xalqlarına da təsir edir. Mədəniyyətlərin inteqrasiyası bütün tarixi dövrlərdə baş versə də zəmanəmizdə daha geniş vüsət almışdır. Müxtəlif sivilizasiyaların yaxınlaşması və mahiyyətinin dərk olunmasından tolerantlıq, xalqlar və ölkələr arasında anlaşma, yaxınlaşma baş verir. Bu isə insanları sülhə və əmin-amanlığa aparan ən yaxşı yoldur...
İnsanlarda hər zaman dəyərli fikrə, müdrik sözə tələbat olmuşdur və olacaqdır. Ümumbəşəri ideallara, insanlığa xidmət edən şəxsiyyətlər milli mənsubiyyətindən və həyata baxışından asılı olmayaraq hamı tərəfindən qəbul edilir, öyrənilir və sevilir.
Beləliklə əziz oxucular, keçən əsrdə yaşamış iki böyük humanist insan; alman filosofu Albert Şveytser və Amerika yazıçısı və filosofu Jozef Merfi haqqında söhbət açır və onların aforizmə çevrilmiş bəzi sitatlarını diqətinizə təqdim edirik.

Albert Şveytser XX əsr fəlsəfi fikrinin ən görkəmli nümayəndələrindən biri olmuşdur. O, 1875-ci ildə Almaniyanın Kayzersberq şəhərində kasıb bir ailədə doğulmuşdur. A.Şveytser zəmanəsinin böyük filosofu, humanisti, musiqişünası və həkimi idi. Bəşəriyyət qarşısında misilsiz xidmətlərinə görə Albert Şveytserə 1952-ci ildə Nobel sülh mükafatı verilmişdir.
A.Şveytser fəlsəfə, ilahiyyət, musiqişünaslıq barədə tədqiqatlar aparmış, doktorluq müdafiə etmiş və bir sıra əsərlər çap etdirmişdir.
1905-ci ildə həyatının qalan hissəsini səhiyyəyə həsr etmək qərarına gəlmiş və Strasburq Universitetinin tibb fakültəsinin tələbəsi olmuş, eyni zamanda digər sahələr üzrə elmi tədqiqatlarını davam etdirmişdir. 1911-ci ildə tibb fakültəsini bitirərkən kitab da buraxmışdır.
1913-cü ildə Strasburq Universitetində tibb sahəsi üzrə doktorluq işi müdafiə edəndən sanra Albert Şveyt­ser həyat yoldaşı Yelena Breslau ilə birlikdə Afrikaya gedərək kiçik bir Lambarene kəndində öz məhdud vəsaiti hesabına xəstəxana açaraq ehtiyacı olanları pulsuz müalicə etmişdi.
Birinci Dünya müharibəsi zamanı alman olduqları üçün Albert Şveytserı həyat yoldaşı ilə birlikdə həbs edərək Fransa düşərgəsinə göndərmişdilər. 1918-ci ildə onları fransız əsrlərlə dəyişdikdən sonra azadlığa buraxmışdılar. Bir neçə il Strasburq şəhər xəstəxanasında işləmiş, Avropanın bir sıra iri şəhərlərində orqan konsertləri vermişdi. O, 1920-1924-cü illərdə İsveç və bir sıra Avropa şəhərlərində mühazirələr oxumuş və Sürix Universitetinin fəxri doktoru seçilmişdi. Qastrollar və oxuduğu mühazirələrdən əldə etdiyi vəsait ona müharibə zamanı yaranmış borclarını ödəməyə və Afrikada Lambarene kəndində dağılmış xəstəxananı bərpa etməyə imkan verirdi. A.Şveytserin ən görkəmli əsəri olan “Mədəniyyət fəlsəfəsi” adlı ikicildliyi çapdan çıxmışdır.1924-cü ildə o yenidən Afrikaya qayıdır və uçmuş xəstəxananın bərpası ilə məşğul olur. Avropadan bir neçə həkim və tibb bacıları da bərpa olunmuş xəstəxanada təmənnasız işləməyə gəlirlər. O mütəmadi olaraq Avropaya gedərək konsertlər verir və mühazirələr oxuyurdu. Topladığı vəsaitə Lambarenedə yeni xəstəxana binası tikdirir. A.Şveytserə bir sıra beynəlxalq mükafatlar verilmişdi, Avropa və Amerikanın ən seçmə universitetlərinə mühazirə oxumaq üçün dəvət olunurdu və aldığı bütün vəsaiti Afrikada yaşayan imkansız insanların müalicəsinə xərcləyirdi. Bu böyük insan 1952-ci ildə layiq görüldüyü Nobel mükafatı laueratı kimi aldığı vəsaiti də Afrikada yeni xəstəxana tikintisinə xərcləmişdi. Afrikadakı Lambarene kəndi tədricən böyüyüb qəsəbəyə çevrilmişdi və oraya, A.Şveytserin yanına dünyanın bir çox yerlərindən insanlar gəlirdilər.
A.Şveytser 1965-ci ildə Afrikada vəfat etmişdi və onu Lambarene kəndində həyat yoldaşının məzarı yanında dəfn etmişdilər...
Albert Şveytseri ekoloji etikadan danışmağa vadar edən nə idi?
Şüurlu İnsan yaranan zamandan təbiətlə sıx təmasda olmuş, onun sərvətlərindən faydalanmışdır. Fəqət “insan-təbiət” münasibətləri heç də hər zaman rəvan olmamışdır.
Son 2-3 əsrdə elm və texnikanın sürətli inkişafı ilə təbiətə - bitki və canlı aləmə güclü təsir olunmuş, bir sıra heyvan və bitki növlərinin ya tamamilə nəsli kəsilmiş, ya da nəsli kəsilmək həddinə çatmışdır. Bütün bunlar insanların təbiətdən düşünülmüş qaydada, rasional istifadə etməməsi və “insan-təbiət” münasibətlərini tənzimləyən sivil qaydaların olmaması səbəbindən baş vermişdir.
Qeyd etdiklərimiz insanlarda ekoloji tərbiyənin formalaşdırılmasının olduqca zəruri bir məsələ olduğunu göstərir.
Böyük filosof alim Albert Şveytser ilk dəfə ekoloji etika anlayışını elmə gətirmişdir. A.Şveytser insanın dünyaya münasibəti, yaşamağın mənası, xeyirxahlığın mahiyyəti haqqındakı fundamental təsəvvürlərdən irəli gələn elementar təfəkkürdən danışır. Elementar təfəkkür elə bir təfəkkür tərzidir ki, o, idrakın təbiəti, məntiqi quraşdırmaları və təbiət elmlərinin öyrənilməsi ilə məşğuldur: əgər insan daima özü-özünün dünyaya münasibəti üzərində düşünürsə, bu, artıq digər düşüncə tərzinin aparıcı xəttidir.
A.Şveytserin təbirincə, həyatın qorunub saxlanılmasına qulluq edən nə varsa xeyirxahlıqdır, həyatı məhv edən, yaxud onun qarşısında əngəlləri törədən isə-şərdir. “İnsan o zaman həqiqətən xeyirxahdır ki, o, yardıma ehtiyacı olan həyata kömək etmək kimi daxili istəyinə tabe olur və hər hansı bir canlıya zərər vurmaqdan özünü saxlaya bilir. Əgər mən hər hansı bir canlıya zərər vururamsa, gərək bunun nə dərəcədə zəruri olduğunu düşünəm. Mən yalnız qaçılmaz bir halda bunu etməliyəm, başqa halda, hətta ən xırda zərəri belə vurmağa razı deyiləm”. A.Şveytser deyirdi ki, insan yalnız o zaman özünü tərbiyəli, əxlaqlı saya bilər ki, o istənilən başqa canlıya hörmət edər, təhlükə altında olan istənilən başqa canlının köməyinə özünü çatdırar. Onun fikrincə, bütün mövcud əxlaqi nəzəriyyələrin səhvi ondan ibarət idi ki, onlar yalnız insanın insana münasibətini öyrənirdilər, əslində isə söhbət insanın onun əhatəsində olan hər bir şeyə münasibətindən gedir.

Albert Şveytserin aforizmləri

1. İnsan həyatının qayəsi xidmət etmək, lütfkarlıq və insanlara yardım etməyə hazır olmaqdır.

2. Şəxsi nümunə nəinki yaxşı inandırma metodudur, eyni zamanda, həm də yeganə doğru seçimdir.

3. Hər bir həqiqətin taleyi, ilk növbədə, lağa qoyulmaq, sonra da tanınmaqdır.

4. Həqiqətin gəlmə vaxtı bilinmir. Onun vaxtı o zaman yetişir və yalnız o anda ki, o gözlənilmir.

5. İnsan hələ özünü idarə etməyi öyrənməmiş, təbiətə sahib çıxır.

6. Sevgi qayda və əmrlər sistemi ilə məhdudlaşdırıla bilməz: sevginin əmrləri mütləqdir.

7. Mənim savadım pessimist olsa da, inamım optimistdir.

8. Bir-birini tanımaq heç də haqqında hər şeyi bilmək demək deyil; sadəcə bir-birinə rəğbət və etibarla yanaşmaq, bir-birinə inanmaq deməkdir. İnsan başqasının şəxsi həyatını işğal etməməlidir.

9. Etika-bütün canlılara qarşı məsuliyyət hissini hüdud­suz genişləndirməkdir.

10. Sivilizasiya kiminsə onun həyata keçirilməsinə başlamalı olan gözəl bir ideyadır.

11. İnsanlığa xidmət etməkdən daha yüksək bir din yoxdur. Ən böyük əqidə ümumi rifah üçün çalışmaqdır.
12. Həqiqi etika sözlərdən istifadə etməyi dayandırdıqdan sonra başlayır.

13. Abstraksiya etika üçün ölümdür, çünki etika canlı həyata canlı bir münasibətdir.

14. Daimi xeyirxahlıq möcüzələr yarada bilər. Günəş buzu əridən kimi, xeyirxahlıq də anlaşılmazlığı, inamsızlığı və düşmənçiliyi buxarlandırır.

15. Biz digər insanların həyatından doğuluruq. Özümüz də digər həyatlara səbəb olmaq qabiliyyətinə sahibik.

16. İnsan üçün yoxsul yaşamaqdan yeganə çıxış yolu başqa insanların etibarına layiq olmaqdır.

17. Xoşbəxt olmaq üçün yalnız yaxşı sağlamlıq və pis yaddaşa sahib olmaq kifayət edir.

18. Bütün insanlar şəfqətli olmaq qabiliyyətinə malikdirlər, bu səbəbdən humanizm ruhu bundan sonra da inkişaf edəcəkdir.

19. Əgər siz yüngül həyat yaşayırsınızsa, qəlbiniz əzaba düçardır.

20. Biz çoxuq, amma hər birimiz təklikdən ölürük.

21. Həqiqət üçün heç bir xüsusi zaman yoxdur. Həqiqətin zamanı indi və həmişədir.

22. Bəşəriyyət həmişə ona düzgün yol tapmağa və öz qüvvələrindən ən yaxşı şəkildə istifadə etməyə yardım edən mənəvi ideallara ehtiyac duyur.

23. Həqiqət yalnız düşüncədən gəldiyi zaman mövcud ola bilər.
24. Yalnız sevgi ilə biz Allaha yaxınlaşa bilərik.

25. Həmişə yaxşılıq etmək üçün bir yol axtar.


Amerika yazıçısı və filosofu Jozef Merfi 1898-ci ildə İrlandiyada anadan olmuşdur. Təhsilini İrlandiyada və İngiltərədə almışdır. 1945-ci ildən yazıçılıq fəaliyyətində olmuşdur. Əsərlərində insanlara sağlam həyat tərzi keçirməklə uzun ömür yaşamağın sirləri göstərilmişdir. O, dünyanın bir çox ölkələrində çoxsaylı dinləyiciləri olan auditoriya qarşısında bu mövzuda mühazirələr oxumuşdur. J.Merfi 1981-ci ildə Amerikada vəfat etmişdir.

Aşağıda onun əsərlərindən əsasən yaşlı insanlara xitab olunmuş bəzi sitatları veririk.
1. İnsanda səbir, xeyirxahlıq, sevgi, kiməsə yardım etməyə hazır olmaq, sevinc, xoşbəxtlik, müdriklik və anlaşma hissləri heç zaman köhnəlməyən keyfiyyətlərdir. Kim öz həyatı boyu onları daha da təkmilləşdirirsə və nümayiş etdirirsə o, ruhən və cismən gənc olaraq qalacaqdır.

2. Bir çox tədqiqatçılar və həkimlər müəyyən etmişlər ki, nevrotik qorxu vaxtından əvvəl qocalmanın bilavasitə səbəbkarıdır.

3. Çox yaş həyatın qürub çağı deyil, hikmətin çiçəklənmə dövrüdür.

4. Həyatın ən məhsuldar illəri 65-dan 95 yaşa qədər ola bilər.

5. Öz illərinizə hörmətlə yanaşın. Çünki onlar həyatınızın sonsuz yolunda sizi daha yüksəklərə qalxmağa sövq edir.

6. Allah sizə həyat verdi. Həyat daim yeniləşəndir; əbədidir, sarsılmazdır və dünyamızın gerçəkliyidir. Siz həmişə və əbədi yaşayırsınız, çünki həyatınız sevdiyiniz Allahın öhdəsindədir.

7. Saysız-hesabsız elmi dəlillər ölümdən sonra həyatın olduğunu təsdiqləyir. Tanınmış alimlərin bu barədə nə dediklərini özünüz oxuyun.

8. Nə qədər çalışsanız da siz öz şüurunuzu görə bilməyəcəksiniz və eyni zamanda onun sizdə olduğunu bilirsiniz. Siz heç kəsin qəlbini görə bilmirsiniz, lakin bilirsiniz ki, rəssamın, musiqiçinin, natiqin, filosofun qəlbinin olması danılmaz gerçəklikdir. Sizin hissləriniz və qəlbinizdə çağlayan xeyirxahlıq, həqiqət və gözəllik ruhu da danılmaz gerçəklikdir. Siz həyatı görə bilmirsiniz, lakin siz diri, sağ olduğunuzu bilirsiniz.

9. Ahıl insanın yaşı ilahi həqiqətləri ən yüksək səviyyədə dərk etməyin dövrü kimi müəyyən edilə bilər. Yaşlılığın sevinci gəncliyin sevincindən çoxdur. Zehni prosesdə həm də mənəvi rəqabət və qələbə ruhu da iştirak edir. Təbiət hər kəsə fiziki cəhətcə inkişafdan daha çox mənəvi cəhətdən inkişafa üstünlük verir. Ruh İlahi gerçəkliklə müzakirəyə girmək azadlığına malikdir.

10. Biz o vaxta qədər insanın illərini saymırıq ki, onun həyatında digər məşğuliyyətlər vardır. İnsanın İnam və əminliyi məhv edilə bilməz.

11. Sizin yaşınız fikirlərinizdə və düşüncələrinizdə olduğu kimidir. Siz gəncsiniz, güclüsünüz və faydalısınız – təbii ki, əgər sizin düşüncəniz belə qəbul edirsə.

12. Sizin ağ saçlarınız uduşunuzdur. Siz ağ saçlarınızı təklif edə bilməzsiniz. Eyni zamanda Siz ömrünüz boyu qazandığınız qabiliyyət və bacarığınızı, istedadınızı, müdrikliyi, həyat təcrübəsini və hikməti kiminləsə bölüşə bilərsiniz.

13. Pəhriz və idman heç kimi gənc saxlamır. “İnsan qəlbən düşündüyü kimidir”.

14. Qocalığın başlamasından əvvəl yaranan qorxu fiziki və zehni pozuntulara səbəb ola bilər. Düşünə bilərsiniz ki, “Qorxduğum şey başıma gəldi”.

15. Siz arzulamağı və həyata marağı itirən kimi qocalmağa başlayırsınız. Fikrinizi Allahın həqiqətləri ilə doldurun və onun sevgisinin şüalarında parlayın — elə bu özü əsl gənclikdir.

16. Həmişə irəli, həmişə gələcəyə baxın, çünki Həyat sonsuzdur.

17. Təqaüdə çıxmaq həyatınızın yeni, maraqlı hissəsinin başlanğıcıdır. Elmin yeni sahələrinə müraciət edin, biliyinizin üfüqlərini genişləndirin. Peşəkar fəaliyyətiniz dövründə vaxt çatışmazlığından əldə edə bilmədiklərinizi icra etmək üçün yaranmış imkandan istifadə edin. Bütün diqqətinizi daha dolğun yaşamaq və həyat verən bütün imkanların istifadəsinə yönəldin.

18. Cəmiyyətin əsiri yox, yaradıcısı olun. Qoy sizin istedadınız və bacarığınız parlasın.

19. Gəncliyin sirri sevgi, sevinc, daxili rahatlıq və sevinc gülüşüdür. “Bu sevincin bolluğudur, burada qaranlıq yoxdur”.

20. Siz cəmiyyətə lazımsınız. Bir çox filosoflar, şairlər, rəssamlar, alimlər və başqa görkəmli adamlar ən yüksək nailiyyətlərini 80 yaşından sonra əldə ediblər.

21. Qocalmağın bəhrələri sevgi, sevinc, sülh, səbir, həlimlik, yaxşılıq, iman, dözüm və insafdır.

22. Siz bitib-tükənməyən sonsuz bir həyatın oğlusunuz. Siz əbədiyyət övladısınız. Siz özünüz bu yaranışın möcüzəsisiniz.