QƏLBLƏRƏ HAKİM OLMUŞ GÖZƏL İNSAN VƏ ALİMİ ANARKƏN(EMİN SƏTTAR OĞLU SÜLEYMANOV - 80)

Zəki VƏLİYEV, АМЕА Geologiya və Geofizika İnstitutunun ”Petrolojiya və mineralogiya” şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya
elmləri namizədi, dosent

İnsan var bilə-bilə yüz ömrə qəsd edir, özü yaşasın deyə,
İnsan var bilə-bilə öz ömrünü əridir, yüzü yaşasın deyə.
Birincidən nə bir iz, nə bir əsər qalacaq,
İkincisi qəlblərdə daim məskən salacaq.

Azərbaycan geoloqlarının qibləgahı AMEA Geologiya İnstitutunun möhtəşəm, yüzdən artıq alimin toplandığı akt zalında 2002-ci il mart ayının 1-də, AMEA Yer elmləri şöbəsinin, Azərbaycan Geoloqlarının Milli Komitəsinin və Azərbaycan Mineralogiya Cəmiyyətinin birgə iclasında Azərbaycan “Kosmik geologiyası”nın yaradıcılarından biri, görkəmli alim və gözəl insan Emin Səttar oğlu Süleymanovun 60 illik yubileyinə həsr olunmuş xatirə günü keçirilmişdir. Bu yüksək səviyyəli təntənəli mərasimdə ölkəmizin ən məşhur və nüfuzlu alimlərindən akademiklər - Akif Əlizadə, İsmayıl İbrahimov, Arif Mehdiyev, Milli Akademiyanın müxbir üzvləri Arif İsmayılzadə, Vasif Babazadə, Həmid Mustafayev, professorlar - Süb­hi Bəktaşi, Müseyib Müseyibov, Şahin Balakişibəyli, Hikmət Mahmud, Tamerlan Qarayev, Çingiz Xəlifəzadə, Sevda Abdullayeva, yubilyarın əzizləri, dostları, məsləkdaşları böyük səmimiyyət, sonsuz hörmət hissilə çıxış edir və öz xatirələrini bölüşdürürdülər. Bu çıxışları dinlədikcə bir daha bu qənaətə gəlirdim ki, cəsarətlə Emini alicənablıq, xeyirxahlıq, səxavət və sadəlik rəmzi hesab etmək olar. Lakin ürək ağrısı ilə qeyd edirəm ki, təəssüflər ki, yubilyarın özü nə 60, nə 50, heç 40 yaşını da qeyd etmədi. Cəmi-cümlətanı 39 il bu dünyada ömür sürdü və Promotey kimi öz odlu qəlbinin hərarətini, səxavətini yüzlərə, minlərə ərməğan etdi.

Məhz bu keyfiyyətlərinə görə 41 il bundan qabaq böyük ruh yüksəkliyi ilə bayrama - Eminin doktorluq dissertasiyasının müdafiəsinə hazırlaşan məsləkdaşları həmin təntənəyə bir həftə qalmış sarsıdıcı xəbərdən şok vəziyyətinə düşdülər. Üzücü matəmə qərq olmuş gözü yaşlı insan seli, Moskvada avtomobil qəzasında faciəli surətdə həlak olmuş məğrur və alicənab vətən övladını son mənzilə yola saldı.
Təsəvvür edin, Emin kimi alim bir nankor moskvalı tədqiqatçının, necə deyərlər, badına gedərək dünyasını dəyişdi, milli qürurunun, qonaqpərvərliyinin qurbanı oldu. Mərifətsiz moskvalı isə nəinki Bakıya hüzrə, hətta öz şəhərindəki xəstəxanaya da vidalaşmağa gəlmədi. Lakin Emin Emin olaraq qaldı. Eminə olan sonsuz hörmət və məhəbbətin sirri nə idi? Onun qısa, lakin amal və əməllərinə görə yüz ilə bərabər şərəfli, mənalı, elmi axtarış və kəşflərlə, macəra və sərgüzəştlərlə, xeyirxah və nəcib niyyətlərlə zəngin, bir çoxlarına örnək olacaq həyat yoluna nəzər salmaqla saf ruhunu şad etmək istəyirəm.
Emin 1942-ci ildə Bakı şəhərində nurlu şəxsiyyət, görkəmli alim Səttar Süleymanovun ailəsində dünyaya göz açmışdı. 1965-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini qırmızı diplomla bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmişdi. 1968-ci ildə isə “Gədəbəy filiz sahəsinin mineraloji-geokimyəvi səciyyəsi və mis-polimetal filizləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdı. Respublika, ittifaq və xarici elmi mətbuatda yüzdən artıq elmi məqalə dərc etdirmişdi. Bununla yanaşı, 6 monoqrafiyanın müəllifi idi. Bu kitablar arasında ana dilimizdə yazılmış, o zaman üçün keçmiş SSRİ məkanında, Azərbaycan dilində yeganə olan “Kosmosdan axtarışlar” kitabını xüsusi qeyd etmək lazımdır. Bu əsər həm elmi, həm populyar, həm də dərslik kimi dəyərlidir. Ümumiyyətlə, onun qələmindən çıxan hər bir monoqrafiya sadalanan dəyərlər baxımından qiymətlidir. Adıçəkilən kitabın ən böyük üstünlüyü onda idi ki, hələ nə Baltikyanı, nə ukraynalıların, nə gürcülərin, nə ermənilərin, nə də Mərkəzi Asiya xalqlarının ana dilində geologiya elmində aerokosmik üsulların tətbiqinə aid elmi nəşrlər olmadığı bir zamanda, ilk dəfə Azərbaycanda belə bir kitab çap olunmuşdu. Bu da Azərbaycan alimlərinin geologiya elmi sahəsində digər keçmiş ittifaq respublikalarından xeyli irəlidə olduğuna sübut idi.
Emin Süleymanov 1975-ci ildən əvvəlcə “Kaspi” Elm Mərkəzində, sonralar “Geofizika” Elm Mərkəzində aerokosmik üsulların təbiət elmlərində tətbiqi şöbələrinə rəhbərlik etmiş, son iş yerində isə həm də elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. O, 1975-ci ildən professor Tofiq İsmayılovla birlikdə “İnterkosmos” qurumunun üzvü kimi fəal işləmiş, 1976-cı ildə Azərbaycanda “İnterkosmos”un peykaltı tədqiqatlarının aparılmasının təşkilatçılarından biri olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə “Qlobal çatlılıq əmsalı” üsulu hazırlanmış və o, həm respublikamızda, həm də Uzaq Şərqdə - Primoryedə müvəffəqiyyətlə tətbiq olunmuşdur. Alınan nəticələr ittifaqda “Sovetskaya qeoloqiya” jurnalında və ABŞ-da çap olunan elmi dərgidə dərc olunmuşdu.
Azərbaycanın faydalı qazıntı yataqlarının tapılmasında əldə etdiyi nailiyyətlər, onun müvafiq xəritəyə müəllif kimi dəvət olunması da təbii hal idi. Bu xəritənin çapa hazırlanmasında və nəşrində bilavasitə fəaliyyət göstərmişdi. Uzunmuddətli tədqiqatların məntiqi nəticəsi olaraq, “Kiçik Qafqazın (Azərbaycan hüdudlarında) qızıl filiz formasiyaları” monoqrafiyasını çap etdirmiş və bu mövzuda doktorluq elmi dərəcəsi almaq üçün avtoreferatını hazırlamışdı. Lakin elmi şurada doktorluq dissertasiyasını müdafiə edəcəyi günə bir həftə qalmış faciəli surətdə həlak oldu. Vaxtsız gələn amansız ölüm respublikamızın elminə böyük zərbə vuraraq və xalqımıza hələ çox xeyir gətirə biləcək nurlu şəxsiyyəti aramızdan apardı. Həmin xatirə tədbirində Emin Süleymanovun elmi fəaliyyəti ilə yanaşı onun insani keyfiyyətləri də yada salındı.
Eminin ən qiymətli şah əsəri - canlı monoqrafiyaları onun bütün nəsli kimi alicənab, xeyirxah və istedadlı övladları - hazırda Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfir - oğlu Elin Süleymanov və Azərbaycan qızının bütün ali keyfiyyətlərini təcəssüm etdirən, ölkəmizin nüfuzlu təşkilatında çalışan qızı Leyla xanımdır.
Dostlara sadiq, yaşından asılı olmayaraq müraciət edənlərə ancaq xeyirxahlıqla yanaşan, vətənpərvər, millətsevər, gözəl insan Emin Səttar oğlu Süleymanov onu tanıyanların qəlbinə əbədi bir xatirə kimi həkk olunmuşdur.

Fotosessiya