BULUDUN QOLU (TORNADO)

Vəliyev Zəki Abdulla, AMEA Geologiya və Geofizika İnstitutunun
“Petrologiya və metallogeniya” seksiyasının aparıcı
elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent

Nazim Əliyev, AMEA Geologiya və Geofizika İnstitutunun “Çöküntü
hövzələrinin geokimyası və flüid dinamikası” şöbəsinin
elmi əməkdaşı, magistr

Qasırğa, tornado, burağan, tromb... belə vəhşi burulğanlara insanlar qədimdən sitayişli qorxu və ehtiramla yanaşırdılar. Onların həqiqi səbəbini anlamadan qədim insanlar bunu Allahın qəzəbi kimi qəbul edərək, rəhmə gətirmək məqsədilə zəngin qurbanlar verirdilər. Simvollar elmi baxımdan, külək - (məhz tornado-buludun qolu olan zamanı o, ağlasığmaz gücə malik olur) vaxt, yoxluq, boşluq, məkan, hərəkət, dəyişmələr, qeyri-sabitlik, hövsələsizlik, özbaşınalıq, məhvetmə simvoludur.

Burulğan – tornado nəhəng, dəhşətli enerjiyə malikdir. O, evləri sanki kağız qutuları kimi, dağıdır, maşınları, dəmir yol vaqonlarını, çoxtonlu təyyarələri havaya qaldırır, körpüləri aşırır. Bunlar, həmçinin havaya qaldırılmış nisbətən kiçik predmetlər – taxtalar, bina qırıntıları, dəmir tavan listləri böyük sürətə malikdir. Eyni zamanda o, intibah, ilahiyyətin həyatverici nəfəsi, yaradıcılıq cəhdi, poetik ruhlanma, mərdlik, azadlığın rəmzidir. Təbiətin bu ecazkar hadisəsini müşahidə etmiş kəslər – hisslərin bütün rəngarəng zəngin palitrasını duymaq qabiliyyətinə malik ola bilərlər.


Qasırğa – topalı-yağış buludundan (onu ana bulud adlandırırlar) çökən şaquli ox ətrafında fırlanan burulğandır. Qasırğa nəticəsində dəhşətli dağıntılar yaranır. Qasırğalar cürbəcür: yer üzərində fırlanmış kəndir, qum saatı, fırlanan xortum, ana (əsas) buluddan sallanmış boru və ya qıf şəkil ala bilirlər. Qısa varlığı dövründə onun forması küləyin sürət tərəddüdlərindən və qıfa axan havadan asılı olaraq dəyişə bilər.
Bütün dövrlərdə burulğan-qasırğa mövzusu insanların yaradıcılığında özünü büruzə vermişdir. Şərq nağıllarında onlar qəhrəmanlara kömək və yaxud mane olan ilahi qüvvələri təcəssüm etdirir. Cinlilər çox zaman isti havada yellənən və ya şimşək parıltıları əhatəsində ildırım sürətilə şığıyan qasırğa şəklində təsvir olunurlar. Qasırğa-tornado ruhları bir dünyadan digərinə apara bilər. Qasırğa obrazını Zevs qəbul edir, Odin (almanların fırtına allahı), Xurakan (Maya xalqlarında ildırımdaşıyan allah), İezekiil qəfil və güclü qasırğada xerivimləri görmüşdür. Dantenin “İlahi komediyası”nda qəhrəman cəhənnəmin ikinci dairəsinə düşərkən, həyatda olduqları zaman şüurlarını eşq ehtirası korlamış günahkar ruhların vəhşi hərlənməsində şiddətli burulğan görür. Bunların sonrasında onların məhəbbətini bir çox şairlər, rəssamlar, musiqiçilərin tərənnüm etdikləri nakam sevgililər - Paolo və Françeskanın tarixçəsi var idi. P.İ.Çaykovskinin “Françeska da Rimini” musiqili fantaziyası onun ən dahi əsərlərindən biri kimi qəbul edilir. Əsərin başlanğıcında solğun burulğan mövzusu ona xüsusi qəmli kolorit verir. Çoxlarına məlum olan A.Volkovun “Zümrüd səhərin sehirbazı” nağılında möcüzələr o, andan başlayır ki, dəhşətli tornado qızcıgaz Elli və onun iti Totoşkanı evləri ilə birlikdə havaya qaldırır və əfsanəvi ölkəyə aparır.


Bütün bu obrazlar ən dağıdıcı təbiət hadisələrindən biri - adı tornado (buludun qolu) olan qasırğaya uyğundur. Onun bir çox xassələri qasırğalar haqqında məhdud biliyə malik insanlar üçün ağlasığmaz görünə bilər. Son onilliklərdə bu hadisənin dərk edilməsində elm nəhəng təkan atmasına baxmayaraq, bu gün onun haqqında heç də hər şey məlum deyildir. Tornado isti havada quru və dəniz üzərində meydana gəlir və bir qayda olaraq yağış, tufan, bəzən dolu ilə müşayiət olunur. Tornadonun keçdiyi vaxt dolu dənələrinin çəkisi bəzən 1 kq, diametri isə 15 sm-ə çatır. Hər il Yer kürəsində 1000-1500 tornado yaranır ki, bunun təxminən yarısı Amerika Birləşmiş Ştatlarının payına düşür. ABŞ-da hətta, onların ən çox təkrarlandığı cənubdan şimala, sonradan isə Texas, Oklaxoma, Kanzas, Missuri statlarından şimalı-şərqə keçən zolaq - tornado xiyabanı mövcuddur.
Tornadolar qısa ömürlü – bir neçə dəqiqədən 1-2 saata qədər davam edir. Onların keçdiyi yol orta hesabla 15-60 km, nəhənglərində isə 500 km-ə kimidir (belələri ABŞ-da müşahidə olunmuşdur). Hərəkət sürətləri müxtəlif: 10-20-dən 60-70 və daha çox km/saat-dır. Kiçik burulğanların diametri cəmi bir neçə m olub, küləyin sürəti 25-35 m/saat halında 5-10 m məsafə qət edirlər. Onlar ciddi itkiyə səbəb olmurlar. Küləyin sürətindən asılı olaraq onların gücü altıballıq şkala ilə ölçülür.
Tornado yalnız daxilindəki havanın nəhəng sürəti hesabına deyil, həm də atmosfer təzyiqinin ani sıçrayışı ilə böyük dağıntılar əmələ gətirir. Bir neçə saniyə ərzində o, düşə və yenidən onlarla hektopaskala qalxa bilər. Belə hallarda qapı və pəncərələri bağlı evlər “partlayır”, bütöv divarlar bayıra aşır, qablardan mayə sovrulur və ətrafa yayılır.
Qasırğanın ölçüsünü böyük adlandırmaq düzgün olmazdı, çünki diametri nadir hallarda bir neçə on metrə bərabər olur. Ən güclü qasırğalarda küləyin sürəti o qədər nəhəng olur ki, maksimal qiyməti indiyə kimi yalnız dolayı əlamətlərə əsasən qiymətləndirilir. Fərz edilir ki, bu, 200-300 m/san çata bilər. Havanın qasırğada fırlanması saat əqrəbinin əksinə baş verir. Küləyin sürəti o, həddə çata bilər ki, yerdən qaldırılmış çöp ox kimi ağac gövdəsinə sancıla, ağac yonqarı isə dəmir təbəqəsini deşə bilər.


Qıfın mərkəzində atmosfer təzyiqi ətrafa nisbətən xeyli aşağıdır, xüsusən horizontal təzyiqlər fərqi olduqca kəskindir. Qasırğanın gəldiyi zaman təzyiqin katastrofik sürətli düşməsi özünəməxsus hadisələrin yaranmasını şərtləndirir: boş predmetlər (xüsusən. evlər, başqa qurğular, avtomobil şinləri) qıfla təmasda partlayır. Hətta belə hadisələr müşahidə olunmuşdur ki, ölmüş və yaxud fəlakətdən sonra sağ qalmış toyuqlar sanki “tükləri yolunmuş” vəziyyətə düşürlər. Aydınlaşdırılmışdır ki, tüklərin köklərinin yerləşdiyi hava torbaları atmosfer təzyiqinin kəskin düşməsi nəticəsində daxildə partlayırlar. Müasir tədqiqatlar qasırğanın strukturunu belə təsəvvür etməyə imkan verir. Güclü – 60-80 m/san sürətlə havanın aşağıya hərəkəti mərkəzdə eni 100-150 m və bir qədər az olan nüvə yaradır. Havanın yüksək sürətilə şığıyan axın üçün yer səthi təbii sədd olub, qasırğanın ətəyində hava axınlarının cəmləşməsilə onun dağıdıcı qüvvəsini yüksəldir. Nüvə ətrafında belə, havanın güclü (70-80 m/san) yuxarıya yönəlmiş hərəkəti qeyd olunur. Yuxarıya hava qalxarkən o, soyuyur və onda su buxarı kondensasiya edilir ki, bu da qasırğaya ağımtıl rəng verir. O, özünə toz və qum yığdıqda tündləşir.
Fəlakətli qasırğalar üçün çoxburulğanlı struktur: əsas qasırğanın kənarında sürətlə öz oxu ətrafında və eyni zamanda başlıca qıfın oxu boyunca törəmə burulğanlar fırlanır. Məhz onlar ən güclü küləklər və mürəkkəb tsikloidal diametri bəzən cəmi bir neçə metr dağıntı izləri əmələ gətirir.

Tez-tez qasırğa (tornado) tullanışlarla: yer üzəri ilə müəyyən məsafə qət etdikdən sonra onun “xortumu” səthdən qopur, havada dağıntı yaratmadan pərvaz edir, sonra yenidən enir və bu hal bir neçə dəfə təkrarlanaraq, hərəkətini davam etdirir.
Qasırğa zamanı müxtəlif optiki hadisələr: işıqlaşan buludlar, kürələr, ləkələr, fırlanan zolaqlar, bəzən isə halqalar müşahidə olunur. Bəzi vaxtlarda ana buludun aşağı sərhəddi tamamilə işıq saçır. Qasırğalar güclü elektromaqnit sahələri generasiya edir və ildırımlar, o cümlədən kürəvilərlə də müşayiət oluna bilərlər.
Tornadolar Yer kürəsinin müxtəlif hissələrində: ABŞ-dan başqa Avstraliyada, Yeni Zelandiyada, Yaponiyada, Hindistanda, Cənubi Afrikada və Avropada baş verirlər. Tornadoların inkişafı Günəş sisteminin digər planetlərində, xüsusən Mars, Yupiter və Neptunda qeyd olunur.
Tornadonun ölçüləri çox böyük olmadığından və külək şiddətliyi ilə fərqləndiyindən onun yaratdığı dağıntılar seçimli və paradoksal hal alır. Belə ki, 1914-cü ildə Oqayo Ştatının Kseniya şəhərində tornado fermerin evini bütün əşyaları ilə birlikdə dağıtdığı halda, güzgü və ilahiyyat bəzəkləri olan kövrək qutunu sanki mərhəmət xatirinə saxlamışdır.
Rusiya və yaxın xarici ölkə ərazilərində tornadolar hər il Baltikyanıda, Belarusiyada, Ukraynada və Rusiyanın mərkəzi vilayətlərində, Povoljyedə, Sibirdə və Uralda müşahidə edilir. Su üzərində tornadolar Qafqazın Qara dəniz sahillərində, Krımım, Qara dənizin şimal-qərb sahillərində və Riqa körfəzində müşahidə olunur. XX əsrdə ən güclü tornadolar Moskva və Moskvaaltı ərazilərdə (1904, 1945, 1984-cü illər və s.), Estoniyada (1920), Rostovda, Yaroslav vilayətində (1953), Qorkidə (indiki Nijniy Novqorod; 1974), Ukraynada (1980), Litvada (1981, 1985) və bir sıra başqa rayonlarda baş vermişdir.
Ən dağıdıcı qasırğa-tornado 1904-cü ildə Moskvada alman bazarının başçısını evlərin damından yuxarı qaldırmış və bir dəqiqədən sonra dolu ilə döyülmüş və cırıq paltarda yerə atmışdır. Bulud xortumunun təmasından Yauza və Lyublyansk gölcüklərində su qaynamış və coşmuşdur. Qıf su içərisinə sovurduğundan su hövzələrinin dibi görünmüşdür. Moskvaaltı dəmir yol keçidlərinin birində qasırğa nəzarətçi ilə birlikdə oradakı budkanı başqa yerə köçürmüşdür.
Tez-tez tonlarla tozu havaya qaldırmış qasırğalar rəngli yağışların yaranmasına səbəb olur. XX əsrin əvvəlində Apenin yarımadasında Bolsano yaxınlığında Saxara tozunun qırmızı rənginə boyanmış yağış hücum vaxtı müvəqqəti dincəlmə anında, güya səma hücuma etiraz əlaməti olaraq qan sızdığından, italyan qoşununu geri çəkilməyə məcbur etmişdir.
1940-cı ildə Qorkiv vilayətinin Meşerı kəndi yaxınlığında gümüş sikkələrdən ibarət yağış yağmışdır. Sən demə, ildırımlı leysan vaxtı xəzinə yuyulmuş, yaxından keçən qasırğa pulları göyə qaldırmış və Meşeri kəndi ətrafında yerə atmışdır.
İndiyə kimi qasırğaların əmələ gəlmə səbəbləri tam izah edilməmiş, onların hansı şəraitlərdə yaranması kifayət qədər yaxşı məlumdur.
Qasırğa lokal hadisə olsa da, onun meydana gəlməsi irimiqyaslı proseslərlə - aktiv konveksiya və tufan fəaliyyəti ilə əlaqədardır. Güclü qasırğalar adətən, ilin isti mövsümlərində, 14 və 18 saatlarında dərinləşən tsiklərdə, gərginləşən soyuq cəbhələrdə və troposferdə onlardan qabaqda, aşağı təzyiqin geniş sahələri altında müşahidə olunurlar.

Qasırğaların formalaşmasının əlavə şəraiti, bir qayda olaraq, iki növündən birinin orta (mezomiqyaslı) dövranın inkişaf etməsidir. Birincisi, bu buludlar horizontal fırlanma oxuna malikdir. Onlar tez hərəkət edən soyuq cəbhələrin qarşısında boranlar xəttində müşahidə olunurlar. İkincisi, şaquli ox ətrafında fırlanan buludlar. Bu tip dövranlara əksər hallarda kiçik tsiklon burulğanlarının yerdəyişməsi boyunca soyuq cəbhələrdə rast olunurlar.
Bugün burulğanların əmələ gəlməsinin fiziki xüsusiyyətlərini izah edən bir neçə hipotez mövcuddur. Əksəriyyət müasir tədqiqatlara görə, bu prosesi iki əsas mərhələyə bölmək olar. Birinci mərhələdə 4-8 km yüksəklikdə diametri 10-20 km olan hava axınının yuxarı qalxan sütunu fırlanmağa başlayır. Fırlanan hava sütunu şaquli üzrə dartılır. Onda axının sürəti 30-35 m/san. çatır, lakin müşahidəçi üçün bu yenə də görünməz qalır.

İkinci mərhələdə o, artıq görünür və onun nüvəsi formalaşır. Qasırğanın nüvəsinin əmələgəlmə prosesinin fizikası və səbəbləri hələ də tapmaca kimi qalmaqdadır. Nüvənin diametri 1 km-dən artıq deyildir. Bu halda troposferin orta hissəsində hava sütununun fırlanmasının güclənməsi aşağı yönəlir, burulğan borusu demək olar ki, yerə qədər uzanır. Qasırğa nüvəsi və onun xarici sərhəddi arasındakı təzyiq dəyişmələri nəticəsində hava nisbətən nazik qatla yerin yaxınlığında burulğan kəskin şəkildə istiqamətini dəyişir və spiral üzrə yuxarı qalxır. Bunun nəticəsində ən güclü küləklər zonası dairə formasını alır. Yerə sürtünmə axının real sürətini məhdudlaşdırdığından qasırğanın nüvəsi aşağıdan hava ilə dolmağa macal tapmır.
Texniki vasitələrlə burulğanı necə müəyyən etmək olar? Bizim dövrümüzdə heç də həmişə, belə imkan meteoroloji radiolokatorlarla yaranır. Lakin adi radiolokator bu hadisəni yalnız yaxın məsafədə (onun ölçüləri olduqca kiçik olduğundan) təyin edə və 1-2 saat qabaqcadan fəlakətin gözlənilməsini xəbər verə bilir. Bu istiqamətdə son illərdə meteoroloji xidmətdə buludda küləyin sürətini üçölçülü sahəsini qiymətləndirməyə və qasırğaların əmələ gəlmə şəraitlərini və onları quruluşunu öyrənməyə imkan verən dopler radiolokatorlarından istifadə etməklə irəliyə addım atılmışdır.
Tornadonun mərkəzində olarkən sağ qalmaq, xüsusən də, hadisənin detallarını yadda saxlamaq heç də hamıya nəsib olmur. Bu mənada 1943-cü il mayın 8-də baş vermiş hadisənin birbaşa şahidi olmuş Makkinni şəhərinin (Texas ştatı) sakini amerikalı Roy Xollun xatirələri olduqca maraqlıdır. Fırtınanın ən gızğın vaxtında küləyin qulaqbatırıcı vıyıltısı birdən batdı. Bu sükunətdə ev mavi parıltı ilə işıqlandı və Xollun qarşısında dəhşətli görüntü canlandı: “Əcaib varlıq əvvəlcə yuxarıdan aşağıya doğru hərəkət edir, sonra isə tam hərəkətsiz, əgər yuxarı-aşağı zəif pulsasiyalar nəzərə alınmazsa, şəkildə dondu. O, batıqlığı mənə tərəf yönəlmiş, aşağısı demək olar ki, horizontal olan qövsvarı səddi, tornadonun aşağı dirəyi idi”. Xollun yuxarıda gördüyü mənzərə sütunabənzər boşluğu əhatə edən, qalınlığı 4 m-ə yaxın hamar səthli qeyri-şəffaf divar idi. “O, içərisi minalanmış dirəyi xatırladır, 300 m-dən çox yuxarıya uzanır, yüngülcə yırğalanaraq yavaş-yavaş cənub-şərqə əyilirdi, aşağıda dibinin yaxınlığında, mənim qarşımdakı dairəyə əsasən, en kəsiyinə görə qıf 50 m-ə bərabər idi. Yuxarıda o, genişlənir və çox güman ki, parlaq, lyüminesent lampa kimi bərq vuran buludla dolmuşdu”. Fırlanan qıf sanki nəhəng həlqələr çoxluğundan təşkil olunmuşdur ki, onlardan hər biri digərindən asılı olmayaraq hərəkət edərək, yuxarıdan aşağıya kimi qaçan dalğa yaradırdı. Dalğanın qılıcı dibə çatanda onun zirvəsi qırmanc şaqqıltısını xatırladan səs çıxarırdı. Tornadonun episentrində olan Xoll ailəsi, demək olar ki, ziyansız ötüşdü.