QEYRİ-RƏVAN, ŞƏRƏFLİ HƏYAT VƏ YARADICILIQ YOLUNUN 80-cİ PİLLƏSİNDƏ (Vəliyev Zəki Abdulla oğlunun tətbiqi-elmi-pedaqoji fəaliyyətinin 60 və 80 illik yubileyinə)

Tələt Kəngərli, AMEA Geologiya və Geofizika İnstitutunun “Geotektonika və regional geologiya” şöbəsinin rəhbəri, AMEA-nın müxbir-üzvü, geologiya-mineralogiya elmləri doktoru

Kamilə Vəliyeva, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
kompüter dilçiliyi şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor

 

Zəki Abdulla oğlu Vəliyev 1942-ci ilin sərt şaxtalı 15 fevral günündə, II Dünya müharibəsinin tuğyan etdiyi ağır zamanda dünyaya göz açmış, oxuduğu 132 saylı orta məktəbi yaxşı və əla qiymətlərlə bitirərək, şagird və müəllimlərinin hüsn-rəğbətini qazanmışdı.

Gənclik dövrlərinin təsadüf etdiyi sovet illərində geoloq peşəsi ən romantik hesab olunduğundan böyük nüfuza malik idi. Təsadüfi deyildi ki, onun haqqında mahnılar bəstələnirdi. Onlardan birində hətta belə sətirlər var idi “Möhkəm dur geoloq, güclən geoloq, sən külək və günəşin qardaşısan (Держись геолог, крепись геолог, ты ветра и солнца брат)”. Çox güman ki, məhz bu ab-hava və təbiət elmlərinə böyük həvəs Zəki müəllimi Azərbaycanın sirri açılmamış faydalı qazıntılarını üzə çıxarmaq və oyrənmək məqsədilə 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiyafakültəsinə daxil olmağa sövq edir. 1966-cı ildə universiteti uğurla bitirdikdən sonra, əvvəlcə 13 il müddətində Azərbaycan Geologiya İdarəsində geoloq, böyük geoloq, baş geoloq vəzifəsində çalışmış, daha sonra Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda işləmişdir. Onun tədqiqata cəlb etdiyi faktlar dəqiqliyi, əldə etdiyi elmi nəticələr isə mükəmməlliyi ilə seçilirdi.
Zəki müəllimi bir geoloq - alim kimi elmə tanıtdıran onun 1985-ci ildə “Levçay civə-sürmə filiz sahəsinin yerləşmə xüsusiyyətləri və əmələgəlmə şəraiti” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası olmuşdur. Bu əsərdə o, Levçay civə-sürmə yatağının yerləşməsinin geoloji-struktur xüsusiyyətlərini aşkara çıxarmış, filizlərin maddi tərkibini, struktur-tekstur xüsusiyyətlərini, əmələgəlmə dərinliyini, mineral çökmənin termobarometrik şəraitini ətraflı tədqiq etmiş və əldə etdiyi nəticələr əsasında yatağın perspektivliyini qiymətləndirmiş, metallogeniyada ilk dəfə kosmik materilları tətbiq etməklə, regionda civə-sürmə yataqlarının axtarışının proqnozlaşdırılmasının elmi əsaslarını işləyib hazırlamışdır.
Zəki müəllimin çoxşaxəli, geniş diapozona malik elmi fəaliyyəti təkcə geologiya sahəsi ilə məhdudlaşmır. Onun həm də jurnalistlik bacarığı xüsusi qeyd olunmalıdır. Bu bir çox elm xadimlərinin (akad.Ş.F.Mehdiyev, akad.M.T.Abasov, akad. Ə.C.Sultanov, akad. Ə.Ş.Şıxəlibəyli, akad. Ə.V.Məmmədov, akad. A.C.İsmayıl-zadə, prof. S.M.Süleymanov, prof. V.G.Ramazanov və b.) həyat və yaradıcılığına həsr etdiyi elmi məqalələrində bu cəhəti açıq-aydın izlənir, mətbuat və elmi-kütləvi jurnallarda onun böyük maraq doğuran publisist, elmi, siyasi məqalələrinə rast gəlinir.
Zəki müəllim 130-a yaxın elmi məqalənin müəllifi, 26 elmi-tədqiqat işinin həmmüəllifidir. Yer resurslarının kosmosdan tədqiqinə dair elmi (son 15-20 il ərzində) hesabatları və məqalələri geoloqlar tərəfindən maraqla qarşılanmışdır.
Zəki müəllim 1988-ci ildən indiyə kimi Bakı Dövlət Universitetində “Faydalı qazıntıların axtarış və kəşfiyyatı”, “Yataq və filiz sahələrinin strukturları”, “Elmin müasir problemləri”, “Plitələr tektonikası və filizəmələgəlmə”, “Maqmatizm, geodinamika və filizəmələgəlmə”, “Kontinentlərin aktiv kənarlarının maqmatizmi”, “Qafqazın maq­ma­tizminin təkamülü”, “Vulkanizm və filizəmələgəlmə”, “Azərbaycanın geologiyası”, “Qarabağın geologiyası”, sonra isə “Hidrogeologiya və mühəndis geologiya” kafedrasında “Distansion zondlaşdırma”, “Hidrosferin aerokosmik tədqiqatları” və s. fənləri Azərbaycan və rus bölmələrində tədris edir. Onun tərəfindən bu fənlərin proqramı, sillabusu tərtib edilmişdir. Onun rəhbərliyi altında 30-dan artıq diplom və buraxılış işləri yerinə yetirilmişdir. Son illərdə Zəki müəllim Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış magistraturada seçmə fənləri tədris edir. 2018-ci ildə onun bir magistri yüksək səviyyədə dissertasiya müdafiə etmişdir. O, bir sıra əcnəbi vətəndaşların (İran, Əlcəzair, Yəmən, Vyetnam, Kuba və s.) dissertasiya işlərini rəsmi opponent qismində dəyərləndirmişdir. 50-dən artıq avtoreferata rəy yazaraq, öz münasibətini bildirmişdir.
Azərbaycan Geoloqlarının Milli Komitəsi, Azərbaycanın Paleontologiya Cəmiyyəti, Azərbaycanın Mineralogiya Cəmiyyəti, Azərbaycanın Təhsil Cəmiyyətinin üzvü, Azərbaycanın Təhsil Cəmiyyəti “Bilgi” dərgisinin “Fizika, riyaziyyat və yer elmləri” seriyasının məsul katibi olmuş, hazırda “Yer və İnsan” elmi-kütləvi jurnalın redaksiya heyətinin üzvüdür. Zəki müəllim dəfələrlə BDU-nun və Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun birdəfəlik müdafiə şuralarının üzvü olmuşdur. O, həmçinin uzun müddətdir ki, İnstitutun elmi əsərlərin nəşri üzrə ekspert komissiyasının üzvüdür.
Dəfələrlə Bakı, Moskva, Sverdlovsk, Xabarovsk, Daşkənd, İrəvan, Sivaş və Çində konfrans, konqress, simpozium və s. elmi məclislərdə iştirak etmişdir.
2018-ci ildə Zəki Abdulla oğlu Vəliyev Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi münasibətilə ölkə Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.
Həyatının mənasını xeyirxah işlərdə görən Zəki Abdulla oğlu Vəliyevi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və həyatdakı ülvi missiyasını yerinə yetirməkdə uğurlar diləyirik.