Prezident İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasında növbəti görüş sülh prosesinə sadiqliyin göstəricisidir - Metyu Brayza
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında dördüncü görüş regionda sülhə sadiqliyin müsbət əlamətidir.
Yerveinsan.az bildirir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza.
Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb. 2020-ci ildə ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra artıq dördüncü dəfədir ki, belə bir görüş keçirilir.
M.Brayza qeyd edib ki, bu yaxınlarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Azərbaycan Laçın şəhəri üzərində nəzarəti bərpa edib və keçirilən üçtərəfli görüş danışıqlar prosesinə yeni təkan verə bilər.
"Ümid edirəm ki, bu o deməkdir ki, Ermənistanın baş naziri öz siyasi gücünü möhkəmləndirir və Azərbaycanla sülh istəməyənlərə müqavimət göstərə biləcək", - deyə keçmiş səfir bildirib.
Onun sözlərinə görə, belə bir görüşün baş tutmasının özü belə müsbət faktdır.
"Bu o deməkdir ki, iki ölkə liderləri sülh müqaviləsi üzrə danışıqları davam etdirmək, eləcə də Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədi müəyyən etmək əzmindədirlər", - deyə M.Brayza əlavə edib.

