OD NƏFƏSLİ VƏ SÜKUNƏTDƏ OLAN VULKANLAR

Vulkanların fəaliyyəti planetmizin əsas relyef formalarının yaranması anından, yəni milyonlarla illər ərzində formalaşmışdır. İnsana öz qısa əsrində bu fenomenal geoloji əmələgəlmələrlə qismən “tanış olmaq” nəsib olsa da, bu günə qədər toplanmış təcrübə təbiətin ecazkar möcüzələrindən biri – vulkanların insanın mədəni və sosial həyatında mühüm rol oynamasına şübhə yeri qoymur.
İnsanların və vulkanların “qarşılıqlı münasibət” tarixi minilliklərdir ki, davam edir. Bəzən belə qonşuluq insan üçün ölümcül təhlükəlidir. Lakin bu bizim əcdadlarımızı dayandırmamış və müasirlərimizi qorxuya qərq etməmişdir. İş hətta vulkan yamaclarını örtən məhsuldar torpaqlarda, onların od püskürən dağlarından başlayan təmiz çaylarda, xüsusi mikroiqlimdə deyil, təbiətin bizə verdiyi müəmmalı tapmacanın – vulkanların sirrinin hələ də açılmamasıdır. Yəqin ki. onu sona qədər açmağa nə müasir metodlar (məsələn exolokasiya və s.), nə cihazlar (məs. pirometr), hətta məxsusi yeni elmlər (vulkanologiya) hal-hazırda birmənalı şəkildə kömək edə bilmir.
Vulkanlara bütün iqlim zonalarında, bütün qitələrdə, demək olar ki, bütün təbiət zonaları və regionlarda rast gəlinir. Onları buzlu şimal küləkləri üfürür, okeanların zalım dalğaları itiləyir, qar papaqları haşiyələndirir. Fəaliyyətdə olan vulkanların fauna və florası zəngin deyildir: növbəti püskürməyə qədər lava səthlərini örtən bitkilərin tezyetişən növləri – kollar, şibyə və mamırlardan, çeşidi təbii zonaların dəyişməsindən asılı olan həşarat, məməli heyvanlardan ibarətdir. Fəaliyyətdə olan vulkanlar da qısamüddətlidir. Nə vaxtsa yeni püskürmə, həddən artıq yüklənmə baş verir və lava örtüyünün altında isə heç bir xilas yeri qalmır.
Vulkanizm və vulkanların özü əcdadlarımızın həyat tərzi və şüuru əhəmiyyətli dərəcədə təbii qüvvələrdən asılı olduğu zaman, mistik dumana bürünmüşdü. Bütün xalqların idrakında vulkanlar hansısa ekstremal, möhtəşəm, ulu kimi assosiasiya təşkil edirdi. Havaylıların folklyorunda onların meydana gəlməsi və fəaliyyəti olduqca məşhur yerli allah Pele ilə əlaqələndirilir. Havay adasının ən böyük vulkanlarından biri Kilauela rəvayətlərə görə onun evidir. Onun adı ilə həmçinin bəzi lava əmələgəlmələri, məsələn, “Pelenin göz yaşları” (lavanın kiçik damcıları havada soyuyaraq göz yaşı formasına malik olur) və “Pelenin saçları” (vulkan şüşəsi – obsidianın incə saplarının okeana tökülməsi nəticəsində alınan) adlandırılır.
İşlandiyanın nağıl və dastanlarında (saqalarında) vulkanlar bütün mistik və təhlükəli hadisələrin iqamətgahıdır. Əgər trolley, elf, cırtdan, şeytan tapmaq istəyirsinizsə vulkana gəlin. Qədim yunan və sonradan Roma mədəniyyətində vulkanizmi aydınlaşdırmaq üçün öz fəaliyyəti üzrə dağətəyi sahələrdə yaşayan dəmirçi Allah – Tefest (vulkan) cavabdeh idi. Aralıq dənizi ölkələri ənənələrində vulkanlar həmçinin qədim yunan allhlarına uduzmuş nəhənglər məskunlaşmışlar. Rəvayətlərin birinə əsasən, Etna vulkanı sən demə əsrlərlə burada ölməz nəhəng – Enkeladın yatdığı həbsxanadır. Vulkanın həddən artıq püskürməsini əsirin yorulmaq bilmədən qaçma cəhtləri sübut edir. Virgiliya görə həmin Etnanın mağaralarında təpəgöz, o cümlədən polifemlər məskunlaşırdı. Əksəriyyət milli mədəniyyətlərdə vulkan – iblis, şeytani qüvvələrin səbəb olduğu daimi təhlükə və qorxu simvoludur.
Ən yüksək beş vulkanın sırası belədir: Ekvadordakı – Kotopaxi, şübhəsiz liderdir, onun hündürlüyü 5897 m-dir; Meksikadakı – Popokatepetl və Ekvadordakı – Sinqay vulkanlarının hündürlüyü 5400 m-dən artıqdır; onların ardınca Rusiyadakı – Klyuçevskaya (4750 m) və Havaydakı – Mauna-Loa (4170 m) yerləşir.
Vulkanizmin təbiətinin aşkar edilməsinə ilk cəhtlər antik filosoflar tərəfindən atılmışdır. Məsələn, Ərəstun (Aristotel) püskürmənin səbəbləri içərisində küləyin süxurlardakı çatlar və qırılmalara sürtünməsini göstərir. Empedokl vulkan və odun əlaqəsini təbiətin əsas enerjisi hesab edirdi. Böyük Pliniy qeyd etmişdir ki, püskürməni çox vaxt zəlzələ qabaqlayır.
Vulkanların ilk elmi tədqiqatı ingilis diplomatı və həvəskar-təbiətşünas Uilyam Hamiltona məxsusdur. O, Neapolda qorunan Vezuvidən püskürmüş kül nümunələri və piroklastik materialları öyrənirdi.
Vulkanlar haqqında kifayət qədər məlumat toplandıqca, irəli gələn sualların sayı daha da artdıqca, alimlər alınan informasiyaları sistemləşdlrməyə cəht etdilər. Ən həyati – hər hansı bir vulkan yenidən nə vaxt püskürəcək və yaxud da ümumiyyətlə püskürməyəcək - problem öz əksini vulkanların fəaliyyətdə olan, sükunət vəziyyətindəkilər və sönmüşlərə bölünməsində tapmışdır.
Vulkanlar sualtı və yerüstü olurlar, onların bir-birindən fərqləri çox olsa da ümumi cəhətləri də kifayətdir. Sualtı vulkanlar formaca o qədər də müxtəlif deyillər, çünki onları əhatə edən mühit eroziya nöqteyi-nəzərindən aqressiv olmur. Lakin onların Yerin tektonikasında əhəmiyyəti müstəsnadır. Ekspertlər hasablamışlar ki, yerüstü vulkanların sayı 480-dir və onların əksəriyyəti Yaponiya adalarında cəmləşmişlər. Sualtı vulkanlar isə dəfələrlə az, 70, əsasən, Yaponiya sahillərinin dəniz dərinliklərində yerləşirlər.
İntensiv dağılmış və ya yuyulmuş vulkanlar ayrıca qrupu təşkil edirlər. Onlar Yer hələ cavan olarkən qocalmışlar, indi onlardan tündləşən “sümük”lər – qayalar qalmışdır. Məsələn, indi də yüksəkliyinə görə kiçik olmayan massiv – Qaradağ, 100-150 mln il bundan qabaq lakin ölçüsünə görə ondan dəfələrlə böyük, vulkanın şimal hissəsi olmuşdur. Gücünə görə ölçüyəgəlməz zəlzələlər və püskürmələr epoxasında bütövlükdə özünəbənzər arxipelaqda ayrıca vulkan-ada formalaşmışdır. Şeytan barmağı o dövrlərdə yer səthinə nüfuz edən nəhəng maqma axınının yalnız bir hisəsi olaraq, lakin o, öz hücümunda digər süxurlarla sıxılmış olduğundan orada soyumuşdur. Pliosendə (1,7 mln ilə yaxın) geoloji miqyasda olduqca az, bir neçə milyon il mövcud olaraq, protovulkan miqyasına görə nəhəng qalxıma cəlb edilmişdir. Tektonik “qəza” Tavr dağlarının birinci eskizini yapışdıraraq, onun bir hissəsini yuxarı atmış və digərini – yer qabığının meqaqatını dəniz ənginliklərinə yumarlamışdır. Bədbəxtçilikdən vulkan parça-parça olmuş, bizim öyrənməyimiz üçün qalan isə keçmiş nəhəngliyin kiçik parçasıdır. Qaradağ kimi sönmüş vulkanlar seysmik cəhətcə təhlükəli deyil, lakin onlar təbiət və həmçinin insanın yaddaındadır.
Fəaliyyətdə olan vulkanlar müxtəlifdir və heç biri insanlara onları unutmağa imkan vermir. Bəziləri dibsiz yer təkindən od dilləri, zəhərli qazlar atır, ətraf ərazilərə daş, kül və süngər yağşı yağdırır. Digərləri isə əsrlərlə sükunətə qərq olmuşlar, Bəzən onların konusları sanki yuxuda “isti cavanlıq” larını xatırlayıb, diksinirlər və bunları lokal zəlzələ adlandırırlar.
Yerin tektonik xəritəsini öyrənərkən, görmək olar ki, vulkanlar yer qabığının bünövrəsini təşkil edən və mantiyanın üst qatlarında üzən yer təbəqəsinin bərk nəhəng təşkiledici hissələrinin – litosfer plitələrinin təmas zonalarında cəmləşmişlər.
Müxtəlif tipli (qitə, okean və yaxud riftogen) yer qabığı plitələri arasında qarşılıqlı təsirin baş verdiyi geosinklinal qurşaqlar vulkanların vətənidir. Planetar miqyasda belə “doğum evləri”nin sayı üçdür.
Birincisi bu sərhədyanı sahələr Sakit okean plitəsinin qərb şaxələri ilə Zond adaları və Avstraliya qitəsi rayonlarında dünyanın bütün tərəflərini əhatə edən “odlu dairə”dir. İkincisi, Avroasiyanı demək olar ki, ortalıqla Pireney dağlarından Himalaya qədər gətirən Alp-Himalay qurşağıdır. Nəhayət, sualtı üç kilometyrlik divar - planetin ən nəhəng dağ zənciri – aralıq-okean silsilələri sistemidir. Obrazlı ifadə etsək bu okean dibinə tikilmiş ən böyük “ildırım” dır. Müasir hipotezlərdən birinə əsasən, litosfer plitələrinin gərilməsi daimi geodinamik prosesdir. Plitələr arasındakı azad məkan maqma ilə doldurulur ki, o, soyuyarkən üst-üstə yığlaraq, həmin “ildırım” yaradır və onun boyunca düymə kimi, bu prosesin əsas obyekti vulkanlar yerləşirlər. Püskürmə müxtəlif cür: bəzən sürətlə, bəzən isə aylarla, illərlə və hətta onilliklərlə baş verir. Vulkanların mühərriki qazlardır. Onun maqmada özünü aparması sanki karbon 4 oksid qabarcıqlarının şampan butulkasındakı hərəkətlərindən fərqlənmir. Məhz qazabənzər məhsulların konsentrasiyası, tərkibi temperaturu püskürmənin səciyyəsini təyin edir. Əgər qaz sakit ayrılırsa, şampan butulkasını peşəkar ofisant açır, lavanın axması (effuziya) baş verir. Əgər qaz ərintini tez tərk edirsə, qaz qabarcıqları genişlənir, maqma ani sürətdə qaynayır, partlayıcı püskürmə (eksklyuziya) qaçılmaz olur. Maqma özlü və onda qazların miqdarı az olarsa, lava kraterdən yavaş-yavaş basılır (ekstruziya).
Vulkanın işlətdiyi yanacaq – maqmadır (yunanca “qatı məlhəm”, “horra” deməkdir), odlu duru silikat ərintisidir. Praktiki olaraq Yer üzündəki bütün dağların özülü soyumuş maqmadan təşkil olunmuşdur. O, gələcək püskürmələrin ocaqlarında 40 – 100 km dərinliklərdə toplanır. Maqmatik ocaqların meydana gəlməsi yüksək temperatur və təzyiqlə əlaqədardır. Belə “cəhənnəm” şəraitlərində su buxara çevrilir və astenosferin (mantiyanın üst hissəsi belə adlanır) sərhəddində mantiyanın yuxarı qatlarına atılır və yer qabığının mantiya maddəsi maqmada əriyir. Təzyiq onu daim yuxarı itələyir və beləliklə maqmatik ocaq yaranır. Əgər təzyiq süxurun sıxlığını üstələyirsə, onda qızarmış maqma planetin səthinə çıxmağa başlayır.
Anadoluda (müasir Türkiyə ərazisində) bizim eradan əvvəlki tarixə təsadüf edən qayaüstü təsvirin fraqmenti tapılmışdır ki, onun üzərində iki aydın şəkildə görünən zirvəli vulkan püskürməsi həkk olunmuşdur. Bu vulkan püskürməsi haqqında ilk şahidlərdən biridir. Relyefin müasir morfoloji xüsusiyyətləri fərz etməyə imkan verir ki, qədim rəssam indi də spesifik ikibaşlı profili ilə seçilən Həsən-dağ vulkanını həkk etmişdir.
Lava – külli miqdarda qazlarını itirmiş maqmadır. “Lava” termininin meydana gəlməsinə görə müasir geologiya Vezuviy vulkanına “borcludur” onun məşhur püskürməsindən sonra elmi ədəbiyyatda işlənilməyə başlamışdır. Lavanın temperaturu müxtəlif vulkanlarda fərqlidir, hətta bir pirometrin daxilində temperaturun əhəmiyyətli fərqlənməsi müşahidə olunur. Özünüzlə pirometr yoxdursa, daha sadə üsulla – lavanın rəngilə keçinmək olar. Əgər lava qırmızımtıldırsa o, ən soyuq, qırmızı – isti, 1000o C –dən sonra ərinti sarı, 1200o C –dən sonra isə ağ rəng alır.
Dünyamız nə qədər dəyişsə də, vulkanlar onun möhtəşəm və azad “evladlarıdır” və onlar öz qədim dillərində danışarkən bütün planet onları eşidir. Əgər vulkanlar istəsələr Yerin siması qəflətən dəyişə bilər. Hətta bir şiddətli püskürmə (məsələn İndoneziyadakı Krakatau) atmosferin alt qatlarının temperaturunu bir neçə dərəcə aşağı salmışdır. Bura kül şəklində böyük həcmdə düşmüş yağıntı və 14 mərtəbəli ev hündürlüyün sunami yaratmış partlayışı da əlavə etsək vəziyyət tamamilə aydın olar.
İki variant mövcuddur: maqmaya süxur qatında kanal “yarmaq”, ya da təbii yolla – artıq mövcud olan çatlar vasitəsilə sızmaq. Birinci halda püskürmə mərkəzi tipli, ikincidə isə çat tipi adlanır. Kanal (onu adətən qidalandırıcı və sualtı adlandırırlar) həmin “uzma zolağı”dır ki, ondan püskürmə qopacaqdır. Püskürmə məhsulları qidalandırıcı kanalın yer səthinə çıxışına (periklinal) nəzərən kifayət qədər bərabər paylanırlar və bunun nəticəsində püskürmə mərkəzi üzərində akkumulyativ, konusabənzər forma – məhz vulkan yüksəlir. Lakin yolda maqma ciddi dəyişikliklərə məruz qalır, ona görə də, Yer səthinə çatdıqda o. lava şəklində axır (latınca lavare – lava “yumaq” deməkdir).
Vulkanın forması onun “temperament ” indən xəbər verir. Konuslar dəfələrlə baş vermiş püskürmə məhsullarının çoxəsrlik toplanmasıdır. Qırıntıların və soyumuş lavanın növbələşməsi bəzən köndələn daşıyıcı kanalla və yaxud maqmanın (silin) nüfuzu ilə pozulur. Köndələn kanal yamaca çatanda kənar krater formalaşır. Bir qayda olaraq. bu o zaman baş verir ki, əsas kanal uzun müddət işsiz qalır: o. soyumuş maqma ilə dolur və yeni axınlara yer səthinə qalxmaq başqa yerlərdə daha asan olur. Bu proses tsiklik xarakter ala bilər. Bu zaman maqma özünə yeni yollar salır, vulkanın konusunda radial və dairəvi çatlar meydana gəlir ki, onlar yeni yan kraterlərin inkişafına səbəb olur. Beləliklə, vulkanik konus və maqma ocağı arasında kütlələrin qlobal yenidən paylanması baş verir. Ocaqda kütlə çatışmamazlığı (çünki əvvəlki püskürmələrdə maqma gətirici kanalda yığılmışdır), amma səthəyaxın qatda onun bolluğu müşahidə olunur. Daha sonrakı püskrmələrdə partlayış inersiyası ilə aşağı atılmış zirvə hissə çökür. Diametri bir neçə yüz metrdən kilometrlərlə ölçüyə malik partlayış kalderi formalaşır.
Dünyada olduqca böyük kalderlər məlumdur: San-Xuan dağlarında La-Qarita uçqunu 50 km, Nevadada (ABŞ) Timber-Mauntin kaldderi 32 km, Eqey dənizində Santorin 14 km uzanır.
Çox böyük olmayan geniş maili vulkanlar əksər hallarda duru lavaya malik olub, sakit püskürür və ümumiyyətlə, sakit davranışla səciyyələnirlər. Yüksək vulkanlar isə çox zaman partlayışla püskürürlər. Bunun nəticəsində konusun üst hissəsi dağılır, onun yerində qıfabənzər çuxur – krater əmələ gəlir. Kraterin dib hissəsində boğaz – gətirici kanalın çıxış dəliyi yerləşir. Bəzi vulkanlarda köhnə kraterdə yeni konuslar formalaşır, bəzən isə qıf partlayış nəticəsində nəhəng ölçülərə malik olur ki, bu halda onu kaldera adlandırırlar (ispanca caldera – qazan deməkdir).
Bir anlıq daşlı sahilləri və ətrafı gözəl mənzərəli şəffaf sulu göl təsəvvür edin. Belə göllərlə Avropa, xüsusən də Almaniya məşhürdur. Lakin bir neçə il bundan qabaq bu sahələrdə birbaşa yer səthindən böyük yüksəkliyə havaya süxur qırıntıları və ağ közərmiş buxar şırnaqları atılırdı. Ətrafda yer təlatümdə, yanğın tüğyan etməkdə, yer səthi daş qaymalarla örtülmüş idi. Maar – yanlış vulkandır. Yəni onun fəaliyyətində maqma iştirak etmir. Qaz əsas rol oynayır, su ilə təmasda o, buxara çevrilir və partlayışla yer səthinə atılır. Müasir geologiyada bu tip püskürmə qazlı kimi müəyyənləşdirilir. Partlayış zamanı yaranan çuxurların diametri 10 və 100 m-lə ölçılür. Bir qayda olaraq, onlar su ilə dolaraq gölə çevrilir.
Əgər səthə doğru qatı və özülü maqma hərəkət edirsə, o zaman ümumi qəbul olunmuş mənada püskürmə haqqında danışmaq qəti olmaz. Bu proses dəniz qumundan qəsrin inşasına bənzəyir, özülü kütlə yavaş-yavaş, porsiya-porsiya süxura sızaraq tez sürətlə soyuyur. Maqma lava axınları əmələ gətirmir, daşıyıcı kanaldan sıxışdırılaraq, krater üzərində kənarlaında soyumuş süxurun iri qırıntıları (brekçiya) toplanmış, ekstruziv (latınca – extrusio “sıxışdırılmaq” deməkdir) gümbəzi formalaşdırır. Gümbəz iki üsulla formalaşır: ya yeni porsiyalar əvvəlki ərinti üzərində qalaqlanır, ya da lavanın təzyiqi artıq soyumuş kütləni qaldırır. Belə gümbəzlər en kəsiyində bir neçə kilometrlərə çatır, bir qayda olaraq, 500 m yüksəklikdən artıq olmur. Kaliforniyanın Kaskad dağlarındakı ən yüksək ekstruziv gümbəz - Lassen-Pik 600 m yüksəlir. Belə relyef formaları Mərkəzi massivdə (Fransa), Qafqazda, Meksikada və s. geniş yayılmışlar.
Vulkanlar püskürmə tiplərinə görə fərqlənirlər. Qalxanlı vulkanlar duru və mütəhərrik lavanın fəaliyyət məhsuludur. Onların püskürməsi sakitdir: maksimum odlu fəvvarə və yavaş-yavaş nazik lay şəklində kilometrlərlə məsafədə lava gölünə tökülmüş lava ilə səciyyələnir. Qalxanlı vulkanlar İslandiyanın adi elementar relyef formasıdır. Onların demək olar ki, hamısı sonmüş və kiçik ölçülüdür. Püskürdükcə onlar tədricən tığaclanır, axıntılar azalır və ayrı-ayrı boğızlarda cəmləşirlər.
Qalxanlı vulkanlar Havay arxipelaqı üçün səciyyəvidir, İslandiyadakı analoqlarından dəfələrlə böyükdür. Havay adalarındakı qalxan tipli üç – Mauna-Kea, Mauna-Loa və Kilauea vulkandan, əgər onun okean dibindəki ətəyindən saymaqla, dünyada ən böyük Mauna-Loadır. Onun ümumi hündürlüyü 9000 m-dir, Dəniz səviyyəsindən yuxarıda onun yalnız yarası ucalır. Vulkanın zirvəsində göl şəklidə nəhəng kraterlə başa çatmışdır.
Mavi səmada ağappağ düzgün üçlucaqlarla stratovulkanlar möhtəşəm mənzərə yaradır. Zaman-zaman vulkan zirvəsindan yüzlərlə km hündürlüyə bozumtul-ağ tüstü topaları qalır. Nağıl təki gözəl və məftunedici tamaşadır. Canki carçılar müşahidə qalasında tonqal qalayıb, hansısa vacib xəbəri çatdırmağa çalışırlar.
Stratovulkanlardan fərqli olaraq. onların konusları sadə (və monogendir), bir və yaxud bir çox püskürmə nəticəsində əmələ gəlirlər. Bu boz görkəmsiz qurmalar düzgün forması ilə seçilir, lakin o qədər də yüksək deyildirlər. Onlar güclü partlayışlarla müşahidə olunan qırıntıların atılması zamanı formalaşırlar. Belə vulkanları şlaklı adlandırmaq qəbul olunmuşdur. Bu vulkanlara Meksikada, Kamçatkada və Havay adalarında rast gəlinir.
Stratovulkanlar 4-6 km hündürlüklü zirvələri daimi qar və buzlaqlarla örtülmüş yüksək dağlardan ibarətdir. Onların fərqləndirici cəhəti laylılıqdır (latınca stratium – lay deməkdir). Bu tipin konusları lava axınları və əvvəllər soyumuş lava qırıntılarına malik piroklastik material qatları ilə əmələ gətirilir. Geoloqlar belə quruğuları mürəkkəb, poligen adlandırır və onlara ən iri – Fudziyama (Yaponiya), Klüçevskiy sopkası (Rusiya), Popokatepetl (Meksika) və s. aid edirlər.
Fəaliyyətdə olan vulkanlardan fərqli olaraq, sönmüş analoqları müxtəlif ixtisaslı alimlərə olduqca maraqlı məlumatlar: endemik bitki və heyvanlar çələngi, artıq yer səthində rast gəlinməyən Yer təkindən atılmış süxurlar və s. verməyə hazırdır. İnsanların özü vulkanların həyatına müdaxilə edir: yollarla onu haşiyələndirir, qəsəbələr və şəhər məhəlli tikintiləri ilə onlara yaxınlaşır, onların sıldırım çiyinlərini meşələrdən azad edir. Lakin vulkanlar adı “Həyat” adlanan möhtəşəm və unikal tamaşada aparıcı rol oynayır.
ZƏKİ VƏLİYEV
AMEA Geologiya və Geofizika İnstitutunun
“Petrologiya və metallogeniya” seksiyasının aparıcı elmi işçisi,
Yer elmləri üzrə fəlsəfə doktoru, dosent
Nabat Qocayeva
AMEA Geologiya və Geofizika İnstitutunun
“Hövzə modelləşdirilməsi və geotexnologiyalar”
seksiyasının mühəndisi, magistr
"YER VƏ İNSAN" jurnalı 01/09/2019