GÖRKƏMLİ GEOLOQ, CƏSUR İNSAN

Ötən əsrin 60-ci illərinin sonlarında Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin I kursunda oxuyan zaman əlimə çox da böyük olmayan bir kitab düşmüşdü. “Qiymətli və rəngli daşlar” idi adı... Kitabı oxumağa başlayanda sanki ovsunlandım. Burada almaz, yaqut, zümrüd, mirvari, firuzə, dağ bülluru, kəhrəba, malaxit və s. kimi qiymətli və rəngli daşların xüsusiyyətləri, onların dünyada olan ən məşhur və nadir nümunələri, tapılma tarixi, təbiətdə əmələ gəlmə şəraiti, məişətdə işlədilməsi barədə müfəssəl məlumat verilmişdi. Kitab elə səlis və gözəl dildə yazılmışdı ki, onu birdəfəyə oxumamaq mümkün deyildi. Hiss olunurdu ki, müəllif yüksək peşəkarlıqlı geoloq və ədəbi dilimizi gözəl bilən bir mütəxəssisdir. Baxdım ki, müəllifi Vasif Nağıyevdir. O zaman müəllif barədə bundan əlavə heç nə öyrənə bilmədim. Amma, kitab qəlbimdə dərin iz buraxdı...Üstündən təxminən 10 il ötmüşdü - mən təhsilimi bitirərək başqa respublikada 4 il işlədikdən sonra vətənə qayıymış və Balakənə - Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasına göndərilmişdim; bir gün ekspedisiyanın bazasından geoloq işlədiyim dağlar qoynunda yerləşən Filizçay qəsəbəsinə qalxmağa hazırlaşan zaman sürücüdən eşitdim ki, ekspedisiyanın yeni rəis müavini Vasif müəllim də bizim partiyaya gedəcək.
Günotraya yaxın Vasif müəllimlə mən müxtəlif avadanlıqla yüklənmiş üçoxlu ağır ZİL-131 markalı maşınının kabinasında oturaraq yola düşdük. Katex partiyasında Vasif müəllimin rəhbərliyi altında işləmiş geoloq dostlarımdan onun barəsində “çox ciddi insan və dərin savadlı geoloq” rəyini eşitmişdim. Mənim isə Vasif müəllimlə bu ilk tanışlığım idi. Söhbət zamanı məlum oldu ki, yol yoldaşım vaxtilə məftun olduğum çox dəyərli kitabın müəllifi Vasif müəllim Nağıyevin özü imiş. Tanışlıq zamanı məndə əminlik yarandı ki, Vasif müəllim həqiqətən Azərbaycan geologiyasını çiyinlərində saxlayan nəhənglərdən biridir...
70-ci illərin ortalarında adlı-sanlı iki geoloq alim də “qiymətli və rəngli daşlar” adlı kitab buraxmışdı. Kitab V.Nağıyevin 10 il əvvəl çapdan çıxmış əsərindən xeyli qalın olsa da əvvəlki nəşrə çatmadı. Məlumatlar ardıcıl və oxunaqlı deyildi. Bu səbəbdən tez də unuduldu.
Filizçaya birgə səfərimizdən az sonra Geologiya İdarəsinin rəhbərliyi Vasif müəllimi Azərbaycanın Geoloji Kəbəsi adlandırılan Naxçıvana ekspedisiya baş geoloqu vəzifəsinə göndərdi...
...Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin əlaçı geoloji-kəşfiyyatçısı Vasif Nağı oğlu Nağıyev 84 illik ömrünün 67 ilini geologiyaya həsr etmişdir. O, Geologiya və Mineral Ehtiyatlar Komitəsində 25 il ağır geoloji-kəşfiyyat işlərində çalışmış, 35 il tematik geoloji, metallogenik elmi-tədqiqat işləri görmüşdür. Azərbaycanın bütün regionlarında geoloji işlər yerinə yetirmiş, 1996-1999-cu illərdə Dövlət sifarişi ilə Qafqaz üzrə və Türkiyə ərazisində geoloji metallogenik tədqiqatlar aparmışdır. O, filiz yataqlarının geologiyası, metallogeniyası və proqnozlaşdırılması üzrə böyük təcrübəyə malik görkəmli mütəxəssisdir. Vasif müəllim çoxsaylı geoloji hesabatlar hazırlamış, elmi məqalələr nəşr etdirmiş, müxtəlif miqyaslı və istiqamətli geoloji xəritələr tərtib etmiş və 9 monoqrafik geoloji kitabın müəllifidir. 2006-cı ildən görmə qabiliyyətini itirmişdir. Coxillik təcrübə, güclü geoloji yaddaş, qeyri-adi iradə və köməkçiləri vasitəsi ilə əsərlərini yazmaqda davam edir. Hazırda iki böyük geoloji əsəri üzərində işləyir. Amalı inkişaf etməkdə olan Azərbaycanımızın bu günü və sabahı naminə xidmətdə olmaqdır. 2012-ci ildən təqaüddədir.

 

"YER VƏ İNSAN"  jurnalı 01/09/2019