Ukrayna Prezidenti hərbi əməliyyatları dayandırmaq vaxtının çatdığını bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, hərbi əməliyyatları dayandırmaq vaxtı çatıb, lakin Kiyev “Minsk-3” kimi saziş imzalamayacaq.
Ukrinform agentliyi xəbər verir ki, Ukrayna Prezidenti bu fikirləri G20 sammitində videoəlaqə vasitəsilə çıxışında səsləndirib.
Onun sözlərinə görə, Ukrayna “Minsk-3” kimi sazişlərin imzalanmasına razı olmayacaq, Kiyevin 10 bənddən ibarət öz “sülh planı” var. Onlara nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, saxlanılan şəxslərin “hamını hamıya” prinsipinə əsasən dəyişdirilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası daxildir.
Volodimir Zelenski bir daha xatırladıb ki, Kiyev ona beynəlxalq təhlükəsizlik zəmanəti vermilməsində israrlıdır və müvafiq sənədin layihəsini hazırlayıb.
“Biz Avro-Atlantik məkanda təhlükəsizlik arxitekturasının əsas elementlərini, o cümlədən Ukrayna üçün təminatları birləşdirmək üçün Kiyev Beynəlxalq Təhlükəsizlik Konfransını keçirməliyik”, - deyə o əlavə edib. Ukrayna liderinin sözlərinə görə, Kiyev bu tədbiri istənilən vaxt, hətta bu il də keçirməyə hazırdır.//AZƏRTAC