Türkiyə SQ 6 ildə Suriyanın şimalında 17 minə qədər terrorçunu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələri son 6 ildə “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” antiterror əməliyyatları çərçivəsində Suriyanın şimalında 16 913 silahlını zərərsizləşdirib.
Ankara əməliyyatların keçirilməsi barədə qərarları BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ) uyğun olaraq qəbul edib.
“Fərat Qalxanı”
Suriya ərazisində əməliyyatların birincisi 2016-cı il avqustun 24-də başlayıb və “Fərat Qalxanı” adlandırılıb. Türkiyə ordusunun hədəfi Türkiyənin sərhəd bölgələrini təhdid edən İŞİD terror təşkilatının silahlıları olub.
Ümumilikdə, əməliyyatın 217 günü ərzində 2055 kv.km ərazi terrorçulardan azad edilib. Əməliyyat 29 mart 2017-ci il tarixində uğurla başa çatıb.
Bu müddət ərzində Türkiyə hərbçiləri və Suriya Milli Ordusunun əsgərləri 5 912 terrorçunu, o cümlədən 3 936 İŞİD terrorçusunu və 1 976 YPG terror təşkilatının (PKK-nın Suriya qanadı – red.) üzvlərini zərərsizləşdirib.
"Zeytun budağı" əməliyyatı
PKK/YPG terrorçularına qarşı “Zeytun budağı” əməliyyatı 20 yanvar 2018-ci il tarixində Afrin bölgəsində başlayıb.
“Fərat Qalxanı” əməliyyatı zamanı həlak olanların xatirəsinə Türkiyənin 72 hərbi təyyarəsi səmaya qaldırılıb. Həmin gün saat 17:00-da terrorçuların mövqelərinə zərbələr endirilib.
“Zeytun budağı” əməliyyatı zamanı 7 172 terrorçu məhv edilib, 2 289 partlayıcı qurğu və mina zərərsizləşdirilib.
Ümumilikdə əməliyyat zamanı Afrin şəhəri, 6 rayon mərkəzi, 282 kənd, 6 yaşayış məntəqəsi, 23 strateji əhəmiyyətli yüksəklik, 1 su anbarı, 50 strateji əhəmiyyətli mövqe terrorçulardan azad edilib.
Təhlükəsizlik təmin edildikdən sonra məcburi köçkünlər bölgəyə qayıtmağa başlayıblar.
"Sülh çeşməsi" əməliyyatı
Türkiyənin cənub sərhədləri yaxınlığında terrorçuların nəzarətində olan zonanın yaranmasının qarşısını almaq məqsədilə 2019-cu il oktyabrın 9-da “Sülh çeşməsi” əməliyyatına start verilib.
Əməliyyatın ilk günü Türkiyə hərbçiləri Təl-Abyad vasitəsilə Fəratın şərqindəki ərazilərə daxil olub.
Dördüncü gün Rəsulayn, beşinci gün isə Təl-Abyad YPG/PKK terrorçularından azad edilib. Ümumilikdə əməliyyat çərçivəsində 4 000 kv. km. çox ərazi terrorçulardan təmizlənib.
Əməliyyat zamanı 3 829 terrorçu məhv edilib, 1 185 partlayıcı qurğu və mina zərərsizləşdirilib.//Trend