BİOETİKA YENİ ELM SAHƏSİ KİMİ

Müasir dövrün qovuşuq elmlərindən biri hesab edilən bioetikanın sərhədləri genişlənməkdədir. Bioetika biologiyanın və təbabətin eksperimental və nəzəri fəaliyyət sayəsində, habelə aparılmış tədqiqatların nəticələrinin praktiki tədqiqində təsir göstərən etik standartlar sistemidir. Mütəxəssislər bioetikanı insanın təbabət və biologiyadakı fəaliyyətinin mənəvi tərəfləri haqqında elm kimi nəzərdə tuturlar. Onların fikrincə, bioetika biotibbi elmlərin tərəqqisi və ən yeni texnologiyaların insanın gündəlik həyatına tətbiqi ilə əlaqədar yaranan etik, tibbi, bioloji və hüquqi problemlərlə məşğul olan elmlərarası tədqiqat sahəsidir. Bioetika ənənəvi etikanın, hüquq, fəlsəfə və təbabətin elementlərini özündə birləşdirir. Hazırda bioetika və tibbi hüququn bərqərar olması yüksək biotibbi texnologiyalar sahəsindəki inqilabi nailiyyətlərlə şərtlənmişdir.
Bioetika yunan dilindən tərcümədə həyat və etika sözlərindən götürülüb, müxtəlif yönlü mənəvi problemlərin müzakirəsinə və həll yollarının tapılmasına istiqamətlənmiş fənlərarası tədqiqatlar sahəsi mənasını verir. Burada biotibbi elmlərin və səhiyyənin ən yeni uğurları özünü büruzə verir.
Bioetika terminindən ilk dəfə 1974-cü ildə holland əsilli amerikalı biokimyaçı-onkoloq Van Repseller Potter “Bioetika: gələcəyə körpü” kitabın-da istifadə etmişdir. V.R. Potterin tədqiqatları sayəsində sistem kimi formala-şan biotika elminin yaranması əslində bir növ tibbi və bioloji tədqiqatlar sahəsinə nabələd olan, lakin tez-tez həkimlərin və alimlərin heç də həmişə nəzarət etmək istəmədikləri tədqiqatların mənfi nəticələri ilə üzləşən insanlara cəmiyyətin ictimai şüurunun “kömək səsi” idi. Təbabət və biologiya elmlərinin sürətli inkişafı yalnız həkimlərin deyil, həmçinin adi insanların da qarşısına cavablandırılması vacib sayılan bir sıra heyrətamiz və maraqlı suallar qoyurdu. Tibb elminin müasir səviyyəsi demək olar ki, ona bütün xəstəliklər aləminə nüfuz etməyə, dünən sağalmaz görünən xəstəliklərə bu gün cəsarətlə baş çəkməyə imkan verirdi. Lakin qeyd etməliyik ki, xəstələrə və xəstəliklərə hec də bütün həkimlər “Hipokkrat andı”na sədaqət nümayiş etdirmirlər. Bu vəziyyət müasir tibb elmində bir sıra əlavə çətinliklərin və mənəvi problemlərin yaranmasına səbəb olmuşdur(1,s.142).
Belə güman etmək olar ki, bioetika elmi öz başlanğıcını İkinci Dünya müharibəsi illərində faşist həkimlərin əsir düşərgələrində həyata keçirdikləri müdhiş eksperimentlər haqqında həqiqətləri aşkara çıxarmış məşhur Nürenberq prosesindən götürmüşdür. İlk dəfə məhz bu prosesin gedişində məlum olmuşdur ki, faşist həkimlər fiziki cəhətdən cəmiyyət üçün “faydasız” saydıqları milyonlarla qüsurlu insanların, ruhi xəstələrin, qaraçıların, yəhudi millətindən olanların öldürülməsinə sərəncam vermişlər. Onlar faşist ideologiyasının qəddar prinsiplərinin təsirinə uyaraq sağlam düşüncə tərzi və insanlıq etikası ilə bir araya sığmayan son dərəcə səmərəli evtanaziya proqramı işləyib hazırlamışlar. Nürenberq prosesindən məlum olmuşdur ki, Hipokkrat andına xilaf çıxan faşist həkimlər hərbi əsirlər və işğal olunmuş ərazilərdən deportasiya olunmuş insanlar üzərində ağlasığmaz təcrübələr keçməklə bütövlükdə tibb elminə və tibb işçisi adına ciddi zərbə vurmuşlar. Buna görə də təsadüfi deyil ki, həkim vicdanı və həkimlik etikası ilk dəfə Nürenberq prosesində şübhə altına alınmış və şübhə gələcəkdə “bioetika” adlanacaq elmin formalaşmasına başlanğıc vermişdir (2, s.218).
İkinci Dünya müharibəsində təbabətdə analoji eksperimentlər yalnız faşist Almaniyasında deyil, həmçinin Almaniyanın yaxın müttəfiqi olan Yaponiyada da aparılmışdır. Cəmiyyətə tibbi etikanın pozulmasının yeni qalmaqallı halları da məlum olmuşdur. Bu dəfə növbəti qalmaqal faşist həkimlərin cinayətlərini ifşa edən və insan hüquqlarına böyük hörmətlə yanaşan ABŞ-da baş verdi. Onlardan ikisi dünya ictimaiyyətinin diqqətini xüsusilə cəlb etdi. Belə ki, 1963-cü ildə Bruklində yəhudi xəstəxanasında xroniki xəstəliklərdən əziyyət çəkən xəstələrə onların razılığı olmadan eksperi­ment kimi xərçəng hüceyrələri yeridilmişdi. 1965-1971-ci illər arasında Nyu-Yorkun Uillaribruk dövlət xəstəxanasında hepatit virusları tədqiq olunmuş, fiziki cəhətdən qüsurlu olan uşaqların orqanizminə hepatit virusları yeridilmişdi. Bu və digər qalmaqallardan sonra məlum olmuşdu ki, klinik eksperimentlərin labüd olduğu bioloji-tibbi tədqiqatlar bu cür eksseslərə gətirib çıxara bilər(2, s.135).
Hazırda tibbi etikanın bir sıra ənənəvi məsələləri, o cümlədən xəstənin öz xəstəliyi və onun müalicəsinin gedişi haqqında məlumatlandırlması əvvəlki dövrlərlə müqayisədən fərqli həll edilir. Əgər əvvəllər xəstəyə onun ölümü ilə nəticələnəcək xəstəliyi barədə məlumat verilmirdisə, hazırda ona belə bir informasiyanın verilməsi xəstənin öz vacib işlərini sahmana salması və zəruri qərar qəbul edə bilməsi baxımından çox vacibdir. Bundan əlavə, xəstəyə onun mübtəla olduğu xəstəliyin müalicəsi yolunda qazanılmış nailiyyətlər və onun metodları haqqında da məlumat verilməlidir. Belə informasiyalar xəstənin əhval-ruhiyyəsini qaldırmaqla onun müalicəsində uğurlu nəticəyə yaxşı şans yarada bilər.
V.R. Potterin insanın layiqli həyat şəraitində yaşaması üçün bioloji elmlərini etika ilə əlaqələndirirək yeni bir tədqiqat sahəsinin yaranmasını elmi cəhətdən əsaslandırırdı. Amerikalı həkim A.Hellerqers bioetikaya fərqli şərh verərək bildirir ki, biotika yüksək texnoloji səhiyyənin yaratdığı əxlaqi münaqişələrin dərki və həlli yoludur. Məhz Hellerqers bioetikaya elmi status verərək onu kütləvi informasiya vasitələrində və siyasətdə biotibbi elm kimi qiymətləndirdi. Məhz onun bioetikaya verdiyi anlayış üstünlük əldə etməyə başladı və 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində ABŞ-da bioetika ilə məşğul olan mərkəzlər fəaliyyətə başladı və tərəfdarlarını ətrafına topladı. Bu dövrdə təbabətdə elmi-texniki tərəqqinin nailiyyətləri nəticəsində Nyu-Yorkdakı Hastinq Mərkəzi və Corctaun Universitetinin Kennedi adına Etika İnstitutu yarandı. Bioetika tezliklə həm tibb elminin, həm də tibbi etikanın hüdudlarından kənara çıxdı. Tibbi hüquq isə hüququn müstəqil sahəsi kimi formalaşmağa başladı. Belə bir vəziyyətin yaranması biologiya və təbabət sahəsində ən yeni ixtiraların təkcə həyat və ölüm, norma və patologiya, xeyir və şər haqqında təsəvvürlərimizi deyil, eləcə də bütün bəşəriyyətin həyatının inkişaf perspektivlərini dəyişməyə qadir olması ilə şərtləndi. Müasir təbabətin sürətlə dəyişilməsi, demək olar ki, bütün tibb aləminin qarşısında bioetik və hüquqi problemlərin nəzərdən keçirilməsinin və həllinin zəruriliyi məsələsini qaldırdı və indi də bu davam edir. Bioetikaya yeni reproduktiv texnologiyaların (süni mayalandırma, surroqat analıq), insanlar və heyvanlar üzərində eksperimentlərin keçirilməsinin, evtanaziyanın etik və hüquqi problemlərini, ölməkdə olan xəstələrə münasibət, vaksinləşdirmə və QİÇS, genetika, transplantologiya, təbabətdə ədalət, insanın klonlaşdırılması, kötük hüceyrələri ilə manipulyasiya, həkimlər və biznesin qarşılıqlı münasibəti problemlərini aid edirlər(10).
Öz inkişafının ilk onilliyini ABŞ-da başlayan bioetika, daha sonra Qərbi Avropa ölkələrində genişlənməyə başlayır. 1992-ci ildə hər iki ildən bir Beynəlxalq Konqress keçirən Bioetika üzrə Beynəlxalq Assosiasiya təşkil olunub. Bu sahənin tanınmış nəşrləri içərisində “Bioetiks”, Hasting Beynəlxalq Mərkəzinin nəşrlərinin adını çəkmək olar (3, s.97).
Bioetika haqqında müxtəlif fikirlər vardır ki, onlar da bir-birindən bəzi nüanslara görə fərqlənir. Bioetikanı bəzən əsasını Hippokratdan götürmüş ənənəvi tibbi etikanın davamı kimi də qəbul edirlər. Ancaq fəqrli məqamlar da vardır. Belə ki, ənənəvi tibbi etika korporativ xarakter daşıyırdı və həkim-pasient münasibətlərində cavabdeh tərəf əsasən həkim olurdu. Lakin bioetika üçün hər ikisi fəal mövqedən çıxış edir. Bir sıra hallarda həkim və pasientin qarşılıqlı təsirində üçüncü tərəf etik komissiya da iştirak edir.
Bioetikanın əsas problemləri içərisində bəziləri daha aydın seçilir. Belə ki, hə-yatı dəstəkləyən səmərəli texnologiyaların meydana çıxması nəticəsində bir sıra problemlər təzahür etdi: əgər hafizəsi korlanıbsa və yaddaşını itiribsə pasiyentin həyatını nə qədər uzatmaq olar? Bu hal həkimlər, həkim və xəstə və həkimlə xəstənin qohumları arasında münaqışəli vəziyyətin yaranmasına gətirib çıxarır. Xəstənin adamları onun həyatının nəyin bahasına olursa-olsun davam etməsini təkidlə tələb edə bilərlər. Həkimlər isə bunun heç bir əhəmiyyət kəsb etmədiyini bilirlər. Yaxud xəstənin yaxınları onun vəziyyətinin ağır olduğunu görüb həkim müdaxiləsinin dayandırılmasını tələb edə bilərlər (4, s.117).
Transplantologiyanın (ürəyin, böyrəyin, ağciyərin köçürülməsi) genişlənməsi və uğurları labüd ölümün qarşısını alır. 1970-ci illərin ortalarından insanın süni reproduktivliyi texnologiyasının (süni mayalanma) inkişafı və geniş yayılması isə əxlaqi dilemmalara gətirib çıxartdı. Qeyd edək ki, belə texnologiyalar insan embrionları üzərində manipulyasiyalar edir.
Müasir dövrdə bəzi bioetik problemlər gen mühəndisliyinin- gendiaqnostikası, gen terapiyasının inkişafı ilə əlaqədardır. Ancaq bunların hamısı insanın həyatının yaxşılaşmasına hesablanıb.
Eyni zamanda real olan bəzi risklərə də diqqət yönəldilir. Belə risklərdən biri də geni dəyişilmiş orqanizmlərin- virus, bakteriya, bitkilər və heyvanların yaradılması və yayılması ilə bağlıdır. Bu isə bir sıra problemlərin meydana çıxmasını stimulyasiya etməkdədir.
1997-ci ildə açıq diskussiyalar, siyasi və hüquqi sənədlər ilk klonlaşdırılmış heyvanın – Dolli adlı qoyunun yaradılmasına gətirib çıxartdı. Həmin fakt gələcəkdə insanın klonlaşdırılmasına gətirib çıxara bilər.
Son 30-40 il ərzində biotikanın insanın və heyvanın iştirakı ilə həyata keçirilən biotibbi tədqiqatların etik və hüquqi tənzimlənməsi bölməsi inkişaf edib. Burada maraqlar və dəyərlər üst-üstə düşmür, fərqli münasibətlər özünü göstərir. Bu fərqlilik özünü onda büruzə verir ki, burada tədqiqatçı ilə tədqiqat obyektinin maraqları toqquşur. Tədqiqatçı yeni elmi kəşflər əldə etmək marağındadırsa, digər tərəf isə öz səhhətinin yaxşılaşmasına səy göstərir. Əlbəttə ki, münasibətlər simmetrik deyildir: tədqiqatçı obyektdə olmayan bacarıq və biliklərlə silahlanıb, buna görə də obyekt daha çox risk edir, belə ki, proses onun orqanizminə ciddi müdaxilə ilə bağlıdır(5, s.217).
Üzərində təcrübə aparılanları qorumaq üçün, tədqiqat layihəsinin etik araşdırma mexanizmi hazırlanmışdır. Biomedikal tədqiqatlarda hər bir müraciət üçün bu cür ekspertiza mütləq qayda­da aparılır. Tədqiqatın aparılacağı qurumun rəhbərliyindən, tədqiqatçıların özləri və tədqiqat layihəsini maliyyələşdirənlərdən imtahanın müstəqilliyini təmin etməli olan etik komitə tərəfindən həyata keçirilir. Bu mexanizmin tamamlanması etik ekspertizadan keçməyən tədqiqatlara dair məqalələri qəbul etməyən ən aparıcı biomedikal jurnalların siyasətidir. Tədqiqat obyektinin sağlamlıq, hüquq və ləyaqətinin qorunmasının digər mexanizmi isə obyektin məlumatlı razılığıdır. İstənilən tədqiqat təcrübə obyekti olacaq şəxsin yalnız, könüllü, şüurlu, səlahiyyətli və aydın ifadə olunmuş razılığından sonra aparıla bilər ( 5, s.219).
Tədqiqat obyekti olacaq şəxsə tədqiqatın məqsədi, aparılan tədqiqata verəcəyi fayda, alacağı risklər, müalicə və diaqnostikanın alternativ metodları (əgər xəstə bir nəfərdirsə və tədqiqatın məqsədi diaqnostikanın və müalicənin yeni yollarını axtarmaqdırsa), həmçinin istənilən an tədqiqat obyekti olmaqdan imtina etmək hüququ olduğunu haqqında məlumat onun anlayacağı şəkildə bildirilməlidir.
Hal-hazırda, məlumatlı razılığın norması yalnız tədqiqat məqsədilə deyil, həm də terapevtik məqsədlərlə həyata keçirilən tibbi müdaxilələrin aparılmasında istifadə olunur. Bu normadan bütün kənara çıxmalar (xəstənin və ya tədqiqat obyekti olacaq şəxsin özü deyil, o səlahiyyətsiz olduqda, onun nümayəndələrinin razılığı; fövqəladə vəziyyətdə razılığa girmədən müdaxilə və s.) həm etik, həm də hüquqi cəhətdən tənzimlənir (6, s.229).
XXI əsrdə bioetikanın əsas sahələrindən biri ictimai səhiyyə olur. Bu mövzu, milli və beynəlxalq səviyyədə səhiyyə resurslarının bərabər paylanması xüsusilə inkişaf etməkdə olan ölkələrdə dərman maddələri və əsas tibbi yardımın təmin olunması kimi problemləri əhatə edir.
Bioetika sahəsində ən çox populyarlıq (və ən kəskin tənqid olunan) qazanan nəzəri fikirlər Amerika filosofu T.Biçamp və ilahiyyatçı J. Çildress tərəfindən təklif olunan sxemdir ( 8, s.34). Bu sxemə dörd prinsip və bu prinsiplərə əsaslanan bir sıra qaydalar daxildir. Qaydalar, öz növbəsində, müəyyən hallarda qərarların və hərəkətlərin mənəvi əsaslandırılmasına xidmət edir. Prinsiplər arasında: xəstənin azadlığı prinsipi (bu xüsusən də məlumatlı razılıq konsepsiyasını əsaslandırır; Hippokrata üstünlük, yəni tibbi müdaxilə zamanı xəstəyə zərərin minimuma endirilməsini tələb edən “zərər verməmək” prinsipi; “yaxşılıq” prinsipi (beneficence), həkimin xəstənin vəziyyətinin yaxşılaşdırılması üçün müsbət addımlar atması vəzifəsini vurğulamaq; xəstənin həm ədalətli və bərabər müalicəsi, həm də səhiyyə sistemində resursların bərabər paylanmasının zəruriliyini göstərən ədalət kimi prinsiplər geniş tətbiq olunur (7, s.246).
Bioetik problemlərin beynəlxalq təşkili və hüquqi tənzimlənməsi istiqamətində də hərətərfli iş aparılır. YUNESKO-da bioetika sahəsində iki komitə fəaliyyət göstərir - beynəlxalq və hökumətlərarası komitə. Avropa Şurasında isə Boietika Komitəsi Bioetika üzrə İşçi Qrupunun dünya səhiyyə təşkilatları çərçivəsində mövcuddur.
Bioetika sahəsindəki etik və hüquqi tənzimləmə beynəlxalq normativ sənədlər əsasında həyata keçirilir. Bunlardan ən mühümləri sırasında İnsan Geni və İnsan Hüquqları Bəyannaməsi (UNESCO, 1997); Bioetika və İnsan Hüquqları Ümumdünya Bəyannaməsi (UNESCO, 2005); İnsan Klonlaşdırılması Bəyannaməsi (BMT, 2005); Biologiya və tibbin naliyyətlərinin tətbiqi ilə əlaqədar insanların hüquq və şərəfinin müdafiəsi haqqında hüquqı əsaslandırılmış Konvensiya; İnsan hüququ və biotəbabət haqqında Konvensiya (Avropa Şurası, 1997) və insan klonlama, transplantasiya, biomedikal tədqiqatın qadağan edilməsi haqqında əlavə protokolları qeyd etmək olar. Ümumdünya Səhiyyə Təşkilatının Helsinki Bəyannaməsi (1964, 2000) yüksək beynəlxalq nüfuza malikdir.
İnsana tətbiq olunan elmi tibbi tədqiqatların etik prinsipləri də maraq doğurur. Dünyanın bir çox ölkələrində qanunvericilik və icra hakimiyyəti orqanları milli etik komitələrə və ya komissiyalara kifayət qədər təsir edirlər. Onlar müxtəlif sosial, dini, etnik, cinsi, yaş və digər əhali qruplarının maraqlarına qarşı olan bioetikanın ən aktual və kəskin problemləri ilə bağlı siyasi qərarlar hazırlayırlar.
Məlumdur ki, hər bir elmin inkişafı, populyarlaşması onun tədrisi ilə sıx bağlıdır. Hələ 1994-cü ilin oktyabrında Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının Bioetikanın təlim olunması məsələləri üzrə IV konfransında tədbir iştirakçıları yekdilliklə qeyd ediblər ki, bioetikanın tədrisi tibbi təhsilin ayrılmaz hissəsi olmalıdır və bu, bütün tədris prosesi və diplomdansonrakı təhsil boyu məcburi və fasiləsiz şəkildə həyata keçirilməlidir. Bu məqsədin həyaya keçirilməsi üçün bütün tibb məktəblərində hökmən bioetika və tibbi hüquq kafedrası və lazımi sayda mütəxəssis-pedaqoqlar olmalıdır. Avropa Şurası tərəfindən qəbul edilmiş “İnsan hüquqları və biotəbabət haqqında” Konvensiyanın qüvvəyə minməsi ilə bioetikanın prinsip və müddəaları Azərbaycan da daxil olmaqla, Avropa Şurasının üzvü olan ölkələrdə qanuni qüvvəsinə minib. Bu gün bioetik və tibbi hüquq təkcə Amerika və Avropanın deyil, həmçinin Asiya, Afrika və Latın Amerikasının əksər ölkələrinin ali və tibbi təhsil müəssisələrində məcburi fənn kimi tədris edilir.
Bioetika elminin ali məktəblərdə tədrisi ilə bağlı ölkəmizdə də müəyyən işlər görülməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də I vitse-prezident, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səhiyyəyə və təbabətə ciddi diqqət ayırdıqları bir şəraitdə Səhiyyə Nazirliyinin rəhbərliyi altında əhaliyə göstərilən müalicə-profilaktik xidmətlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü bir vaxtda tibbi hüquq və bioetika sahəsində olan boşluqların aradan qaldırılması, görülən böyük işlərin nəticəsiz qalmaması üçün hüquqi və etik normaların inkişafına da lazımi diqqət yetirmək gərəkdir (10).
Pasiyentin hüquqlarının qorunması ilə əlaqədar beynəlxalq təşkilatlarda çoxsaylı sənədlər qəbul edilib. Bu sənədləri imzalayan dövlətlər orada əks olunan tələbləri həyata keçirmək üçün öhdəliklər götürür, milli qanunvericilikdə müvafiq qanunlar qəbul edirlər. “Pasiyentin hüquqları haqqında Avropa Xartiyası”, “Pasiyentin hüquqlarının təminatına yardım haqqında bəyannamə”, “Pasiyentin hüquqları haqqında Lissabon bəyannaməsi” və s. kimi sənədlər mühüm əhəmiyyət kəsb edən sənədlər olub, bioetikanın təməl prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsində vətəndaşların sağlamlığının qorunması hüququ təsbit edilmişdir. Mövcud maddədəki müddəaların milli qanunvericilikdə daha da genişləndirilməsi məq-sədilə 1997-ci ildə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb(9). Qanunun 24-cü maddəsində konkret olaraq pasiyentin hüquqları da əks olunub. 1997-ci ildən ötən zaman çox hadisələrə öz korrektəsini edib. Müasir dövrdə iqtisadi, sosial, mədəni dəyişikliklər ictimai fikrin inkişafını, pasiyentin hüquqlarının yeni reallığa əsasən gerçəkləşməsi istiqamətində əhəmiyyətli dəyişiklikləri zərurətə çevirdi. Bu gün həyata keçirilən tibbi fəaliyyətin əsasında səhiyyə sistemində baş verən kordinal dəyişikliklərdən daha geniş bəhrələnmə, yeni texnologiyaların tətbiqi zamanı yaranan problemlər haqqında məlumatlanma, həkim-pasiyent münasibətlərinin yeni müstəvidə tərəflərin əməkdaşlıq prinsipi əsasında qurulması, pasiyentə passiv bir subyekt kimi baxılmasının yolverilməzliyinin qəbul edilməsi kimi tələblər durur, pasiyentin sosial və fərdi hüquqlarının təmin olunması, müalicə prosesində qarşılıqlı dialoqa keçməsi məsələsi gündəmə gəlir. Səhiyyə sistemində özəl sektorun yaranması, pasiyentin seçim hüququnun genişlənməsi, dünyanın aparıcı dövlətlərinin səhiyyə sistemləri, tibb mərkəzləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi pasiyentin hüquqlarının gerçəkləşdirilməsinə xidmət edən amildir. “Pasiyentin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun mühüm maddəsinin müstəqil qanuna çevrilməsi beynəlxalq standartlara uyğunlaşmaq istəyindən irəli gəlir və insan hüquqlarının əhatə dairəsini daha da genişləndirir(9).
Ulu öndər Heydər Əliyev demişdir ki, həkim üçün... ən əsas keyfiyyət yüksək mənəviyyatdır. Bunun üçün də həkimlər, tibb işçiləri bioetika və tibbi hüququ yaxşı mənimsəməlidirlər. Etiraf edək ki, bu sahədə bir çox etik və hüquqi normaların hazırlanması istiqamətində elmi tədqiqatların və araşdırmaların aparılmasında digər ölkələrə nisbətən xeyli gecikmişik. Xəstə hüquqları, məlumatlandırılmış razılıq, ölüm hallarının araşdırılmasına yanaşmalar, həkimlərin əczaçılıq biznesi ilə əlaqələrinin etik və hüquqi tərəfləri sahələrində ölkəmizdə ciddi elmi araşdırma və yaxud tədqiqat aparılmaması təəssüf doğurur. Bəziləri bioetika ilə tibbi etikanı qarışdırırlar. Bu gün həqiqətən də Tibb Universitetində tibbi etika tədris olunur. Lakin bioetika tibbi etikanı da əhatə etməklə daha geniş anlayışdır. Bunlar arasında bir sıra fərqlər vardır. Birincisi, bu gün bəşəriyyətin qarşısında duran problemləri təkcə həkimlər yox, artıq filosoflar, hüquqşünaslar, ilahiyyatçılar, psixoloqlar, politoloqlar, siyasətçilər və digər mütəxəssislər də tədqiq edirlər. Məsələn, modifikasiya olunmuş məhsullar tək bioloqların, həkimlərin problemi deyil. O, həm də siyasətçilərin problemidir, yəni o problem artıq ictimai-siyasi məna kəsb etmişdir.
İkinci prinsipial fərq bundan ibarətdir ki, bioetika akademik və maarifçi fəaliyyət sahəsidir. Artıq bir çox ölkələrdə uşaq bağçalarından, məktəblər və liseylərdən başlayaraq universitetlərə qədər müxtəlif bioetik kurslar tədris edilir. 2000-ci ildən etibarən, məsələn, qonşu Rusiyanın ali tibb məktəblərində tibbi etika yox, bioetika məcburi fənn kimi tədris edilməyə başlanıb. Üçüncü fərq də odur ki, bu, çox sürətlə inkişaf edən sosial bir institutdur. Bununla BMT, YUNESKO, ÜST və s. kimi beynəlxalq təşkilatlar, dövlət və müvafiq peşə təşkilatları məşğuldur. Bütövlükdə, bioetika müəyyən baxımdan səhiyyə sahəsində insan hüquqlarının qorunması hərəkatının bir hissəsidir(10).
Yüksək texnologiyaların rifaha və tərəqqiyə xidmətini təmin edən yalnız və yalnız mənəviyyat prinsipləri, etik normalar olacaq. Bu nöqteti-nəzərdən bioetika bəşəriyyətin sabahının keşiyində duran elm sahəsidir.
Açar sözlər: bioetika, biologiya, tibb, hüquq, etika, pasyient, həkim, qanunvericilik, insan rifahı,yüksək texnologiyalar

ədəbİyyat
1.Юдин Б. Г. Биомедицинская этика. М., Вып. 3. 2002
2. Биоэтика: проблемы и перспективы. М., 1992
3. Биоэтика: принципы, правила, проблемы. М., 1998
4.Введение в биоэтику. М., 1998
5.Лопухин Ю.М. Биоэтика: избранные статьи и доклады. М., 2003
6.Философия биомедицинских исследований: этос науки начала третьего тысячелетия М., 2004
7.Поттер В.Р. Биоэтика. Мост в будущее. Киев, 2002
8.Rothman D. Strangers at thebedside: A history of how law and bioethics transformed medical decision making. N. Y., 1991
9. ailehekimi.az/?m=yazi&id=43http://www.ailehekimi.az/?m=yazi&id=43
10. azerbaijan-news/az/index.php?mod=3@id=2975

Bioethics as a new science field
Summary
The article considers bioethics as science about the spiritual aspects of human activity in medicine and biology. Knowledge of the science of bioethics, its principles and essence. In Azerbaijan, the bioethics measures are analyzed and the necessity of conducting researches for the development of this science is emphasized, and the importance of teaching this subject in higher education institutions is emphasized. It is said that this science, which has emerged from the combination of ethics, law and biology, contributes greatly to the development of humanity, to the well-being of the human.

Keywords: bioethics, biology, medicine, law, ethics, psychiatry, doctor, legislation, human well-being, high technology

 

"YER VƏ İNSAN"  jurnalı 01/09/2019

 

Zeynəddin Şabanov
Fəlsəfə doktoru, dosent