Azərbaycanı dünyaya daha yaxından tanıdan qlobal platforma – Təhlil

Bu günlərdə respublikamız növbəti beynəlxalq tədbirə - X Qlobal Bakı Forumuna ev sahibliyi edib. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən budəfəki Foruma da qlobal miqyasda maraq olduqca böyükdür. Bunu Forumda iştirak etmək üçün Azərbaycana 4 prezidentin, 2 baş nazirin, 6 spiker və nazirin, BMT-nin 5 qurumunun rəhbərliklərinin, 25 sabiq prezidentin, 21 sabiq baş nazirin səfəri də təsdiq edir. Ümumilikdə Forumda 61 ölkədən 360-dək nümayəndə iştirak edib.

Azərbaycan yalnız bölgənin aparıcı dövləti olması, dünyada söz sahibi kimi çıxış etməsi və müstəqil siyasət kursu yürütməsi ilə tanınmır. Azərbaycanı dünyaya tanıdan digər bir səbəb öz təşəbbüsləri ilə qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, problemlərin həllinə dəyərli töhfələr verməsidir. Uzun illərdir ki, ölkəmiz bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu ünvan kimi tanınır.

Yerveinsan.az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, məmnunluqla qeyd edilməlidir ki, həmin tədbirlərin bir qisminin keçirilməsi artıq ənənə halını alıb və bunlardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumudur.

Qlobal Forumun Bakı şəhərində keçirilməsi də dünya ictimaiyyətinin Azərbaycana olan hörmətinin, etimadının, ölkəmizin dünya siyasətində, beynəlxalq münasibətlər sistemində yerinə və roluna, habelə siyasi və humanitar dialoqun inkişafına töhfələrinə verilən qiymətin real ifadəsidir. Bu Forum dünyadakı aktual məsələlərin, bəşəriyyəti düşündürən mühüm hadisələrin və proseslərin müzakirə olunduğu qlobal platformadır. Bu müzakirələrə onlarla ölkədən görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər, diplomatlar qoşularaq diskussiya və dialoq aparırlar ki, bu da Forumun nüfuzunu və çəkisini daha da artırır. Bu mənada Forum keçmiş və indiki liderlərə qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq yolunda səylərə şərait yaradır. Forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı şübhəsizdir.

Qeyd edib ki, martın 9-da X Qlobal Bakı Forumun açılışında çıxışı zamanı Prezident İlham Əliyev bu nüansa toxunaraq deyib: “Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Burada 60 ölkədən 350 nəfər iştirakçı var. Onların sırasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazir var. Beləliklə, təxmin edə bilərik ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaq. Əlbəttə, ən dəyərlisi beynəlxalq münasibətlərlə bağlı yeni yanaşmalara dair tövsiyələrdir. Mən Forumun proqramı ilə tanış oldum. O, hər zaman olduğu kimi kifayət qədər genişdir. Proqram Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edir. Bununla yanaşı, bu gün dünya gündəliyinin aktual məsələləri də müzakirələr mövzusu sırasındadır”.

“Bu tədbirin məhz Bakıda keçirilməsi Azərbaycana dünya miqyasında verilən böyük önəmin bariz nümunəsidir. Coğrafi baxımdan Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər forumlara ev sahibliyi etməsi bu ölkəmizin dünyada dialoqun qurulmasında mühüm rol oynadığını göstərir. O cümlədən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan gücünü, beynəlxalq nüfuzunun şahidinə çevrilir.

Eyni zamanda, bu cür forumlar Azərbaycanın üzləşdiyi haqsızlıqları, ölkəmizə qarşı beynəlxalq ikili standartları dünyaya çatdırır. Ola bilsin ki, hansısa tədbir iştirakçısı Azərbaycana dair məsələlərlə bağlı məlumatlıdır. Lakin Bakıya gəlməyi onun təsəvvürlərini tamamilə dəyişir və yeniləyir. Nəzərə alsaq ki, bu cür forumların iştirakçıları əsasən ictimai rəyə təsir etmək iqtidarında olan insanlardır, o zaman onların əhəmiyyəti daha aydın görünər. Bu mənada Qlobal Bakı Forumu bütün parametrləri ilə yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından ölkəmiz üçün olduqca mühüm platformadır”, - deyə Ziyad Səmədzadə qeyd edib.

O həmçinin vurğulayıb ki, Qlobal Bakı forumlarında ictimaiyyəti dərindən narahat edən məsələlərin həlli yolları araşdırılıb, bu istiqamətdə müzakirələr aparılıb: “O cümlədən dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb.

Vurğulayıb ki, bu il keçirilən Qlobal Forumun gündəliyi isə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunub. Forumun panel iclasları bu baxımdan aktual məsələlərə həsr olunub. Bu iclaslarda müasir dünyanın çağırışlarından irəli gələrək yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur. Eyni zamanda, bu iclaslarda dünyanı narahat edən münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularıdır.

Qlobal Bakı Forumunda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyi şübhəsizdir. Çünki ötən forumların nəticələri bunu söyləməyə əsas verir”.

“Eyni zamanda, Forum Vətən müharibəsindən sonra regiondakı yeni reallıqların, Azərbaycanın sülh prosesi ilə bağlı təşəbbüslərinin, bu istiqamətdəki addımlarının bir daha beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada X Qlobal Bakı Forumu həm də Azərbaycanın sülhpərvər siyasətini və bütövlükdə regionla bağlı həqiqətləri də dünyaya çatdıracaq”,- deyə deputat diqqətə çatdırıb.