Yaşmada partlayışla bağlı cinayət işi açılıb

Aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Yerveinsan.az-a bildirilib ki, prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər aparıb və ilkin araşdırma aparıb. Müəyyən edilib ki, partlayışa səbəb Sumqayıt şəhər sakinləri 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri mərmi başlığını götürməsi olub.
Hadisə nəticəsində Xankişi Quliyev və Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.