Havanın maksimal temperaturu iyunun 15-də iqlim normasından 2.6° yuxarı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

Xidmətdən Yerveinsan.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda 120.4 (aylıq normanın 67 faizi), Şahdağda 55.2 (aylıq normanın 116 faizi), Qusarda 51 (aylıq normanın 107 faizi), Şəkidə 38 (aylıq normanın 38 faizi), Yevlaxda 28 (aylıq normanın 57 faizi), Tərtər, Bərdədə 27 (aylıq normanın 54 faizi), Oğuzda 26 (aylıq normanın 22 faizi), Qəbələdə 21 (aylıq normanın 19 faizi), Mingəçevirdə 14.2 (aylıq normanın 32 faizi), Yardımlı 12.4 (aylıq normanın 27 faizi), Göyçayda 12 (aylıq normanın 26 faizi), Naftalanda 9, Qrız, Ordubadda 8, Goranboy, Lənkəran, Ağdam, Zərdab, Gədəbəy, Zaqatala, Balakən, Xaltan, Daşkəsən, Tovuz, Gəncə, Sabirabad, Göygöl, Ceyrançöl, Quba, Naxçıvan, Şahbuzda 1-7 millimetrədək olub.

Saat 8 radələrində Quba rayonu ərazisindən keçən Qudiyalçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Qax rayonu ərazisindən keçən Kürmükçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan və Qusar rayonu ərazisindən keçən Qusarçaydan qısamüddətli sel keçib.

Şimal-qərb küləyi əsib, arabir Daşkəsəndə saniyədə 25, Mingəçevirdə 23, Ağdamda 22, Göyçay, Tərtərdə 20, Naftalanda 18, Sabirabadda 17, Naxçıvanda 16 metrədək güclənib. Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 22 metrə qədər artıb. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın maksimal temperaturu iyunun 15-də iqlim normasından 2.6° yuxarı olub. Belə ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29-34° isti, Naxçıvan Muxtar Respublikasında 34°-dək isti, dağlıq rayonlarda 22-26° isti, aran rayonlarında 33-36° isti təşkil edib.