Asif Verdiyev: Hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar əksər çaylarda sululuq artıb

Hazırda ölkə çaylarında gursululuq dövrü davam edir. Eyni zamanda, hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar əksər çaylarda sululuq artıb. Belə ki, Qazax-Gəncə bölgəsinin ərazisindən axan Zəyəmçayda suyun səviyyəsində 3, Kürəkçayda 6, Füzuli rayonu ərazisindən axan Quruçayda 31, Oğuz rayonu ərazisindən axan Əlicançayda 5, Quba rayonu ərazisindən axan Qudyalçayda isə 3 santimetr artım olub.

Yerveinsan.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, eyni zamanda, Böyük Qafqazın cənub yamacından axan Türyançay, Göyçay və Dəmiraparançayda suyun səviyyəsinin kəskin artması nəticəsində iyunun 17-də Qarasuçayda suyun səviyyəsi 1 metr 25 santimetr artıb. Bu da öz təsirini Kür çayına göstərib. Belə ki, Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsində 45, Suğrada 76, Salyanda isə 20 santimetr artım müşahidə olunub. İntensiv, leysan yağış nəticəsində Tovuz rayonu ərazisindən axan Əsrikçaydan və Goranboy rayonu ərazisindən axan Gorançaydan qısamüddətli sel keçib.