On il əvvəl Rusiyada qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi açılıb

Bu il aprelin 1-də Rusiya Federasiyasının Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda Rusiya vətəndaşı Abdulov Ravil Amiroviçin öldürülməsi faktı ilə bağlı Volqoqrad şəhər Krasnoarmeyski rayon İstintaq şöbəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Azərbaycan Respublikasının vətəndaşı Kazımov Nazim Məhəmməd oğlu tərəfindən törədilməsi və sonuncunun Azərbaycan Respublikası ərazisində olması müəyyənləşdirildiyindən iş istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Goranboy Rayon Prokurorluğuna göndərilib.

Rayon prokurorluğundan bildirilib ki, istintaqla Nazim Kazımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Ravil Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Nazim Kazımova Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.