Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edib - FAKTİKİ HAVA

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Qaxda 155 (aylıq normanın 183%-i), Zaqatalada 84 (aylıq normanın 99%-i), Şəkidə 46 (aylıq normanın 68%-i), Qəbələdə 24 (aylıq normanın 31%-i), Astarada 18, Oğuzda 13, Lənkəranda 12, Altıağacda 10, Xaltanda 7, Qrız, Şahdağda 6, Qusar, Quba, Yardımlı, Sabirabad, Cəfərxan, Bakı və Abşeron yarımadasında 5 mm-dək olub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatalada 25-30 m/s, Şəki, Goranboy, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib. Sentyabrın 7-də Zaqatala rayonunun Masex kəndinə dolu düşüb.

Yağan intensiv leysan nəticəsində sentyabrın 7-də Zərdab rayonu ərazisindən keçən Qarasuçay, Qəbələ rayonu ərazisindən keçən Tikanlıçay, Quba rayonu ərazisindən keçən Vəlvələçay, Zaqatala rayonu ərazisindən keçən Böyükçay, sentyabrın 8-də isə Şəki rayonu ərazisindən keçən Çuxadurmazçay və Damarçınçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qax rayonu ərazisindən keçən Ağçay və Kürmükçay çaylarından sel keçib.