Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edilib

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq yenilənmiş Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən sürət elektrik qatarlarının hərəkət cədvəlində sentyabrın 15-dən etibarən dəyişikliklər edir.

ADY-dən bildirilib ki, sentyabrın 8-də tətbiq edilmiş yeni qrafik üzrə ADY-də sərnişin axınına və Bakı şəhərində ictimai nəqliyyatda olan sıxlığa dair məlumatlar üzrə təhlillər aparılıb, sərnişinlərin müraciətləri diqqətə alınaraq cari hərəkət qrafikində müvafiq dəyişikliklər edilib.

Qurumdan bildirilib ki, Sumqayıtdan saat 7:50-də Pirşağı istiqamətində yola düşən qatarının hərəkətinin sentyabrın 15-dən etibarən bərpasına qərar verilib. Sözügedən qatarın bərpası ilə əlaqədar olaraq hərəkət qrafikində bir sıra dəyişikliklər edilib.

Qeyd olunub ki, yeni qrafikə əsasən Sumqayıtdan saat 6:35-də, Bakıdan isə saat 7:30-da Xırdalan istiqaməti ilə, Sumqayıtdan saat 8:15-də Pirşağı istiqaməti ilə yola düşən reyslər ləğv edilərək əvəzində Sumqayıtdan saat 7:50-də Pirşağı istiqaməti ilə yola düşüb Bakıya saat 8:42-də çatan qatarın hərəkəti bərpa edilir.

Ləğv edilən reyslərlə bağlı bildirilib ki, Sumqayıtdan saat 6:35-də yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər alternativ olaraq Sumqayıtdan saat 6:20 və 6:45-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.

Bakıdan saat 7:30-da yola düşən və Xırdalan istiqaməti ilə hərəkət edən qatardan istifadə edən sərnişinlər isə alternativ olaraq Bakıdan saat 7:20-də yola düşən qatarlarla səfərlərini həyata keçirə biləcəklər.

Yenilənmiş hərəkət cədvəlini www.ady.az ünvanından, Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlardan, elektrik qatarların monitorlarından, həmçinin sosial media hesablarımızdan əldə etmək mümkündür.

Bir daha qeyd edirik ki, ADY mütəmadi olaraq rəy və təkliflərin öyrənilməsi üçün sərnişinlər arasında sorğu keçirir, rəsmi hesablara, 18 22 Çağrı mərkəzinə daxil olan hər bir müraciət diqqətə alınaraq xüsusi araşdırılır. Bütün bunların nəticəsi olaraq xidmət səviyyəsinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində vaxtaşırı operativ addımlar atılır.