AZƏRBAYCANIN TƏBİƏT ABİDƏLƏRİ VƏ EKOTURİZM

Hüseyn Xəlilov
Coğrafiya elmləri doktoru, professor

Planetimizdə mövcud olan müxtəlif mənşəli və xassəli nadir təbiət abidələri arasında geoloji abidələr daha geniş yayılmışdır. Onlar Yerin və onun təbiətinin inkişaf tarixi və təkamülü şəraiti haqqında zəruri informasiya daşıyıcıları keyfiyyətinə malik olmaqla yanaşı, mühüm ekoturizm obyektlərini təmsil edirlər. Azərbaycan Respublikası ərazisinin təbii sərvətlərə və eləcə də onların ən əlamətdar qatı olan təbiət abidələri ilə xeyli zənginliyi və turizmin inkişafının ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırılması onların tədqiqinin aktuallığını daha da artırır. Bu baxımdan, təbiət abidələrinin hərtərəfli və məqsədyönlü öyrənilməsi mühüm elmi və əməli əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Cənubi Qafqazda Xəzər dənizinin qərbində 38°25ʹ-41°52ʹ şimal enlikləri və 44°50ʹ-50°52ʹ şərq uzunluqları arasında yerləşir. O, şimalda Rusiya Federasiyası, şimali - qərbdə Gürcüstan, cənub – qərbdə Ermənistan və Türkiyə, cənubda İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 86.6 km2, əhalisi 10 milyondan çoxdur.
Ölkə Yer kürəsində məlum 11 iqlim tipinin 9-nun onun ərazisində mövcudluğu, özünəməxsus təbiətinin rəngarəngliyi ilə təkrarolunmazdır, nadir təbiət abidələrinin zənginliyi ilə misilsizdir. Onun əsrarəngiz təbiəti həm də çox təzadlıdır-okean səviyyəsindən təqribən -27 m aşağıda yerləşən ovalıqlarını minlərlə metr yüksəklikdə yaylalar, başı qarlı uca zirvələr əvəz edir. Xəzərin sahilindən Şahdağın zirvəsinədək (4234 m), qısa bir məsafədə yayda qızmar qumlu çimərlikdən ləpədöyənə qovuşan meşəyə, oradan da subalp və alp çəmənliklərinə və nəhayət tundraya - buzlaqlar məkanına düşmək olar.
Azərbaycan Respublikası ərazisi Avropa-Asiya və Afrika–Ərəbistan qlobal litosfer plitələri arasında və onların kolliziya (toqquşma) zonasında özünəməxsus mürəkkəb geodinamiki inkişafı və təkamül yolu keçdiyindən geoloji-geomorfoloji quruluşunun müxtəlifliyi və beləliklə də təbii ehtiyatlarının xeyli zənginliyi ilə səciyyələnir. Onun mərkəzində yerləşən Kür-Araz dağ­arası çökəkliyi düzənlikləri şimaldan Böyük Qafqaz, cənubdan Kiçik Qafqaz və Talış dağlıq sistemləri, şərqdən Xəzər dənizi, qərbdən isə Gürcüstan ərazisində meridional istiqamətli Suram silsiləsi ilə əhatə olunur. Ölkənin şimal-şərqində Xəzər dənizi ilə Böyük Qafqazın Yan Silsiləsi arasında Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı, cənub-şərqində Xəzər dənizi ilə Talış dağları arasında Lənkəran ovalığı, cənub - qərbində isə Orta və Aşağı Araz çökəkliklərinin düzənlikləri uzanır. Ərazinin mütləq yüksəkliyi Xəzər dənizi sahillərində təqribən - 27 m-dən Baş Qafqaz silsiləsinin suayrıcına doğru 4466 m (Bazardüzü zirvəsi) arasında tərəddüd edir.
Respublika ərazisinin geoloji quruluşunda Üst Proterozoy (Vend), Palezoy, Mezozoy və Kaynozoy yaşlı çökmə, vulkanogen-çökmə, vulkanogen, intruziv, metamorfik və kontinental süxur və çöküntü kompleksləri iştirak edir. Onun əsas tektonik vahidləri plitələrin kolliziya zonasının Böyük Qafqaz, Kiçik Qafqaz və Talış qırışıqlı-qaymalı orogen sistemləri, Ön Qafqaz, Kür-Araz, Orta və Aşağı Araz, Orta Xəzər və Cənubi Xəzər çökəklikləri meqastrukturları ilə təmsil olunmuşdur.
Azərbaycan Respublikası özünəməxsus coğrafi mövqeyi, geomorfoloji və geoloji-tektonik quruluşunun mürəkkəbliyi, dəniz sahilində yerləşməsi, müxtəlif atmosfer hadisələrinin təsir altında olması və s. amillərlə əlaqədar olaraq zəngin təbii ehtiyatlara malikdir. Bunlardan mineraloji, bioloji, landşaft, hidro-meteoroloji, pedoloji və s. ehtiyatlar daha çox maraq doğurur.
Ölkə ərazisində mövcud landşaftlar onun təbii şəraitinin, xüsusilə də relyef və iqlim amillərinin müxtəlifliyi və mürəkkəbliyi ilə əlaqədar olaraq özünün xeyli zəngin olması ilə səciyyələnir. Burada yüksək dağlığın nival, alp, subalp və çəmən-çöl; orta dağlığın enliyarpaqlı meşə, çəmən-kol və dağ-kserofit; alçaq dağlığın çöl, meşə-çöl, enliyarpaqlı meşə; ön dağlığın kserofit və çöl; düzənliklərin meşə-çəmən, quru-çöl və yarımsəhra landşaft tipləri yayılmışdır.
Subtropik qurşağın şimal kənarında yerləşən Azərbaycan Respublikası ərazisində havanın temperaturunun və atmosfer çöküntülərinin paylanması xüsusiyyətlərinə və eləcə də rütubətlənmə şəraitinin müxtəlifliyinə əsasən burada quru yarımsəhra iqlimindən dağ tundra iqliminədək 9 iqlim tipi ayrılır. Yer kürəsində məlum 11 iqlim tipinin əksəriyyətinin ölkə ərazisində mövcudluğu ilə əlaqədar olaraq o, günəş, külək, isti və rütubət kimi zəngin iqlim ehtiyatlarına malikdir (Əyyubov, Hacıyev, 1984 və s.). Günəş enerjisi ehtiyatları günəşli saatların miqdarının 1900-2800 saat, ümumi radiasiyasının miqdarının 120-160 kkal/sm2 təşkil etməsi ilə əlaqədardır. Ərazidə küləklərin orta illik sürətinin 3 m/san-dən çox olması və onun qiymətinin ayrı-ayrı bölgələrdə 8 m/san-ə çatması ölkənin böyük külək enerjisi ehtiyatına malik olduğuna dəlalət edir. Respublikada fəal temperatur cəmi bəzi yerlərdə 4500°C-dən çox olduğundan onun isti ehtiyatları da yüksəkdir. Rütubət ehtiyatı orta illik yağıntıların miqdarının Qobustanda, Abşeron yarımadasında, Kür-Araz ovalığında, Arazboyu düzənliklərdə 300 mm-dən az, Böyük Qafqazın cənub yamacında 1400-1600 mm, Talışda 1700-1800 mm olması ilə səciyyələnir.
Azərbaycan Respublikası bitki ehtiyatlarının xeyli zənginliyi ilə fərqlənir. Burada 4500-dən çox ali sporlu və çiçəkli, yüzlərlə ibtidai bitki növü (bütün Qafqazın bitki aləminin 66%-i) məlumdur ki, bunların da 618-i endemik və relikt, 1300-dən çoxu dərman bitkiləridir. 140 bitki növü “Qırmızı kitab”a salınmışdır. Ölkəmizin heyvanlar aləmi ehtiyatları 101 məməli, 365 quş, 52 sürü­nən, 10 suda-quruda yaşayan, 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 dəniz qurdları (rotatorilər), 400 bitki parazitləri (fitohelmintlər), 1200 heyvan parazitləri (helmintlər), 1500-dən çox ibtidai (protozoa) növlərlə təmsil olunmuşdur. Bunlardan da 14 növ məməli, 36 növ quş, 5 növ balıq, 13 növ amfibiya və reptiliya 40 növ həşarat “Qırmızı kitab”a salınmışdır.
Azərbaycan Respublikasının torpaq ehtiyatları müxtəlif torpaq tipləri, yarımtipləri və növlərindən ibarət boz və qonur, şabalıdı, qaratorpaq, sarı və qleyli-podzollu, dağ-meşə, dağ-çəmən, dağ-tundra torpaq kompleksləri ilə təmsil olunmuşdur. Burada ümumi torpaq ehtiyatlarının 4919423 ha-ı dövlət, 205093 ha-ı bələdiyyə, 1670990 ha isə xüsusi mülkiyyət torpaqlarıdır (Məmmədov, 2012).
Azərbaycan Respublikasının su ehtiyatları (təqribən 31 mlrd. m3) mənbələrinin əsas ünsürünü təşkil edən hidroqrafik şəbəkənin 8350 çayından 490-nın uzunluğu 10 km-dən çoxdur və onun sıxlığı ərazi üzrə qeyri-bərabər paylanmışdır. Sıxlığın dağlıq ərazilərdə ən yüksək kəmiyyəti Talış zonasının alçaq dağlıq qurşağında (0.84 km/km2), ən aşağı kəmiyyəti isə Abşeron-Qobustan zonasında və Qarabağ vulkanik yaylasında (0.30 km/km2 ) müşahidə edilir; onun respublika üzrə orta qiyməti 0.39 km/km2-ə bərabərdir. Ölkədə çoxunun sahəsi 0,1 km2-dən az olan 250-dək göl, müxtəlif sahəli 60-dan çox su ambarı , ümumi uzunluğu 92 min km-dən çox suvarma və kollektor –drenaj kanalları vardır. Buzlaqların ümumi sahəsi 7 km2-dən, çoxillik qarların sahəsi 20 km2-dən, bataqlıqların sahəsi isə 570 km2 -dən çoxdur (Рустамов, Кашкай, 1989).
Böyük karbohidrogen ehtiyatlarına malik Azərbaycan Respublikası həm də müxtəlif metal (dəmir, alüminium, civə, qızıl, manqan, mis, qurğuşun, sink, mərgümüş, kobalt, xrom, molibden və s.), qeyri-metal (daşdüz, seolit, bentonit, opsidian, barit, dolomit, gips, firuzə, əqiq, heliotrop, islandiya şpatı və s.), qeyri-ənənəvi yanacaq (təbii bitum, yanar şistlər və s.), yeraltı sular (mineral, ter-mal, şirin), inşaat və üzlük daşı materialları (qum, gil, çınqıl, əhəng daşı, mərmər, travertin, qranit və s.) və s. kimi faydalı qazıntı təzahür və yataqları ilə zəngindir (Абдуллаев и др. 1962; Геология….2005).
Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və ekoloji bərpası, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məqsədi ilə ümumi sahəsi 600000 ha-dan çox olan 38 xüsusi qorunan ərazilər, o cümlədən ümumi sahələri 124000 ha olan 7 milli park, 194000 ha olan 14 dövlət qoruğu və 295000 ha olan 19 dövlət təbiət yasaqlığı yaradılmışdır. Bununla yanaşı 2047-dən çoxəsrlik ağac, 30-dək meşə sahəsi, 60-dan çox geoloji, paleontoloji obyekt, mineral bulaqlar və palçıq vulkanları dövlət tərəfindən qorunan təbiət abidələri siyahısına salınmışdır (İsmayılov, Salmanov, 2007).
Turizm sənayesinin ən perspektivli sahələrindən olan ekoturizm diqqətəlayiq tarixi, mədəni, arxeoloji və memarlıq-irsi abidələri ilə yanaşı təbiəti öyrənmək, təbiətlə və onun fauna-flora aləmi və maraqlı obyektləri ilə tanışolmaq məqsədi daşıdığından turizmin həmin vacib sahəsinin inkişafında ölkənin təbiəti, xüsusilə təbiət abidələri mühüm əhəmiyyət kəsb edir. Respublikamızın təbii ehtiyyatlarla xeyli zənginliyi ekoturizmin təşəkkülünün və beləliklə də ölkənin dayanıqlı inkişafının təmin edilməsində geniş potensial imkanlara malik olduğuna dəlalət edir (Xəlilov, 2008 a).
Təbii ehtiyatların ən maraqlı və mühüm tərkib hissəsini təşkil edən öz bənzərsiz və diqqətəlayiq zahiri görünüşü ilə nəzəri cəlb edən, mühüm estetik, elmi və əməli əhəmiyyətə malik təbiət abidələri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı onlar Yerin dərinliklərində və səthində müxtəlif vaxtlarda baş verən təbii hadisələrin canlı şahidləri olmaqla Yerin inkişaf tarixinin öyrənilməsində mühüm informasiya daşıyıcısı rolu oynayır.
Azərbaycan Respublikası ərazisində təbiət abidələri olduqca müxtəlif və çoxsaylıdır. Onlar canlı və cansız olmaqla bitki, heyvan, qaya, süxur, mineral, faydalı qazıntı, su mənbələri, mənzərə və başqa təbiət ünsürlərini əhatə edən və şərti olaraq bioloji (fauna-flora) və geoloji (paleontoloji, mineragenik, geomorfoloji, hidroloji, landşaft və s.) növlərə ayrılan təbiət abidələridir (Халилов, 2009 а).
Ölkəmizin təbiət abidələri kompleksində müxtəlif mənşəli və estetik baxımdan daha maraqlı və ekoturizmin inkişafında böyük potensial imkanlara malik olan geoloji təbiət abidələri mühüm yer tutur. Burada həmin abidələrin geniş spektri fauna-flora “qəbiristanlığı” ilə yanaşı göllər, şəlalələr, mineral bulaqlar, faydalı qazıntı yataqları, minerallar, süxur kompleksləri, prizmatik bazalt sütunları, lava örtük və axınları, ekstruziv günbəzlər, maqmatik və palçıq vulkan konusları, şlak konusları, vulkan krater və kalderləri, nəhəng çökmə süxur massivləri, ofiolit assosiasiyası, zəlzələ yerləri və uçqun qaymaları, travertin “daş şəlalələri”, stratotipik kəsilişlər, tektonik strukturlar, antesedent və kanyonvarı çay dərələri, karst (klassik karst, klastokarst, psevdokarst) mağaraları, denudasiyon aşınma (eol, eroziya, abraziya və s.) nəticəsində əmələ gəlmiş ekzotik qaya və torpaq piramidaları və s. ilə təmsil olunmuşdur. Bu abidələrin bəziləri (Göyəzən, İlandağ ekstruziv gümbəzləri, Padar antesedent dərələri, Düzdağ stratotipik kəsilişi, Binəqədi fauna-flora “qır qəbiristanlığı” Naftalan neftli, bəzi palçıq vulkanları, Göygöl və s.) YUNESKO-nun dövlət tərəfindən mühafizəsi zəruri olan və ümumdünya tarixi-mədəni diqqətəlayiq yerlər və təbiət abidələri irsi siyahısına salınmaq üçün qoyulan tələblərə cavab verən abidələrdir (Хəlilov, 1995, 2006 və s.).
Respublika ərazisində dəniz heyvanları və eləcə də bitki qalıqlarının Maykop əsri çöküntülərində aşkar edilmiş Pirəköşkül, Üçüncü dövr onurğalı fauna-larının toplandığı Eldar, Dördüncü dövr kontinental fauna və floranın basdırıldığı Binəqədi və s. qazıntı yataqları diqqətəlayiq və nadir geoloji-paleontoloji abidələrdəndir. Abşeron yarımadasının mərkəzində neftin öz-özünə yer səthinə çıxaraq əmələ gətirdiyi və “suvat” rolunu oynamış “göldə” heyvan və quşların eləcə də həşəratların və bitki qalıqlarının toplanması nəticəsində dünyanın bu növdən olan ən zəngin Binəqədi adlı “qır qəbiristanlığı” təbiət abidəsi yaranmışdır. Neft orqanizmləri çürüməkdən qismən mühafizə etmiş və onların qalıqlarının yaxşı saxlanmasına səbəb olmuşdur. Hazırda həmin qalıqlara əsasən ölkə ərazisində geoloji keçmişdə mövcud olmuş təbii-coğrafi şərait bərpa edilmiş, canlı aləmi və ümumiyyətlə bölgənin təbii şəraiti haqqında tam təsəvvür yaratmaq mümkün olmuşdur.
Azərbaycan Respublikası dünyada ən nadir və möcüzəli Naftalan müalicə neftinin, istismar quyularından birbaşa “ağ neft” (kerosin) hasil olunan neft yatağının, Avropada ən iri Zəylik alunit, Filizçay polimetal yataqlarının vətənidir. Onun ərazisində firuzə yatağı, vezuvian, andaluzit, rutil, turmalin və s. kimi nadir mineral kristalları, xalsedonun ən az yayılmış növü olan heliotrop yatağı məlumdur.
Ölkənin ən maraqlı təbiət abidələrindən biri də “yanan yer” fenomenidir. Təbii qazın tektonik çatlarla, palçıq vulkanları və buruq quyuları vasitəsilə yer səthinə çıxaraq yanması nəticəsində son dərəcə təsirli və möcüzəli mənzərə yaranır (diyarımızın “Odlar yurdu” epiteti də elə buradan yaranmışdır). Belə abidələrə Abşeron yarımadasında (Yanardağ, Suraxanı), Böyük Qafqazda (Qızıl-qaya, Hamamdağ və s.) və başqa yerlərdə təsadüf olunur.
Respublika ərazisində bir çox əlamətdar geoloji abidələr Mezokaynazoy (Yura dövründən Holosenədək) maqmatizmi ilə əlaqədardır. Onlar burada çoxlu sayda ekstruziv günbəzlər, lava axın və örtükləri, vulkan konusları, kalder və kraterləri, intruziv massivləri və s. ilə təmsil olunmuşlar.
Maqmatik mənşəli bəzi formaların geoloji təbiət abidələri mahiyyəti onların sütünvarı ayrılmaları, süxurların özlərinin qeyri-adiliyi və mürəkkəb assosiasiya təşkil etmələri ilə əlaqədardır. Bu baxımdan, ərazidə geniş yayılmış ofiolit süxurları, eləcə də lava axın və örtüklərində əmələ gəlmiş və səciyyəvi görünüşü ilə nəzəri cəlb edən 5 və 6 üzlü prizmavari sütunlar xüsusi maraq doğurur.
Respublika ərazisində geoloji təbiət abidələrinin tektonik-litoskultur analoqları onların çoxlu sayda növ müxtəlifliyi ilə təmsil olunmuşdur. Bunların arasında tağ hissəsi denudasiyaya uğramış Bibiheybət yaxınlığındakı Bakı qulağı antiklinal qırışığı, karbonatlı süxurlardan təşkil olunmuş sinklinal-horst quruluşlu Şahdağ, Qızılqaya, Şuşa, Qırxqız, Kəpəz, Düzdağ, Nehrəm, Darıdağ və s. plato və qaya-dağlar, Araz, Tərtər, Qudyal,Arpa, Gilan çaylarının kanyonvari, Girdiman və başqa çayların antesedent dərələri və s. xüsusilə əlamətdardır.
Respublikamız təbiətin çox az yayılmış geoloji abidələrindən sayılan palçıq vulkanlarının vətənidir –Yer kürəsində belə vulkanların məlum yarısına qədəri və ən möhtəşəmləri ölkəmizin ərazisində olmaqla, burada yerüstü basdırılmış, sualtı, sönmüş, fəal növlərlə və eləcə də balneoloji xassəli məhsulla təmsil olunmuşdur. Neft-qaz yataqlarından ayrılan qazların təsiri ilə Yer səthinə neft, qaz və su qarışıqlı palçıq kütləsi (brekçiya) püskürən bu vulkanlar Abşeron yarımadasında, Qobustanda və Xəzər dənizində və başqa yerlərdə yayılmışdır. Onların bəziləri (Lökbatan, Ayrantökən, Kənizədağ və s.) dövlət tərəfindən qorunan təbiət abidələri siyahısına salınmışdır.
Respublika ərazisində geoloji təbiət abidələrinin ən cazibədar növlərindən biri də litoskulptur abidələrdir. Onlar köklü ̶ ana süxurların və kontinental çöküntülərin aşınma və denudasiyaya məruz qalması nəticəsində dağılması ilə əlaqədar olaraq əmələ gəlmiş ekzogen-destruktiv proseslərin şahidləridir. Litoskulptur abidələrin ən bariz nümunələri burada əhəng və qumdaşılarında əmələ gəlmiş “daş quş”, “daş kamerton”, “sfinks” görünüşlü ekzotik qayalar, kontinental (allüvial, prolüvial, flüvioqlyasial və s.) çöküntülərdə - “torpaq piramidaları” kimi ekzotik formalar, vulkanik və karbonatlı çökmə süxurlarda - “şəhər və qəsr xarabaqlıqları”, karst, psevdokarst və klastokarst relyef formaları (mağara, quyu, bedlend və s.) ilə təmsil olunmuşdur. Ölkənin dağlıq bölgələrində karbonatlı süxurlar geniş yayıldığından burada müxtəlif yerüstü karst formaları ilə yanaşı, onların yeraltı formaları- mağaralar da geniş yayılmışdır.
Bakı platosunu Qobustan təbii zonasından ayıran və antiklinal quruluşlu strukturun yerində, əsasən, eol denudasiyası nəticəsində əmələ gəlmiş Yasamal dərəsi də litoskulptur abidələrin klassik nümunəsi hesab olunur. Naxçıvan Muxtar Respublikası ərazisində tuflu qumdaşıları və tuflu konqlumert süxurlarında əmələ gəlmiş çoxlu sayda bu növ təbiət abidələri daha möhtəşəm və əlamətdardır (Халилов, Садыхова, 2013 а, б; 2014 а, б).
Respublika ərazisində çökmə, vulkanik və vulkanik-çökmə süxurlarda aşkar edilmiş kəsilişlərlə təmsil olunmuş nadir stratiqrafik geoloji abidələr mövcuddur. Onların bu məzmunu süxurların Paleozoydan Pleystosen də daxil olmaqla müasir çöküntülərədək fasiləsiz açılışı (Arpa çayın dərəsi), Dördüncü dövr çöküntüləri ilə Neogen çöküntülərinin sərhədinin müəyyən edilməsi (Duzdağ, Bakı qulağı stratotipik kəsilişləri), süxurların yaşının dəqiqləşdirilməsi (Qazax çökəkliyində vulkanik süxurların istinad kəsilişləri) və s. ilə əlaqədardır.
Mühüm yeraltı termal, şirin və mineral su ehtiyatlarına malik respublikanın yerüstü hidrogeoloji təbiət abidələri çoxlu sayda isti və soyuq, süfrə və balneoloji mineral su mənbələri ilə təmsil olunmuşdur. Onların bəziləri yer qabığının dərin qatları və maqmatik kütlələrlə əlaqədar olduqundan isti və qaynar fəvvarələr şəklində təzahür edir. Bununla yanaşı, Qalaaltı (Naftusu), Darıdağ, İstisu və s. kimi nadir müalicə mineral su bulaqları daha əlamətdardır. Dağ çayları, dərələrində onların kəsib keçdiyi morfostrukturların struktur –litoloji xüsusiyyətlərindən asılı olaraq çoxlu sayda şəlalələr əmələ gəlmişdir. Vulkan kraterlərinin, karst boşluqlarının, buzlaq karlarının su ilə dolması, uçqun və sürüşmə materiallarının çayın qabağını kəsməsi, səthin tektonik çökməsi və s. nəticəsində əmələ gəlmiş göllərin arasında yüksək dağ gölləri (Batabat, Qazançı, Qanlı göl, Alagöllər və s.) daha cazibədar və maraqlıdır – göllər şahı Göy-göl isə misilsizdir.
Aşağıda Azərbaycan Respublikası ərazisində geniş yayılmış geoloji təbiət abidələrinin bəziləri haqqında qısa məlumat şərh olunur.


İlandağ ekoturizm günbəzi
Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində Əlincə çayının sol sahilində yerləşir. Neogen dövrünün Erkən Pliosen əsrində Naxçıvan törəmə muldasını Ordubad sinklinoriumundan ayıran dərinlik tektonik qırılması boyu fəaliyyət göstərmiş vulkan püskürməsi nəticəsində əmələ gəlmiş andezitdasit tərkibli ekstruziv günbəzdir. Mütləq yüksəkliyi 2114 m, sıldırım yamaclı qayalıq hissəsinin nisbi hündürlüyü 800 m-dən çox, oturacağının diametri təqribən 2000 m-dir. Dağın ümumi gövdəsinin hündürlüyü təqribən 1000 m, diametri 3000 m, düzənliyin səthindən isə nisbi hündürlüyü 1200 m-dən çoxdur. İlandağ ekstruziv günbəzi maqmatik vulkanizmin təzahür forması kimi elmi, zahiri görünüşünə və morfoloji kəskinliyinə görə isə yüksək estetik əhəmiyyətə malikdir. Dünyada mövcud olan analoji geoloji abidələrin ən möhtəşəm və nadir nümunəsidir. Günbəzi təşkil edən süxurların petroloji xüsusiyyətləri və püskürmənin xarakteri ilə əlaqədar olaraq zirvəsi denudasiyon aşınma prosesi nəticəsində haça şəklində ikiyə parçalandığına və kənardan ağzını ayırmış ilanı xatırlatdığına görə İlandağ toponiminin etimologiyasını bu amillə izah edirlər. Naxçıvanın və bütövlükdə ölkəmizin yenilməzlik və mərdlik simvoluna çevrilmiş sirlərlə dolu ecazkar ekstruiziv nəhəng vaxtilə alınmaz qala rolunu oynamışdır.

Papaqdaş petroskluptur ekzotik qayası
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, Naxçıvan çayının sol sahilində, Zəngəzur silsiləsinin cənub yamacında yerləşir. Papaqlı göbələyə oxşadığından bu adı almış petroskluptur ekzotik qaya Paleogen dövrünün Orta Eosen əsri vulkanizmin məhsullarından təşkil olunmuşdur. Qayanın sütun hissəsinin hündürlüyü təqribən 2 m, diametri 40 sm, papaq hissəsinin diametri 1,5 m, qalınlığı 50 sm-dir. Papaqdaşı təşkil edən və onun ətrafında yayılmış süxurların struktur-petroloji xüsusiyyətlərinə əsasən güman etmək olar ki, bu ecazkar qaya vulkanın eksploziv püskürmələrinin məhsulu olan piroklassik lava qatının əvvəlcə erozion-denudasion parçalanması, sonralar isə eol-defilyasion aşındırılması nəticəsində əmələ gəlmişdir. Qayanın sütunu üzərindəki girdə formalı süxur qayması (papaq) ətraf süxurlardan nisbətən denudasiyaya daha çox davamlı olan və burada tez-tez rast gəlinən vulkan bombasından ibarətdir. Yekcins olmayan vulkanik piroklastik lava və tufların selektiv flüvial və eol denudasiyanın klassik nümunəsini təcəssüm etdirən və heyrətamiz görkəmi ilə nəzəri cəlb edən bu ecazkar ekzotik qaya mühüm ekoturizm obyekti mahiyyəti kəsb edir. Papaqdaşın bu keyfiyyətləri ilə yanaşı onun pir kimi müqəddəs ziyarətgaha çevrilməsi bu möcüzəvi qayanın mühafizə olunmasını zəruri edir.

Göyəzən eksturiziv günbəzi
İlandağla yanaşı morfoloji kəskinliyi və əzəməti ilə daha əlamətdardır. Bu, nadir və heyrətamiz geoloji təbiət abidəsi Qazax rayonu ərazisində, Kiçik Qafqazın şimal-şərq yamacında Coğaz çayının (Ağstafa çayının sol qolu) sol sahilindədir. Göyəzən sözü şəffaf toponim kimi “göyə ucalan, göyə üzən” mənasında anlaşılır. Bəzən onu XI-XIII əsr ərəb və gürcü mənbələrində adıçəkilən Kaozin, Kaozian, Kavazin və Qəvazin qala adları ilə eyniləşdiriblər. Çox güman ki, həmin sözlər qədim türk dillərində “göyə sığınan” mənasını verən “Göyəsin” qala adının transformasiya olunmuş variantıdır. Göyəzən dağını təşkil edən liparit porfiritlərin laylılığının və flüidal teksturunun günbəzin içərisinə doğru yönəlmiş olduğunu nəzərə alaraq onu yelpikvari ekstrizivlərə aid edirlər. Göyəzən təqribən 85 mln. il bundan əvvəl Mezazoy erasının Tabaşir dövründə (Santon əsri) Qazax çökəkliyinin mərkəzi hissəsində mövcud olmuş çox güclü püskürmə mərkəzinin yerində əmələ gəlmişdir. Müasir Göyəzən dağı o zaman vulkanın boğazının yerüstü hissəsində bərkimiş və nisbi hündürlüyü 500 m-dək olan lava günbəzini, vulkanın özü isə Tetis okeanında mövcud olmuş çox-saylı adlardan birini təşkil etmişdir. Dənizin reqressiya və transqressiyaları za-manı səviyyəsinin dövri olaraq qalxıb-enməsi nəticəsində bəzən qayota (sualtı ada) çevrilmiş ada dalğaların abraziyası təsirinə məruz qalmış, zirvəsi hamar-lanmış və aşınaraq dağılmışdır. Sonralar dəniz geriyə çəkildikcə aşınmaya daha davamsız süxurlar yuyulub aparılmış və Göyəzən adlı ecazkar “göydələn” əmələ gəlmişdir. O, nisbi hündürlüyü 250 m (mütləq hündürlüyü 858 m) və diametri 200 m-dək olan sıldırım yamaclı qaya simasında düzənliyə basdırılmış nəhəng daş sütunu xatırladır. Göyəzəni başqa bənzərlərindən fərqləndirən cəhətlərdən biri də günbəzin gövdəsində müxtəlif hündürlüklərdə mağaraların olmasıdır. Karst mağaralarından fərqli olaraq klastokarst (psevdokarst növü) adlanan bu mağaralar onu təşkil edən qatı lava kütləsinin Yer səthinə qalxdığı zaman içərisinə düşən kənar süxur parçalarının (ksenolitlərin) sonralardan yuyulub aparılması nəticəsində əmələ gəlmişdir. Bununla yanaşı Göyəzənin ətrafında qədim (antik) dövrlərə aid dairəvi siklopik qala divarları qalıqlarının aşkar edilməsi və bilavasitə günbəzin dibində, yamaclarında və zirvəsində qala və dini-məişət tikililəri, gözətçi qülləsi və kazarma binaları qalıqlarının, pilləkən izlərinin mövcudluğu onun möhtəşəm müdafiə kompleksinin mərkəzi kimi çox mühüm hərbi-strateji əhəmiyyətə malik olduğunu göstərir.

Padar darvazaları antesedent dərələri
Azərbaycan Respublikası ərazisində ən maraqlı geoloji abidələrdən biri də “Padar darvazaları” adı ilə məşhur olan antesedent dərələrdir. Öz “darvazaları” ilə nadir təbiət abidəsi olan Qaraməryəm tirəsinin Padar qolu Ağsu-Göyçay yolundan cənubda düzənliyin ortasında gözlənilmədən zühur etməsi ilə nəzəri cəlb edir. Tirə sanki Girdiman çayını bəndə salmaq üçün onun qabağına köndələninə qoyulmuş uzunluğu 13 km-ə, nisbi hündürlüyü 300 m-ə (mütləq hündürlüyü 371 m) çatan və 7 yerindən mişarlanmış nəhəng oxlova və ya batona bənzəyir.
Tirə Bakı və Xəzər əsrlərinin çaydaşı və gillicələrindən (allüvial və prolüvial) təşkil olunmuş antiklinal quruluşlu qırışıqlar silsiləsindən ibarətdir. Onu kəsən dərənin ən yüksək və qədim terrasının Erkən Xvalın yaşlı olması müəyyən edilmişdir. Deməli, Girdiman çayının hələ xvalın əsrindən əvvəl formalaşmış gətirmə konusunu kəsib keçən axarları (qolları) Xəzər əsrinin axırlarına qədər düzənlikdən maneəsiz axıb keçmişlər. Xvalın əsrindən etibarən çayın gətirmə konusundan cənubda, onun axarlarının qarşısında düzənliyi təşkil edən çöküntülər antiklinal zolaq şəklində qalxmağa başlayır və ilk vaxtlar axarlar böyüməkdə olan tirəni “mişarlayıb” keçməyə müvəffəq olur (tirənin qalxma sürəti axarların dərininə kəsilməsi sürəti ilə kompensasiya olunur). Sonralar çayın bəzi axarları tirəni kəsib keçməkdə davam edirlərsə də bəziləri buna macal tapa bilmədiyindən istiqamətləri dəyişilərək, ilkin dərələrini tərk edirlər. Odur ki, antesedent dərələrin tirəni özülünə qədər tam kəsmədikləri yerlərdə asılı dərələr əmələ gətirirlər. “Canlı” tektonikanın “canlı” şahidləri olan Padar darvazaları dünyada antesedent dərələrin ən nadir, klassik və unikal nümunələri kimi mühüm əhəmiyyət kəsb edir.

Azıx karst mağarası.
Azərbaycan Respublikası ərazisində karstlaşan süxurlar geniş yayıldığından ölkəmizin çoxlu sayda karst relyef formaları əmələ gəlmişdir. Demək olar ki, bütün dağlıq bölgələrində rast gəlinən Karst boşluqlarının ən diqqətəlayiq və maraqlı növləri ilə təmsil olunmuş və dövlət tərəfindən təbiət abidəsi kimi qorunan Kilit (Ordubad r-nu), Azıx, Böyük Tağlar (Xocavənd r-nu), Xan Mağarası, Qahal (Şuşa r-nu), Qara İnək (Daşkəsən r-nu), Divlər sarayı (Cəbrayıl r-nu), Damcılı, Avey (Qazax r-nu), Qalaaltı (Şabran r-nu), Xaşı (Quba r-nu) mağaralarının ən möhtəşəmi və məşhuru Azıx mağarasıdır.
Azıx (qədim türk dillərində ayı deməkdir) mağarası Xocavənd rayonu ərazisində Azıx kəndinin cənubunda, Quru çayın dərəsinin sol sahilində, onun dibindən 200 m, dəniz səviyyəsindən isə 900 m hündürlükdə. Üst Yura yaşlı əhəngdaşı süxurlarında əmələ gəlmişdir. İki üfüqü girişli mağara hündürlüyü 20 m-dək və ümumi uzunluğu 250 m, sahəsi 8 min m2-dən çox olan 6 salondan ibarətdir. Bir-biri ilə dar keçidlərlə birləşən salonların ən böyüyü olan 3-cü salonun sahəsi 104 m2-dir. Mağarada çoxlu sayda stalaqtit və stalaqmitlər vardır. Salonun bəzilərinin döşəməsi qalın zınq (quş peyini-quano) qatı ilə örtülmüşdür.
Azıx mağarası aşkar edilmiş arxeoloji tapıntılarla da məşhurdur və onların qədimliyinə və elmi əhəmiyyətinə görə dünyanın ən nadir insan düşərgələ-rindəndir. Mağarada qədim daş dövrünə (şell-aşell) aid ocaq yerləri, məişət əşyaları, heyvan sümükləri qalıqları və s. ilə zəngin qalın mədəni təbəqənin mövcudluğu və 250 min il yaşı olan insanın (azıxantropun) alt çənə sümüyünün tapılması Azərbaycanın çox qədim insan məskənlərindən biri olduğuna dəlalət edir.
Azərbaycan Respublikasının müxtəlif xassəli təbii ehtiyatlarının ən dəyərli tərkib hissəsi olan və turizm obyektlərini təcəssüm etdirən nadir geoloji təbiət abidələri ilə zəngin olması ekoturizmin tərəqqisinin və beləliklə də regionların dayanıqlı inkişafının təmin olunması baxımından onun geniş potensial imkanlarına malik olduğuna dəlalət edir. Odur ki, təbiət abidələrinin hərtərəfli və kompleks öyrənilməsi və tədqiqatın nəticələrinin monoqrafik şəkildə ümumləşdirilməsi mühüm elmi və əməli əhəmiyyət kəsb edir.